Nur ayəsi
Ayənin adı | Nur |
---|---|
Yerləşdiyi surə | Nur surəsi |
Ayənin nömrəsi | 35 |
Cüz | 18 |
Mövzu | Etiqadi |
Barəsində | Allahı göylərin və yerin nuru kimi tanıtmışdır. |
Nur ayəsi (آية النور) (Nur, 35) Allahı göylərin və yerin nuru kimi tanıtmış, bu nurun göylərə və yerə necə işıq saçdığını və möminləri doğru yola yönəltməkdəki rolunu misal şəklində izah edir.
Təfsirçilər bu ayədəki nur kəlməsini hidayət edən, varlıq bəxş edən, aydınladan və zinətverici mənasında təfsir etmiş və onun üçün Quran, iman, ilahi hidayət, Peyğəmbər (s) və şiə imamları kimi nümunələr qeyd ediblər.
Bəzi təfsir və rəvayətlərdə bu ayə Peyğəmbər (s) və Əhli-beytə (ə) şamil edilmişdir.
Ayənin mətni və tərcüməsi
اللَّهُ نُورُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ مَثَلُ نُورِهِ كَمِشْكَاةٍ فِيهَا مِصْبَاحٌ ۖ الْمِصْبَاحُ فِي زُجَاجَةٍ ۖ الزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌ دُرِّيٌّ يُوقَدُ مِنْ شَجَرَةٍ مُبَارَكَةٍ زَيْتُونَةٍ لَا شَرْقِيَّةٍ وَلَا غَرْبِيَّةٍ يَكَادُ زَيْتُهَا يُضِيءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ ۚ نُورٌ عَلَىٰ نُورٍ ۗ يَهْدِي اللَّهُ لِنُورِهِ مَنْ يَشَاءُ ۚ وَيَضْرِبُ اللَّهُ الْأَمْثَالَ لِلنَّاسِ ۗ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
Allah göylərin və yerin nurudur (onları nurlandıran, onların əhalisini doğru yola yönəldən və onların işlərini idarə edəndir). Onun nurunun (din və kitabının) məsəli içində çox işıqlı bir çıraq olan çıraqqabı kimidir. Həmin çıraq şüşənin içindədir və o şüşə ulduz kimi parlaq və nurludur. O çıraq (məkan baxımından) nə (günəşin əsr çağı saçdığı) şərqə, nə də (sübh çağı saçdığı) qərbə məxsus olmayan (əksinə günəşin həmişə saçdığı bir məkanda olan) çox bərəkətli bir zeytun ağacından (onun yağı ilə) yanır. Onun yağı hətta ona od toxunmasa belə, (saflıq və şəffaflıqdan) az qalır işıq saçsın. (Yağın, çırağın, şüşənin və çıraqqabının nuru) bir-birinin üstünə yığılmış nurlardır (yəni Allahın nur olması təsəvvür olunmaz dərəcədə yüksəkdir). Allah istədiyini (xüsusi hidayət ilə) Öz nuruna (dininə) tərəf yönəldir. Allah insanlara misallar çəkir. Allah hər bir şeyi biləndir.[1]
(Nur surəsi, ayə 35)
Ayənin məzmunu
"Nur" ayəsindən əvvəlki ayələrdə əmrlər, xüsusilə iffət və pisliklərlə mübarizədən bəhs edilmişdir. "Nur" ayəsi də bu ayələrlə əlaqəli nazil olmuşdur;[2] Çünki Allahın bütün hökmlərinin həyata keçirilməsinin, xüsusən də cinsi əlaqədən çəkinməyin zamini imandır və buna görə də "Nur" ayəsində ilahi hidayət nurundan bəhs edilmişdir.[3] "Nur" ayəsi sonrakı ayələrlə birlikdə möminlərlə (Allahın nuru ilə hidayət olanlar) kafirlərin (sıx zülmətlərdə olanlar) arasında müqayisə etmək məqamındadır.[4] Təfsirçilər "Nur" ayəsinin məfhumu və kəlmələrinin mənası, ilahi nurun nümunə və təcəlliləri, ayənin məzmununun Allaha nisbət verilməsi haqqında müxtəlif fikirlər söyləmişlər. Əllamə Təbatəbai "nur" sözünün ilkin və məruf mənasına əsaslanaraq onu başqa nəsnələri zahir etdirən bir şey hesab edir, lakin o özü, mahiyyətcə aydın və aşkardır və başqa heç bir şey onu zahir etmir; Yəni nur zati olaraq özü zahir olan və başqa bir şeyləri zahir edəndir. Həmçinin ikinci dərəcəli mənada nur, hiss olunan şeyləri aşkar edən hər şeyə deyilir; Bu səbəbdən də insanın xarici hissləri olan eşitmə, qoxu və toxunma, eləcə də məntiqə uyğun şeyləri təzahür etdirən ağıl kimi hiss olunmayan məsələlər nur adlanır.[5]
Təfsirçilər ayənin (Allah Nur əs-Səmavat və əl-Arza) əvvəlindəki “nur” kəlməsini hidayət edən,[6] nurlandıran, zinətverici[7] və varlıq bəxş edən[8] mənasında təfsir ediblər. Həmçinin digər ayə və rəvayətlərə diqqət yetirməklə Quran,[9] iman,[10] ilahi hidayət,[11] İslam Peyğəmbəri (s),[12] şiə imamları[13] və elm[14] "nur" ayəsinin nümunə və təcəlliləri kimi qəbul edilmişdir.[15]
Bu ayədə Allahın yerin və göyün nuru olduğunu bildirdikdən sonra Allahın nurunu misal şəklində ifadə etmişdir. Bu misalda Allahın nuru, içində nur olan şamdana bənzədilir və o nur bir ulduz kimi aydın və parlaq bir çıraqqabıya yerləşdirilir. O çıraq nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacının yağı ilə alışdırılır.[16] Təfsirçilər bu misalı izah edərkən müxtəlif fikirlər irəli sürmüşlər. Bəziləri bu bənzətmənin mənasını möminlərin qəlbində alovlanmış ilahi hidayət və elmin nuru hesab edir, bəziləri isə insanın qəlbini nurlandıran Quran mənası kimi təfsir etmişlər. Bəziləri bu bənzətmənin İslam Peyğəmbərinin (s) şəxsiyyətinə, başqa bir qrup isə yaxşılıq və xoşbəxtlik mənbəyi olan itaət və təqva ruhuna işarə etdiyini bildirirlər.[17]
Əllamə Təbatəbaiyə fikrinə əsasən, "Nur" ayəsinin mənası budur ki, Allah öz nuruna doğru kafirləri deyil, imanları tam olanları hidayət edir; Ayənin mənası o deyil ki, bəzilərini öz nuruna hidayət edib, digərlərini məhrum etsin.[18] Həmçinin ayənin "Və yəzribullahul-əmsalə linnası" ifadəsi də bu məqama işarə edir ki, geniş elm misal şəklində bəyan olunmuşdur. Çünki misal çəkmək, dəqiq həqiqətləri və məqamları izah etməyin ən asan yoludur. Habelə hər kəs (alim və savadsız) öz ağıl və idrakına uyğun olaraq ondan bəhrələnir.[19]
Ayənin Peyğəmbər (s) və Əhli-beytə (ə) tətbiq edilməsi
Bəzi təfsirlərdə hədislərə istinad edilərək, "Nur" ayəsi Peyğəmbərin (s) ailəsinə şamil edilmişdir. Bu təfsirlərdə "mişkat" (çıraqqabı) Həzrət Məhəmmədin (s) və ya Həzrət Fatimənin (s) qəlbinə, şüşə İmam Əliyə (ə) və onun qəlbinə, "nurun əla nur" ifadəsi isə bir-birinin ardınca gələn, elm və hikmət nurunu təsdiqləyən şiə imamlarına tətbiq edilmişdir.[20]
Şeyx Səduq "Tövhid" kitabında İmam Sadiqdən (ə) nəql edir ki, Allah "Nur" ayəsini Əhli-beytə işarə etmək üçün bir misal qərar vermişdir. Bu rəvayətdə Peyğəmbər (s) və imamlar (ə) Allahın dəlil və ayələri kimi tanıtdırılmışdır. Elə ki, insanlar onun vasitəsi ilə tövhidə dini məsəhətlərə, İslam şəriətinə və Allahın qanun və vaciblərinə doğru hidayət olur.[21] Əllamə Təbatəbai bu rəvayəti onun ən üstün nümunələrinə işarə etməsi kimi qiymətləndirmişdir ki, bunlar Allah Rəsulu (s) və onun Əhli-beytidir (ə); Amma onun fikrincə, ayə peyğəmbərlər, vəsilər və övliyalar kimi qeyri-Əhli-beytə (ə) də şamil olur.[22]
Monoqrafiyalar
Nur ayəsinin şərhi və təfsirində bəzi əsərlər yazılmışdır:
- Molla Sədra tərəfindən yazılmış Nur ayəsi
- "Nur" ayəsinin təfsiri və şərhində Qəzzalinin yazdığı "Mişkatul-Ənvar"
İstinadlar
- ↑ Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.15, s.121; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.14, s.470
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.14, s.470
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.15, s.120
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.15, s.122
- ↑ Təbərani, Təfsirul-Quranil-Əzim, m. 2008, c.4, s.433; Bəhrani, Əl-Burhan, h.ş 1374, c.4, s.66
- ↑ Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.23, s.379
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.15, s.122-123
- ↑ Maidə surəsi, ayə 15; Əraf surəsi, ayə 157
- ↑ Bəqərə surəsi, ayə 257
- ↑ Ənam surəsi, ayə 122
- ↑ Əhzab surəsi, ayə 46
- ↑ Səduq, Mən la yəhzuruhul-fəqih, h.q 1413, c.2, s.613, 615
- ↑ İbn Həyyun, Dəaimul-İslam, h.q 1385, c.1, s.419
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.14, s.471-472
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.14, s.475-476
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.7, s.225-227; Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.23, s.386-387
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.15, s.126
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.15, s.125
- ↑ Hüveyzi, Nurus-səqəleyn, h.q 1415, c.3, s.603; Məclisi, Biharul-ənvar, h.q 1403, c.23, s.306
- ↑ Səduq, Ət-Təvhid, h.q 1398, s.157
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.15, s.141
Ədəbiyyat
- İbn Həyyun, Numan ibn Məhəmməd, Dəaimul-İslam, Qum, h.q 1385
- Bəhrani, Seyyid Haşim ibn Süleyman, Əl-Burhan, Qum, Besət müəssisəsi, h.ş 1374
- Hüveyzi, Əbdu Əli ibn Cümə, Nurus-səqəleyn, Düzəliş:Haşim Rəsuli, Qum, İsmailiyyan, h.q 1415
- Səduq, Məhəmməd ibn Əli, Ət-Təvhid, Düzəliş:Haşim Rəsuli, Qum, Came müdərrisin, h.q 1398
- Səduq, Məhəmməd ibn Əli, Mən la yəhzuruhul-fəqih, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, İslami nəşriyyat, h.q 1413
- Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, h.q 1390
- Təbərani, Süleyman ibn Əhməd, Təfsirul-Quranil-Əzim, İordaniya, m. 2008
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, h.ş 1372
- Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Beyrut, h.q 1420
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1371