Uzun ayəsi
Ayənin adı | Uzun ayəsi - Təsdiq ayəsi |
---|---|
Yerləşdiyi surə | Tövbə |
Ayənin nömrəsi | 61 |
Cüz | 10 |
Nazil olma səbəbi | Münafiqlər tərəfindən İslam peyğəmbərinin (s) əziyyət olunması |
Nazil olma məkanı | Mədinə |
Mövzu | Əxlaqi |
Barəsində | Cəmiyyət rəhbərinin müsbət xüsusiyyətləri, insanların abırını qoruyub saxlamaq |
Sair | Üsuli-fiqhdə işlənməsi (Vahid xəbərin höccət olması) |
Uzun ayəsi və ya təsdiq ayəsi (ərəbcə: آية الأذن) Peyğəmbərin (s) cəmiyyətdəki insanların sözlərini dinləməsinin onlar üçün xeyirli olduğunu göstərir. Baxmayaraq ki, bəzi insanlar bu məsələdən sui-istifadə etdilər. Bu ayə Peyğəmbəri (s) öz sözləri ilə incidən və onu tez inanan adlandıran bəzi münafiqlər haqqında nazil olmuşdur.
Təfsirçilərin fikrincə, Peyğəmbərin (s) "uzun" ayəsində xalqın sözlərinə diqqət etməsi və qayğı göstərməsi cəmiyyətin rəhbəri üçün müsbət sifətdir ki, bu da xalqın izzət və hörmətini qoruyur və cəmiyyətin birliyinə səbəb olur. Bu ayənin təfsirində həmçinin deyilir ki, İslam Peyğəmbəri (s) hörmətsizliyin qarşısını almaq üçün hər kəsin sözünə qulaq asardı və zahirən onları inkar etməzdi. Digər tərəfdən, əməl baxımından yalnız Allahın əmrlərinə və həqiqi möminlərin sözlərinə diqqət yetirmişdir.
Üsuli-fiqhdə bu ayəyə vahid xəbərin höccət olmasını (səhihliyini) sübut etmək üçün istinad edilmişdir.
Ayənin tanıtımı, mətni və tərcüməsi
Tövbə surəsinin 61-ci ayəsi "uzun" ayəsi və ya təsdiq ayəsi kimi tanınır.[1] Bu ayədə "uzun" sözü hər sözü eşidən və qəbul edən insana işarədir.[2] Bu ayənin məzmununa görə, münafiqlər Allah Rəsulunu (s) "qulaq" (hər bir kəsin sözünü qəbul edən) adlandırırdılar və demək istədikləri odur ki, o həzrət tez inanan və üzr qəbul edəndir.[3]
«وَمِنْهُمُ الَّذِينَ يُؤْذُونَ النَّبِيَّ وَيَقُولُونَ هُوَ أُذُنٌ قُلْ أُذُنُ خَيْرٍ لَكُمْ يُؤْمِنُ بِاللَّهِ وَيُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَرَحْمَةٌ لِلَّذِينَ آمَنُوا مِنْكُمْ وَالَّذِينَ يُؤْذُونَ رَسُولَ اللَّهِ لَهُمْ عَذَابٌ أَلِيمٌ»
"Onların bəziləri Peyğəmbəri incidir və o (başdan-başa) qulaqdır (hər bir kəsin sözünü qəbul edir)! deyirlər. De: O, sizin üçün yaxşı bir qulaqdır, (bütün danışıqlarında) Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizdən iman gətirənlər üçün bir rəhmətdir. Allahın Peyğəmbərini incidən kəslər üçün ağrılı bir əzab olacaqdır"[4]
(Tövbə, ayə 61).
Ayənin nazil olma səbəbi
"Uzun" ayəsi İslam Peyğəmbərini (s) sözləri ilə incidən bəzi münafiqlər haqqında nazil oldu. Bəziləri xəbərin Peyğəmbərə (s) çatmasından və onları cəzalandırmasından qorxaraq çəkindirirdilər. Bu zaman Cəlas ibn Suveyd və bəzi rəvayətlərə görə Nəbtəl ibn Hərs adlı şəxs dedi ki, biz Məhəmməd (s) haqqında nə istəsək deyirik, sonra onun yanına gedib and içirik və o, üzrümüzü qəbul edir. Çünki Peyğəmbər (s) "uzun"dur (tez inanandır).[5] Bu ayə ilə bağlı başqa nazil olma səbəbləri də qeyd edilmişdir.[6]
Peyğəmbərin (s) cəmiyyətdəki insanlara qarşı xeyirxahlığı
Əllamə Təbatəbainin dediyinə əsasən, bu ayədə "xeyir" sözünə "uzun" kəlməsinin əlavə edilməsi, Peyğəmbərin (s) sizin üçün xeyirli olanı eşitməsi mənasınadır. O, bir tərəfdən insanlar üçün xeyirli olan Allahın vəhyini eşidir, digər tərəfdən də müsəlmanların xeyirxahlığını eşidir ki, bu da sizin üçün xeyirlidir. Həmçinin onun fikrincə, ayəni elə məna etmək olar ki, Peyğəmbər (s) yalnız sizə fayda verən və sizin üçün xeyirli olanı eşidər. Onun fikrincə, bu iki təfsir arasındakı fərq ondan ibarətdir ki, birinci mənanın tələbi budur ki, Peyğəmbərin (s) eşitdikləri şey xeyirlidir; çünki o, Allahdan vəhy, möminlərdən nəsihət və xeyirxahlıq eşidir. Amma ikinci ehtimalın tələbi budur ki, məzmunu yaxşı olmasa da, Peyğəmbəri (s) dinləmək yaxşıdır. Yəni, Peyğəmbər (s) yalnız danışana hörmət etmək üçün müsəlmanların xeyrinə olmayan bəzi sözlərə qulaq asır.[7] Əllamə Təbatəbaiyə görə, ayənin məzmununa ikinci təfsir daha uyğundur; çünki ayənin davamında «وَ يُؤْمِنُ لِلْمُؤْمِنِين» ifadəsi gəlib ki, bu da möminlərin təsdiq etmək mənasındadır. Zərərli xəbərlərdə belə möminlər üçün faydalı olanı təsdiq etmək və inanmaq budur ki, xəbəri dinləyən şəxs xəbəri deyil, xəbəri verəni təsdiq edir.[8]
Cəmiyyətin birliyi üçün insanların sirlərini saxlamaq
Nümunə təfsirində "uzun" olmaq cəmiyyət rəhbərlərinin, o cümlədən İslam Peyğəmbərinin (s) müsbət sifətlərindən biri kimi təqdim edilmişdir ki, bu da bir rəhbərin cəmiyyət üzvlərinə qarşı son dərəcə lütf və mərhəmətini göstərir. Belə ki, bunun nəticəsində insanların sirləri saxlanılır, pərdələr cırılmır və cəmiyyətin birliyi qorunur. Baxmayaraq ki, münafiqlər Peyğəmbərin (s) bu güclü cəhətini zəiflik hesab edirdilər.[9]
Ayətullah Məkarim Şirazinin fikrincə, eyb axtaranların Peyğəmbərin (s) yaxşı "uzun" (dinləyici) olmasından sui-istifadə etməməsi üçün Allah əlavə edir:
Peyğəmbər (s) Allaha və Onun əmrlərinə inanır və həqiqi möminlərin sözlərinə qulaq asır, onları qəbul edir və həyata keçirir. Onun fikrincə, Peyğəmbərin (s) iki cür planı var: Bir tərəfdən, zahiri görünüşü saxlamaq və hörmətsizliyin qarşısını almaq üçün hər kəsin sözünə qulaq asır və zahirən onları inkar etmir; Digər tərəfdən, əməl baxımından yalnız Allahın əmrlərinə və həqiqi möminlərin sözlərinə diqqət yetirmişdir.[10]
Münafiqlər üçün alçaldıcı bir əzab
Ayənin son hissəsində bu mətləbə işarə edir ki, münafiqlər öz sözləri ilə İslam Peyğəmbərini (s) incitsələr də, o, onları öz böyük qəlbi ilə rüsva etməkdən çəkinir. Amma bu o demək deyil ki, onlar yersiz hərəkətlərinə görə cəzalandırılmayacaqlar. Həqiqətdə, onlar Qiyamət günü alçaldıcı bir əzab dadacaqlar.[11]
Ayədən üsuli-fiqhdə istifadə edilməsi
Üsuli-fiqh elmində "uzun'' ayəsi, vahid xəbərin höccət olmasını (səhihliyini) sübut etmək üçün istinad edilən ayələrdəndir.[12] Ayənin bu hissəsinə «یؤْمِنُ بِاللهِ وَ یؤْمِنُ لِلْمُؤْمِنِینَ» əsasən, Allah möminlərin təsdiqini Peyğəmbərin (s) vasitəsi ilə Öz təsdiqi ilə eyni sırada qərar vermiş və bu əməli tərifləmişdir. Mömin şəxsin təsdiqinin tələbi budur ki,onun verdiyi xəbər də höccət və səhihdir. Odur ki, əgər ədalətli bir şəxs insana xəbər gətirərsə, onu təsdiq etmək lazımdır. Əlbəttə ki, bu istidlala (dədil gətirməyə) çoxlu iradlar edilib. Onların hamısından belə nəticə alınıb ki, bu şərafətli ayədən vahid xəbərin mötəbər olması istifadə edilmir.[13]
İstinadlar
- ↑ Axund Xorasani, Kifayətul-üsul, h.q 1409, s.301
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.8, s.15; Şah Əbdül-Əzimi, Təfsiru İsna əşəri, h.ş 1363, c.5, s.130
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.9 s.314
- ↑ Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
- ↑ Vahidi, Əsbabuz-nuzul, h.q 1411, s.254; Hüveyzi, Təfsiru Nuris-səqəleyn, h.q 1415, c.2, s.236
- ↑ Qumi, Təfsirul-Qumi, h.ş 1363, c.1 s.300; Fəxr Razi, Təfsirul-Kəbir, h.q 1420, c.16, s.89-90
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.9 s.314
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.9 s.314
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.8, s.15-16;
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.8, s.16
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.8, s.17
- ↑ Axund Xorasani, Kifayətul-üsul, h.q 1409, s.301
- ↑ Axund Xorasani, Kifayətul-üsul, h.q 1409, s.301; Şeyx Ənsari, Fəraidul-üsul, h.q 1419, c.1, s.291-292
Ədəbiyyat
- Qurani-Kərim
- Axund Xorasani, Məhəmməd Kazim, Kifayətul-üsul, Qum, h.q 1409
- Hüveyzi, Əbdu Əli ibn Cümə, Təfsiru Nuris-səqəleyn, Qum, İsmailiyyan, h.q 1415
- Şah Əbdül-Əzimi, Hüseyn, təfsiru İsna əşəri, Tehran, Miyqat, h.ş 1363
- Şeyx Ənsari, Mürtəza, Fəraidul-üsul, Qum, Məcməul-fikril-islami, h.q 1419
- Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, h.q 1390
- Fəxr Razi, Məhəmməd ibn Ömər, Təfsirul-Kəbir, Beyrut, h.q 1420
- Qumi, Əli ib İbrahim, Təfsirul-Qumi, h.ş 1363
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslami, h.ş 1371
- Vahidi, Əli ibn Əhməd, Əsbabuz-nuzul, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1411