Fitrət ayəsi
Ayənin adı | Fitrət |
---|---|
Yerləşdiyi surə | Rum |
Ayənin nömrəsi | 30 |
Cüz | 21 |
Nazil olma məkanı | Məkkə |
Mövzu | Etiqadi |
Barəsində | İnsanın dinə meylini fitri (zati) bir şey hesab olunması |
Sair | İslam dininin insan fitrəti ilə harmoniyası, dində mötədillik |
Fitrət ayəsi (ərəbcə: آية الفطرة) (Rum surəsi, ayə 30) insanın dinə meylini fitri (zati) bir şey hesab edir. Təfsirçilərin fikrincə, İslam dini, insan fitrətinə (xilqət və zat) uyğun olaraq göndərilmişdir. “Məcməul-Bəyan” təfsirində ayədə keçən “hənifə” sözü dində sabitqədən və əzmkar olmaq kimi məna edilib; Amma Seyyid Məhəmməd Hüseyn Təbatəbai bunun dində mötədillik mənasında olduğunu bildirib.
Hədislərdə tövhid fitrət nümunəsi kimi qəbul edilir. Həmçinin bəzi hədislərdə Allahı tanımaq, İslam və Vilayət kimi məsələlər fitrətin nümunələri kimi təqdim edilir. Əllamə Təbatəbai və Cavadi Amuli “fitrət” ayəsinə istinad edərək bütün bəşəriyyətin hidayət yolunu bir hesab etmişlər.
Ayənin mətni və tərcüməsi
Fitrət ayəsi Rum surəsinin 30-cu ayəsidir. Orada deyilir:
فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا ۚ فِطْرَتَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا ۚ لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
“(Ya Peyğəmbər!) haqqa tapınaraq ürəyini (qəlbini) bu dinə (İslam dininə) sarı döndər. Allah həmin fitri din əsasında insanları yaratmışdır. Allahın xilqətində əsla bir dəyişiklik ola bilməz (və Onun dinində də olmamalıdır). Sabit və möhkəm olan din budur. Lakin camaatın əksəriyyəti (bunu) bilmir”.[1]
Rum surəsi, ayə 30
Allahın dininə tam diqqət etmək
Seyid Məhəmmədhüseyn Təbatəbainin fikrincə, “fitrət” ayəsi özündən əvvəlki ayələrdən əldə edilən nəticəni ifadə edir. O yazır: “Əvvəlki ayələrdə insanların dirilməsi, məad və Allahın axirət dünyasında haqq-hesab çəkməsi sübut olunduğu üçün bu ayədə belə bir nəticəyə gəlinir ki, Allahdan üz döndərməmək və yalnız Onun göndərdiyi dinə riayət etmək lazımdır. Çünki yalnız o din ilahi yaradılış ilə uyğun gəlir.[2]
"Hənifə" sözünün mənası
Təbərsi “Məcməul-Bəyan” təfsirində “Hənifə” sözünü sabitqədəm olmaq və əzmkarlıq kimi məna etmişdir. Həmçinin bildirmişdir ki, ondan məqsəd dində möhkəm iradəli olmağımızdır. Yəni ondan üz döndərməyək və başqa dinə meyl etməyək.[3] Lakin Seyid Məhəmmədhüseyn Təbatəbainin fikrincə, bu söz dinin bərqərar olma yolunu ifadə edir və lüğət mənasına görə məqsəd budur ki, dindarlıqda mötədil olaq.[4]
Fitrət sözünün təfsiri
“Məcməul-Bəyan” təfsirinə görə, fitrətdən məqsəd tövhid və İslam dinidir ki, insanlar ona əsasən və ona əməl etmək üçün yaradılıblar. O, İslam Peyğəmbərindən (s) bir hədisə istinad edib ki, buyurur: “Hər kəs öz fitrətinə əsasən doğulur. Sonradan ata-anası onu yəhudi, xristian və ya zərdüşt edir”.[5] Şiə rəvayətlərinin çoxunda fitrətdən məqsədin tövhid olduğu bildirilmişdir.[6] Amma Allahı tanımaq, İslam və Vilayət kimi bəzi başqa məsələlər fitrətin nümunələri kimi təqdim edilir.[7]
Zürarə İmam Baqirdən (ə) nəql edir ki, “fitrətəllahilləti fətərənnasə ələyha” (həmin fitrət ki, Allah insanları onun əsasında yaradıb) cümləsindən məqsəd budur ki, Allah insanları Özünü tanımaq əsasında yaratmışdır. Əgər belə olmasaydı, insanlar öz Rəbblərinin və ruzi verənlərinin kim olduğunu bilməzdilər.[8] İbn Şəhr Aşubun “Mənaqib” kitabında da gəlib ki, İmam Rza (ə) İmam Sadiqdən (ə) belə nəql edir: “Bu ibarətdən məqsəd tövhid, Məhəmməd Peyğəmbərin (s) nübüvvəti və İmam Əlinin (ə) vilayətidir”.[9]
Hidayət yolu birdir
Əllamə Təbatəbai və Cavadi Amuli “fitrətəllahilləti fətərənnasə ələyha” (həmin fitrət ki, Allah insanları onun əsasında yaradıb) ifadəsindən belə nəticəyə gəliblər ki, insan xoşbəxtliyi üçün yalnız bir yol var.[10] Onların inancına görə, bu ifadəyə əsasən, İnsanın xüsusi fitrəti, yəni xüsusi varlıq yolu vardır. Bu da onu yaradılışı üçün nəzərdə tutulan məqsədə çatmağa lazım olan müəyyən yola yönəldir.[11] Necə ki, Quran ayələrinə əsasən, başqa məxluqlar da yaradıldıqları məqsədə hidayət olunurlar: [12]رَبُّنَا الَّذِي أَعْطى كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدى “Dedi: Bizim Rəbbimiz hər bir şeyə onun məxsus yaradılışını əta edən, sonra onu doğru yola yönəldəndir”.[13]
Digər tərəfdən, bütün insanların vahid növdən olduqlarını və eyni ümumi xüsusiyyətlərə malik olduqlarını nəzərə alsaq, onların xoşbəxtliyi üçün birdən çox yol yoxdur.[14]
İstinadlar
- ↑ Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.16, s.177
- ↑ Təbərsi, “Məcməul-Bəyan”, h.ş 1372, c.8, s.474
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.16, s.178
- ↑ Təbərsi, “Məcməul-Bəyan”, h.ş 1372, c.8, s.474
- ↑ Bəhrani, Əl-Burhanu fi təfsiril-Quran, h.q 1426, c.4, s.341-dən 345-ə qədər
- ↑ Bəhrani, Əl-Burhanu fi təfsiril-Quran, h.q 1426, c.4, s.341-dən 346-ya qədər
- ↑ Səduq, Tövhid, h.q 1398, c.330
- ↑ İbn Şəhr Aşub, “Mənaqib”, h.q 1379, c.3, s.101
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.16, s.179; Cavadi Amuli, Fitrət, h.ş 1392, s.151
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.16, s.178; Cavadi Amuli, Fitrət, h.ş 1392, s.151
- ↑ Taha surəsi, ayə 50
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.16, s.178
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.16, s.179; Cavadi Amuli, Fitrət, h.ş 1392, s.152
Ədəbiyyat
- Qurani-Kərim
- İbn Şəhr Aşub Mazandarani, Məhəmməd ibn Əli, “Mənaqib”, Qum, Əllamə, 1-ci çap, h.q 1379
- Bəhrani, Seyyid Haşim, Əl-Burhanu fi təfsiril-Quran, Bunyade besət, 1-ci çap, h.q 1426
- Cavadi Amuli, Abdullah, Fitrət, h.ş 1392
- Səduq, Məhəmməd ibn Əli, Tövhid, Qum, Təhqiq: Haşim Hüseyni, Came müdərrisin, 1-ci çap, h.q 1398
- Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, Dəftəre enteşarate İslami, 5-ci çap, h.q 1417
- Təbərsi, Fəzl ibn Həsən, “Məcməul-Bəyan”, Tehran, Nasir Xosrov, 3-cü çap, h.ş 1372