Məzmuna keç

Taslim:Peyğəmbərin (s) peyğəmbərliyə göndərilməsi

wikishia saytından

Peyğəmbərin (s) peyğəmbərliyə göndərilməsi, (ərəbcə: البعثة) yəni Allah tərəfindən Peyğəmbər olaraq İslam dininə dəvət etmək üçün seçilməsi deməkdir. Həzrət Məhəmməd (s) 40 yaşında, Həra mağarasında peyğəmbərliyə seçildi. Bu hadisə İslam dininin başlanğıcı və Hicaz bölgəsində bütpərəstliyin sonunun başlanğıcı hesab olunur. Peyğəmbərə (s) nazil olan ilk ayələr “Ələq” surəsinin ilk ayələri idi. Daha sonra “Müddəssir” surəsinin başlanğıc ayələri nazil oldu ki, bu ayələr Peyğəmbərə (s) ayağa qalxmağı və dəvətə başlamasını əmr edirdi.

Şiə məzhəbinin ardıcıllarının nəzərinə görə Peyğəmbərin (s) peyğəmbərliyə seçildiyi gün Rəcəb ayının 27-si olmuşdur. Bu səbəbdən şiə mədəniyyətində bu gün “Məbəs bayramı” kimi qeyd olunur və müxtəlif şənliklər təşkil edilir.

Tanıtım və əhəmiyyəti

Peyğəmbərin (s) peyğəmbərliyə göndərilməsi, Allahın onu insanlara İslam dinini təbliğ etmək üçün seçməsi və göndərməsi deməkdir.[1] Bu hadisə möminlər üçün Allahın ən böyük nemətlərindən biri sayılır. Təfsirçilərin dediyinə görə Quran ayələrində, o cümlədən “Ali-İmran” surəsinin 164-cü ayəsində də bu barədə bəhs edilmişdir.[2] Bu ayənin bir hissəsində belə gəlib: “Şübhəsiz, Allah möminlərin boynuna onlara (mələklərdən və cinlərdən deyil) özlərindən Onun ayələrini onlara oxuyan, onları paklaşdıran və onlara (səmavi) kitabı, şəriət hökmlərini və əqli maarifi öyrədən bir peyğəmbər göndərən zaman haqq qoydu”. Bu mövzuya toxunan digər ayələr bunlardır: “Maidə” surəsi, 19-cu ayə; “Fəth” surəsi, 28-ci ayə; “Cümə” surəsi, 2-ci ayə.[3]

Besət zamanı Ərəbistan yarımadasında vəziyyət

Cəfər Sübhaninin yazdığına görə, Peyğəmbərin (s) peyğəmbərliyə seçildiyi dövrdə Hicaz bölgəsində əsas din bütpərəstlik idi. Mədinədə az sayda yəhudi, Nəcran bölgəsində isə xristianlar yaşayırdı.[4] Bundan əlavə, çox az sayda insan tövhidə inanırdı ki, onlara “həniflər” deyilirdi.[5] Peyğəmbər (s) də bu müvəhhidlərdən biri idi.[6] Ayətullah Məkarim Şirazi “Nəhcül-Bəlağə”nin 89-cu xütbəsinə verdiyi şərhdə bildirilir ki, Peyğəmbərin (s) peyğəmbərliyə seçilməsi əvvəlki peyğəmbərlərdən 500–600 il sonra baş vermişdir.[7] O, bu xütbəyə istinad edərək həmin dövrün mədəni və ictimai vəziyyətini belə təsvir edir: Cəmiyyət xaos içində idi, mənasız müharibələr geniş yayılmışdı, xalq arasında ağır yoxsulluq hökm sürürdü, təhlükəsizlik yox idi və pis əməllər — məsələn, uşaqların öldürülməsi və haramların istifadəsi — geniş yayılmışdı.[8]

Peyğəmbərliyin başlanğıcı

Tarix tədqiqatçısı Pişvayi bildirir ki, Peyğəmbər (s) peyğəmbərliyə seçilməzdən əvvəl ona qeyb aləmindən sirlər aşkar olurdu və qulağına qeybi mesajlar çatırdı.[9] Tarix tədqiqatçısı Məhəmməd Hüseyn Rəcəbi İmam Hadidən (ə) nəql edilən rəvayətə istinadə edərək deyib ki, Peyğəmbər (s) vəhy gəlməzdən əvvəl Həra mağarasına gedər, göylərdə Allahın qüdrət və mərhəmət nişanələrini müşahidə edərək Onun böyüklüyü üzərində düşünər və ibadət edərdi.[10] Tarixçilərin yazdığına görə, Peyğəmbər (s) Həra mağarasında olarkən Cəbrail ona nazil oldu və “Ələq” surəsinin ilk ayələrini nazil edərək peyğəmbərliyin başlanğıcını bildirdi.[11] Beləliklə, Peyğəmbər (s), peyğəmbər olaraq göndərildi.[12] Bundan sonra “Müddəssir” surəsinin ilk ayələri nazil oldu və Peyğəmbər (s) İslam dininə dəvətini ev mühitindən başladı. Ona ilk iman gətirənlər Həzrət Xədicə (s), İmam Əli (ə)Zeyd ibn Harisə oldular.[13]

Peyğəmbərlə (s) vəhy mələyinin ilk söhbəti

Bəzi tarixçilər Peyğəmbərlə (s) Cəbrailin ilk söhbətini Peyğəmbərin (s) öz dilindən nəql etmişlər. Məhəmməd İbrahim Ayəti yazır ki, birinci və ikinci hicri əsr tarixçisi İbn İshaq belə rəvayət etmişdir:

“Allahın Rəsulu buyurdu: Yatmışdım, Cəbrail ipəkdən bir yazı ilə yanıma gəldi və dedi: “Oxu!” Dedim: “Mən oxumağı bacarmıram”. O məni elə sıxdı ki, ölüm halına düşdüyümü zənn etdim. Sonra məni buraxdı və yenə dedi: “Oxu!” Dedim: “Mən oxumağı bacarmıram”. Yenə məni sıxdı. Sonra buraxdı və dedi: “Oxu!” Dedim: “Nə oxuyum?” Bu sözləri yalnız ondan qurtulmaq üçün dedim ki, bir daha məni belə sıxmasın.
O dedi: “Oxu! (Bu kitabı bütün məxluqatı) yaradan Rəbbinin adı ilə, O, insanı (Adəm övladını) laxtalanmış qandan yaratdı. Oxu (və tərəddüd etmə) ki, sənin Rəbbin (bütün kərimlərdən) daha kərimdir. (O səni oxuma-yazma bilməsən belə oxuda bilər). O (Rəbbin) ki, (bəşərə) qələm vasitəsilə elm öyrətdi. İnsana bilmədiyini öyrətdi”.[14]
Sonra mən bu ayələri oxudum. O məni buraxdı və yanımdan ayrıldı. Yuxudan oyandım. Elə bil bu ayələr qəlbimə yazılmışdı. Mağaradan çıxdım və dağların arasına çatanda göydən bir səs eşitdim: “Ey Məhəmməd! Sən Allahın peyğəmbərisən və mən Cəbrailəm”.[15]


Peyğəmbərin (s) peyğəmbərliyə seçildiyi il və gün

Hira mağarası — Mək­kədə yerləşən Nur dağında, Peyğəmbərin (s) vəhy aldığı yerdir.

İslam tarixi və şiə məzhəbi üzrə mütəxəssis Seyid Cəfər Mürtəza bildirir ki, əksər tarixçilərin fikrinə görə, Peyğəmbər (s) 40 yaşında peyğəmbərliyə seçilmişdir.[16] O cümlədən bu fikri Yaqubi (vəfatı: 3-cü əsr) də təsdiqləyir və deyir ki, Peyğəmbər (s) 40 yaşı tamam olduqda peyğəmbər seçilmişdir.[17] Bununla belə, başqa vaxtlar da qeyd olunub. Məsələn, İbn İshaqın (1–2-ci hicri əsrlərində yaşamış) “Sirə” kitabında 40 yaşla yanaşı, Peyğəmbərin (s) 43 yaşında peyğəmbərliyə seçildiyinə dair bir rəvayət də yer alır.[18] Başqa bir görüşə görə isə bu hadisə 45 yaşında baş vermişdir.[19]

Şiə məzhəbində məşhur olan görüşə görə, Peyğəmbər (s) 27 Rəcəb günü peyğəmbərliyə seçilmişdir.[20] Sünni məzhəbində isə bu hadisənin Ramazan ayında baş verdiyi bildirilir.[21] Təbəri tarixinə əsasən sünnilər arasında bu ayın hansı günündə baş verdiyi ilə bağlı fikir ayrılığı olduğu qeyd olunur.[22] Yaqubi və Məsudi (4-cü əsr tarixçisi) isə bu iki baxışla fərqli bir görüş irəli sürür və Peyğəmbərin (s) Rəbiül-əvvəl ayında peyğəmbərliyə seçildiyini bildirirlər.[23]

Şiə mədəniyyətində peyğəmbərlik hadisəsinin yeri

Bu hadisə şiə mədəniyyətində “Məbəs bayramı” kimi tanınır və 27 Rəcəb günü münasibətilə bayram tədbirləri keçirilir. Bu gün İran[24] və İraqın bəzi bölgələrində[25] rəsmi tətil günüdür.

İstinadlar

  1. Hairi, Besət, s.275
  2. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.875; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.3, s.157-158; Fəzlullah, Min vəhyil-Quran, h.q 1439, c.3, s.461
  3. «برخى آيات مربوط به رسالت و بعثت پيامبر(ص)», Qurani-Kərimə məxsus internet adresi
  4. Sübhani, Furuğe əbədiyyət, h.ş 1385, s.63
  5. Sübhani, Furuğe əbədiyyət, h.ş 1385, s.64
  6. Sübhani, Furuğe əbədiyyət, h.ş 1385, s.205
  7. Məkarim Şirazi, Peyame Əmirəl-Möminin (ə), h.ş 1386, c.3, s.618
  8. Məkarim Şirazi, Peyame Əmirəl-Möminin (ə), h.ş 1386, c.3, s.618-624
  9. Pişvayi, Tarixe İslam əz cahiliyyət ta rihləte peyambəre İslam (s), h.ş 1382, s.127 və 128
  10. Rəcəbi, Tarixe əsre besət, h.ş 1384, s.68
  11. Sübhani, Furuğe əbədiyyət, h.ş 1385, s.215
  12. Ayəti, Tarixe payembəre İslam, h.ş 1369, s.85-86
  13. Ayəti, Tarixe payembəre İslam, h.ş 1369, s.89
  14. Ələq surəsi, ayələri 1-5
  15. Ayəti, Tarixe payembəre İslam, h.ş 1369, s.85-86
  16. Əl-Amili, Əs-Səhihu min siyrətin-Nəbiyyil-əzəm, h.q 1426, c.2, s.289
  17. Yaqubi, Tarixul-Yaqubi, Daru sadir, c.2, s.22
  18. İbn İshaq, Siyrətu İbn İshaq, h.q 1398, c.1, s.134
  19. Əl-Amili, Əs-Səhihu min siyrətin-Nəbiyyil-əzəm, h.q 1426, c.2, s.289
  20. Əl-Amili, Əs-Səhihu min siyrətin-Nəbiyyil-əzəm, h.q 1426, c.2, s.290; Ayəti, Tarixe payembəre İslam, h.ş 1369, s.83
  21. Ayəti, Tarixe payembəre İslam, h.ş 1369, s.84
  22. Təbəri, Tarixut-Təbəri, m. 1879, c.2, s.44
  23. Ayəti, Tarixe payembəre İslam, h.ş 1369, s.83; Yaqubi, Tarixul-Yaqubi, Daru sadir, c.2, s.22
  24. «لایحه قانونی تعیین تعطیلات رسمی کشور»
  25. النجف تعطّل الدوام الیوم بمناسبة المبعث النبوی, aghdadtoday.news

Ədəbiyyat

  • النجف تعطّل الدوام الیوم بمناسبة المبعث النبوی, aghdadtoday.news, 2.7.2024
  • «برخى آيات مربوط به رسالت و بعثت پيامبر(ص)», Qurani-Kərimə məxsus internet adresi, h.ş 1404
  • «لایحه قانونی تعیین تعطیلات رسمی کشور», h.ş 1359
  • Ayəti, Məhəmməd İbrahim, Tarixe payembəre İslam, Tehran, Tehran universiteti, h.ş 1369
  • Əl-Amili, Seyid Cəfər Mürtəza, Əs-Səhihu min siyrətin-Nəbiyyil-əzəm, Qum, Darul-hədis, h.q 1426
  • Fəzlullah, Məhəmməd Hüseyn, Min vəhyil-Quran, Beyrut, Darul-milak, 3-cü çap, h.q 1439
  • Hairi, Seyid Mehdi, Besət, Dər daneşnameye dairətul-məarife təşəyyö, c.3, Qum, Səid Muhibbi, h.ş 1380
  • İbn İshaq, Məhəmməd ibn İshaq, Siyrətu İbn İshaq, Beyrut, h.q 1398
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 10-cu çap, h.ş 1371
  • Məkarim Şirazi, Nasir, Peyame Əmirəl-Möminin (ə), Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.ş 1386
  • Pişvayi, Mehdi, Tarixe İslam əz cahiliyyət ta rihləte peyambəre İslam (s), Qum, Nəhade numayəndegiye Məqame Muəzzəme Rəhbəri dər daneşqahha, Dəftəre nəşre məarif, h.ş 1382
  • Rəcəbi, Məhəmməd Hüseyn, Tarixe əsre besət, Qum, Mərkəze Amuzeşe elektroniki daneşqahe Quran və hədis, h.ş 1384
  • Sübhani, Cəfər, Furuğe əbədiyyət; Təcziye və təhlile kamili əz zendegiye payembəre Əkrəm (s), Qum, Bustane kitab, 21-ci çap, h.ş 1385
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixut-Təbəri, Beyrut, m. 1879
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Tehran, Nasir Xosrov, 3-cü çap, h.ş 1372
  • Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixul-Yaqubi, Beyrut, Daru sadir, tarixsiz