Təhəddi ayələri
- Bu məqalə Təhəddi ayələri haqqındadır. Bu məfhumla tanışlıq üçün "Təhəddi" adlı məqaləyə baxın.
Ayənin adı | Təhəddi ayələri |
---|---|
Yerləşdiyi surə | Tur (34), Qəsəs (49), İsra (88), Hud (13), Yunis (38), Bəqərə (23) |
Cüz | 1, 11, 12, 15, 20, 27 |
Mövzu | Quranın möcüzəsi |
Barəsində | Təhəddi |
Təhəddi ayələri (ərəbcə: آيات التحدي) (rəqib və mübariz tələb etmək) Quranın altı ayəsindən ibarətdir ki, İslam Peyğəmbərini (s) inkar edənləri Quran və ya onun bir hissəsinə bənzəyən bir kitab gətirməyə dəvət edir. Ayələrin bəziləri bütün Quran, bəziləri on surə, bəziləri isə bir surə gətirmələri ilə təhəddi (mübarizəyə dəvət) edirlər.
Bəzi təfsirçilərin fikrincə, Quranla təhəddi etmək mərhələli şəkildə və çətindən asana doğru baş vermişdir. Yəni, bütün Quranla təhəddi (mübarizəyə dəvət) etməklə başlayıb və bir surə vasitəsilə təhəddi etməklə sona çatmışdır. Amma bəziləri Quran ayələrinin nazil olma sırasının bu mərhələli şəkildə olmaqla zidd olduğuna inanırlar.
Quranla təhəddi etmək anlayışı
Təhəddi etmək rəqibin bacarıqsızlığını aşkara çıxartmaq üçün onu mübarizəyə çağırmaq və ondan Quran kimi bir kitab gətirmək istənilmişdir.[1] Təhəddi etmək Quran elmlərində[2] və İslam kəlamında[3] bir termindir və möcüzənin şərtlərindəndir.[4] Buna əsasən, peyğəmbərlər öz peyğəmbərliklərini inkar edənləri mübarizəyə çağırırdılar ki, onların möcüzələri kimi bir möcüzə gətirsinlər.[5]
Quranda Quranın möcüzə olduğunu və Peyğəmbərin (s) peyğəmbərliyini sübut etmək üçün inkar edənlər mübarizəyə dəvət edilmiş və onlardan istənilmişdir ki, əgər Quranın Allah tərəfindən olduğuna inanmırlarsa, onun kimisini gətirsinlər.[6] Buna Quranla təhəddi etmək deyilir.[7]
Quranda təhəddi (mübarizəyə dəvət) etməyin növləri
Quran altı ayədə mübarizəyə dəvət etmişdir ki, bunlara təhəddi ayələri deyilir.[8] Bu ayələr üç qismə bölünür: Üç ayədə bütün Quran, bir ayədə on surə və iki ayədə, yalnız bir surə gətirmək ilə mübarizəyə dəvət edilir.
Bütün Quranla təhəddi etmək
Qurani-Kərimin üç ayəsində bütün Quranla mübarizəyə dəvət edilmişdir:
- “Tur” surəsinin 34-cü ayəsi: «فَلْيَأْتُوا بِحَدِيثٍ مِثْلِهِ إِنْ كَانُوا صَادِقِينَ» - “Əgər (Peyğəmbərin (s) müxalifləri və kafirlər) doğru deyirlərsə, qoy onlar bunun (bu Quran) kimi bir kəlam gətirsinlər!”.[9]
- “Qəsəs” surəsinin 49-cu ayəsi: «قُلْ فَأْتُوا بِكِتَابٍ مِّنْ عِندِ اللهِ هُوَ أَهْدَىٰ مِنْهُمَا أَتَّبِعْهُ إِن كُنتُمْ صَادِقِينَ» - “(Ya Rəsulum!) De: “Əgər (siz müxaliflər və kafirlər) doğru deyirsinizsə, Allah dərgahından bu ikisindən (Qurandan və Tövratdan) daha doğru yol göstərən bir kitab gətirin, mən də ona tabe olum!”.[10]
- “İsra” surəsinin 88-ci ayəsi: «قُلْ لَئِنِ اجْتَمَعَتِ الْإِنْسُ وَ الْجِنُّ عَلی أَنْ یأْتُوا بِمِثْلِ هذَا الْقُرْآنِ لا یأْتُونَ بِمِثْلِهِ وَ لَوْ کانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهیراً» - “(Ya Peyğəmbərim!) De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər”.[11]
On surə gətirmək ilə mübarizəyə dəvət etmək
“Hud” surəsinin 13-cü ayəsində kafirlər dəvət olunublar ki, əgər bacara bilsələr, Quranın surələrinə bənzər on surə gətirsinlər: « أَمْ یقُولُونَ افْتَراهُ قُلْ فَأْتُوا بِعَشْرِ سُوَرٍ مِثْلِهِ مُفْتَرَیاتٍ وَ ادْعُوا مَنِ اسْتَطَعْتُمْ مِنْ دُونِ اللَّهِ إِنْ کُنْتُمْ صادِقینَ» - “Yoxsa (müşriklər): “Onu (Quranı) özündən uydurdu!” -deyirlər. (Onlara) de: “Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın”.[12]
Bir surə gətirmək ilə mübarizəyə dəvət etmək
Quranın iki ayəsində bir surə gətirmək ilə mübarizəyə dəvət olunur:
- “Yunis” surəsinin 38-ci ayəsi:«أَمْ یقُولُونَ افْتَراهُ قُلْ فَأْتُوا بِسُورَةٍ مِثْلِهِ وَ ادْعُوا مَنِ اسْتَطَعْتُمْ مِنْ دُونِ الله إِنْ کُنْتُمْ صادِقینَ» - “Yoxsa: “(Peyğəmbər) onu özündən uydurdu!” - deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona (Qurana) bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da (köməyə) çağırın!”.[13]
- “Bəqərə” surəsinin 23-cü ayəsi: «وَإِن كُنتُمْ فِي رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلَىٰ عَبْدِنَا فَأْتُوا بِسُورَةٍ مِّن مِّثْلِهِ وَادْعُوا شُهَدَاءَكُم مِّن دُونِ اللهِ إِن كُنتُمْ صَادِقِينَ» - “Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər (“bu, bəşər kəlamıdır” sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın!”.[14]
Quran təfsirçisi Abdullah Cavadi Amulinin fikrincə, Quranın bir ayə gətirmək ilə mübarizəyə dəvət etməməsinin səbəbi budur ki, “mudhammatan” və “sad” kimi Quran ayələrinin bəzilərinin bir, iki və ya daha çox hərfdən ibarət müqəttəə (qısaldılmış) hərflər olmasıdır. Bu halda Quranın nəzərdə tutduğu onun möcüzə və haqq olmasının sübut etmək olan mübarizəyə dəvət etmək isbat olmaz.[15]
Ayələrin nazil olma ardıcıllığı
Bəzi təfsirçilər hesab edirlər ki, təhəddi edən ayələrin nazil olması nizamlı ardıcıllığa əsaslanır və Qurana bənzər kitabın gətirilməsinin istənilməsi çətindən asana doğru olmuşdur.[16] Bu formada ki, əvvəlcə Allah Quranı inkar edənləri bütün Quran kimi bir kitab gətirməyə dəvət etdi. Amma onlar bunu bacarmadılar. Sonra onlardan istədi ki, əgər edə bilirlərsə, Quran surələrinə bənzər on surə gətirsinlər. Amma yenə də bacara bilmədilər. Sonra üçüncü mərhələdə onları Qurana bənzər bir surə gətirməyə dəvət etdi.[17]
Bu fikrin əksinə olaraq, bəzi tədqiqatçılar deyirlər ki, Quranın nazil olma sırası və bu barədə nəql olunan rəvayətlər, təhəddi ayələrinin nizamlı bir ardıcıllıqla nazil olmadığını, pərakəndə şəkildə və müxtəlif münasibətlərdə nazil olduğunu göstərir.[18]
İstinadlar
- ↑ Bir qrup yazıçı, Şərhul-mustələhatil-kəlamiyyə, h.q 1415, s.64
- ↑ Cəvahiri, Vakavi təhəddi dər Quran və nəqde məntiqe tənəzzoli, s.112
- ↑ Bir qrup yazıçı, Şərhul-mustələhatil-kəlamiyyə, h.q 1415, s.64
- ↑ Baqillani, Ecazul-Quran, h.q 1421, s.161
- ↑ Muəddəb, Ecaze Quran dər nəzəre Əhli-sünnət, h.ş 1379, s.17
- ↑ Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.1, s.481
- ↑ Mühəqqiq Səbzəvari, Əsrarul-hikəm, h.ş 1383, s.472
- ↑ Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.1, s.481
- ↑ Tur surəsi, ayə 34
- ↑ Qəsəs surəsi, ayə 49
- ↑ İsra surəsi, ayə 88
- ↑ Hud surəsi, ayə 13
- ↑ Yunis surəsi, ayə 38
- ↑ Bəqərə surəsi, ayə 23
- ↑ ردّ بر شبهه تجربه نبوی بودن قرآن (farsca)
- ↑ Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.2, s.383
- ↑ Həssas, Əhkamul-Quran, h.q 1405, c.1, s.34
- ↑ Behcətpur, Bərresiye seyre tənəzzoli ayate təhəddi, s.77; Behcətpur, Təfsire tənəzzoli, h.ş 1392, s.344
Ədəbiyyat
- Qurani-Kərim
- Baqillani, Əbubəkr, Ecazul-Quran, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1421
- Behcətpur, Əbdülkərim və Zəhra Behcətpur, Bərresiye seyre tənəzzoli ayate təhəddi, 1394
- Behcətpur, Əbdülkərim, Təfsire tənəzzoli, Qum, h.ş 1392
- Həssas, Əhməd ibn Əli, Əhkamul-Quran, Təhqiq:Məhəmməd Sadiq Qəmhavi, Beyrut, h.q 1405
- Bir qrup yazıçı, Şərhul-mustələhatil-kəlamiyyə, Məşhəd, Astane qodse Rəzəvi, h.q 1415
- Cəvahiri, Seyyid Məhəmməd Həsən, Vakavi təhəddi dər Quran və nəqde məntiqe tənəzzoli, h.ş 1395
- Xürrəmşahi, Bəhauddin, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377
- Zəməxşəri, Mahmud, Əl-Kəşşaf, Beyrut, Darul-kitabil-ərəbi, h.q 1407
- Muəddəb, Seyyid Rza, Ecaze Quran dər nəzəre Əhli-sünnət, Qum, Əhsənul-hədis, h.ş 1379
- Mühəqqiq Səbzəvari, Məhəmməd Baqir, Təhqiq: Kərim Feyzi, Əsrarul-hikəm, h.ş 1383