Səələ sail ayəsi

wikishia saytından
(Numan ibn Haris Fəhri səhifəsindən yönləndirilmişdir)
Səələ sail ayəsi
Ayənin adıVaqe olacaq əzab ayəsi
Yerləşdiyi surəMəaric
Ayənin nömrəsi1 və 2
Cüz29
Nazil olma səbəbiNuman ibn Haris Fəhrinin Qədir-Xum hadisəsində İmam Əlinin (ə) canişinliyinin elan edilməsinə etirazı
Nazil olma məkanıMədinə


Səələ sail ayəsi (ərəbcə: آية سأل سائل) və ya vaqe olacaq əzab ayəsi (Məaric surəsi, ayə 1 və 2) kafir bir şəxsin Allahdan əzab istəməsindən bəhs edir. Təfsirçilərin sözlərinə görə, bu istəkdən sonra əzab istəyən şəxsin başına göydən daş düşüb və o, ölüb.

Şiə təfsirçiləri bu ayənin nazil olma səbəbini Numan ibn Haris Fəhrinin Qədir-Xum hadisəsində İmam Əlinin (ə) canişinliyinin elan edilməsinə etirazı hekayəsi hesab etmişlər. Sələfilərin rəhbəri İbn Teymiyyə Qədir-Xum hadisəsi ilə bağlı bu ayənin nazil olmasına şübhə ilə yanaşmışdır. “Məaric” surəsinin Məkki olduğu və qeyd olunan hekayənin məşhur olmaması iddiası da onun dəlillərindəndir.

Əllamə Təbatəbai İbn Teymiyyəyə cavab olaraq deyib ki, qeyd olunan ayələrin məzmunu Məkki surələri ilə uzlaşsa da, bu surənin münafiqlər və zəkatın vacibliyi ilə bağlı digər ayələri Mədəni surələrin ayələrinə uyğundur. Buna görə də, “Sələ sail” ayəsi də Mədəni ayədir. Əllamə Əmini “Əl-Qədir” kitabında bu ayənin Mədəni olmasının məşhurluğunu sübut etmək üçün otuz məşhur sünni aliminin sözünə istinad etmişdir.

Səələ sail ayəsinin mətni və tərcüməsi

سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ \ لِلْكَافِرِينَ لَيْسَ لَهُ دَافِعٌ
İstəyən şəxs elə bir əzab istədi ki, (mütləq) baş verəcək. Kafirlər üçün və onun qarşısını alan olmaz.[1]



(Məaric, 1-2)


Əllamə Təbatəbainin fikrincə, “Səələ sail” ayəsi cavab vermək üçün bir növ hökmranlıq və təhqirlə əlaqələndirilir və bəzi kafirlərin əzab istəməsindən (kafirlərə xas olan və onun qarşısını ala biləcək kimsənin olmadığı əzab) xəbər verir.[2] “Sual” sözü istəmək və dua etmək kimi məna olub.[3]

Nazil olma səbəbi

Bir sıra şiə təfsirçilərinin fikrincə, “Məaric” surəsinin ilk ayəsi Numan ibn Haris Fehri və ya başqa bir şəxs haqqındadır[4] ki, Qədir-Xum hadisəsində İmam Əlinin (ə) canişinliyinin elan edilməsinə etiraz etdi.[5] O, Peyğəmbərdən (s) Həzrət Əlinin (ə) canişinliyi xəbərini eşidəndə Peyğəmbərə (s) xitab etdi və dedi: “Sən bizdən Allahın birliyinə və sənin peyğəmbərliyinə şəhadət verməyi istədin. Biz də şəhadət verdik. Sonra bizə cihad, həcc, oruc, namazzəkata əmr etdin və biz də onları qəbul etdik. Amma bunlarla kifayətlənmədin və bu gənci (Əlini) özünə canişin təyin etdin.[6] Bu, sənin qərarındır, yoxsa Allahın? Peyğəmbər (s) and içdi ki, bu söz Allah tərəfindəndir. Numan dedi: “Pərvərdigara, əgər bu söz doğrudursa və səndəndirsə, üstümüzə göydən bir daş göndər”.[7] Rəvayətlərə əsasən, onun istəyindən sonra başına göydən bir daş düşdü və öldü. Sonra bu ayə nazil oldu.[8]

Bəzi təfsirçilər bu ayənin nazil olma səbəbini Nəzr ibn Harislə bağlı hesab etmişlər.[9] O, Məscidül-Həramda Peyğəmbərə (s) istehza ilə müraciət edərək dedi: “İlahi, əgər Muhəmməd haqlıdırsa və onun dediyi doğrudursa, bizə bir daş yağdır, yaxud bizi ağrılı-acılı bir əzaba düçar et”.[10] Onun sözlərindən sonra bu ayə Peyğəmbərə (s) nazil oldu.[11] Əlbəttə, bu təfsirçilər qrupu ayənin altında Numan ibn Harisin əhvalatını da qeyd ediblər, baxmayaraq ki, digər sözə üstünlük veriblər.[12] Həmçinin bu ayənin Əbu Cəhl haqqında nazil olduğu da deyilib. Habelə “fə əsqit ələyna kisəfən minəs-səmai in kuntə minəs-sadiqin”[13] (Əgər doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), göyün bir parçasını üstümüzə endir!) ayəsinin onun sözlərindən nəql olduğu söylənmişdir.[14] Ayətullah Nasir Məkarim Şirazinin dediyinə görə, bu şəxsin adının Numan ibn Haris Fehri, Haris ibn Numan və ya Cabir ibn Nəzr olmasında ixtilaf var. Lakin bunun, nazil olma hadisəsinin əsasına heç bir təsiri yoxdur.[15] Məkarim Şirazi kimi bəzi yazarlar Numanı münafiq bir şəxs,[16] bəziləri isə onu yəhudi[17] kimi təqdim ediblər.

Ayənin Qədir-Xum hadisəsi ilə əlaqəsi

Sünni alimlərindən və təfsirçilərindən İbn Teymiyyə və Alusi bu ayənin Qədir-Xum hadisəsi ilə bağlı olmadığı qənaətindədirlər. Çünki “Məaric” surəsi Məkkədə və Peyğəmbərin (s) Mədinəyə hicrətindən əvvəl nazil olmuşdur, bir halda ki, Qədir-Xum hadisəsi 10-cu qəməri ilində və Peyğəmbər (s) Həcc ziyarətindən qayıtdıqdan sonra baş vermişdir.[18] Bunun müqabilində Əllamə Təbatəbai demişdir ki, bu surənin ilk ayələrinin məzmunu Məkkə surələrinə bənzəsə də və qiyamət günü kafirlərin əzabı haqqında olsa da, lakin bu surədə elə ayələr vardır ki, onun ilk ayələrinin Mədinə də nazil olduğunu sübut edir. O cümlədən, onun 24-cü ayəsi zəkatdan bəhs edir və zəkat isə Mədinədə qanun olaraq təyin edilmişdir.[19] Onun dediyinə görə, qeyd olunan ayələr münafiqlər haqqındadır və bu, onun Mədinədə nazil olması ilə daha çox uyğundur. Çünki ikiüzlülük və münafiqlik Mədinədə yaranmışdır.[20]

İbn Teymiyyə həmçinin belə hesab edir ki, əgər Numan bin Harisin hekayəsi doğrudursa, “Ənfal” surəsinin 33-cü ayəsinin məzmunu ilə Peyğəmbərin (s) hüzurunda Numana əzabın enməsi arasında uyğunsuzluq var.[21] Çünki hədislərə görə, Haris ibn Numan İslamın əsaslarını qəbul etsə də, Peyğəmbərin (s) hüzurunda əzab olunmuşdur, lakin “Ənfal” surəsinin 33-cü ayəsinə əsasən, Peyğəmbər (s) onların arasında olduğu müddətcə Allah onun ümmətinə əzab verməyəcək.[22] Cavabında deyiblər ki, “Ənfal” surəsinin 33-cü ayəsi ümumi cəzadan bəhs edir və şəxsi cəzanı ehtiva etmir.[23] Necə ki, İslam tarixində Əbu Zəmə, Malik ibn Təlalə və Həkəm ibn Əbil-Asın adları Peyğəmbərin (s) dövründə ilahi əzaba düçar olmuş şəxslər kimi qeyd edilmişdir.[24] Həmçinin Numanın Allahın əmrinə etiraz etməsi küfrün ən şiddətli dərəcəsi və bir növ azğınlıq və mürtədd olmaq sayılır.[25]

“Əl-İstiab” kimi bəzi səhabələr barədə yazılan kitablarda Numanın adının çəkilməməsi və onun hekayətinin Fillərin Əshabının hekayəsi kimi məşhur olmaması İbn Teymiyyənin etdiyi digər iradlardandır.[26] Onun cavabında deyilib ki, səhabələr barədə yazılan mənbələrdə bütün səhabələrin adları çəkilmir. Məsələn, Peyğəmbərin (s) səhabələri haqqında yazılmış “Usdul-Ğabə” kitabında yalnız 7504 nəfərin adı çəkildiyi halda, Həccətül-Vidada 100.000 və daha çox insan Peyğəmbərin (s) yanında olmuşdur.[27] Həmçinin deyilib ki, Numan ibn Harisin əhvalatı ayənin məşhur nazil olma səbəbidir. Habelə Əllamə Əmininin yazdığı “Əl-Qədir” kitabında bu əhvalat otuz məşhur sünni alimi tərəfindən nəql edilmişdir.[28]

Əlaqəli məqalələr

İstinadlar

  1. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  2. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.20, s.6
  3. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.20, s.6; Alusi, Ruhul-məani, h.q 1415, c.15, s.62; Tusi, Ət-Tibyan, Beyrut, c.10, s.113
  4. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.25, s.8; Təbatəbai, Əl-Mizan, h.q 1417, c.20, s.11
  5. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.25, s.6
  6. Alusi, Ruhul-məani, h.q 1415, c.15, s.62; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.25, s.6; Təbatəbai, Əl-Mizan, h.q 1417, c.20, s.11; Şərif Lahici, Təfsire Şərif Lahici, h.ş 1373, c.4, s.574; Kaşani, Mənhəcus-sadiqin, h.ş 1330, c.10, s.4; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.529
  7. Ənfal surəsi, ayə 32
  8. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.25, s.7; Təbatəbai, Əl-Mizan, h.q 1417, c.20, s.11
  9. Alusi, Ruhul-məani, h.q 1415, c.15, s.63
  10. Ənfal surəsi, ayə 32
  11. İbn Kəsir, Təfsirul-Quranil-əzim, h.q 1419, c.8, s.235; Qumi Kaşani, Mənhəcus-sadiqin, h.ş 1330, c.10, s.3; Qurtubi, Əl-Came li əhkamil-Quran, h.ş 1364, c.19, s.278
  12. Qurtubi, Əl-Came li əhkamil-Quran, h.ş 1364, c.19, s.278; Alusi, Ruhul-məani, h.q 1415, c.15, s.62
  13. Şüəra surəsi, ayə 187
  14. Alusi, Ruhul-məani, h.q 1415, c.15, s.62
  15. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.25, s.8
  16. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.7, s.153
  17. Məhəmmədi Reyşəhri, Daneşnameye Əmirəl-möminin (ə) bər payeye Quran, Hədis və tarix, Darul-hədis, c.2, s.311
  18. Alusi, Ruhul-məani, h.q 1415, c.15, s.63; İbn Teymiyyə, Minhacus-sünnət, h.q 1406, c.7, s.45
  19. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.20, s.5-6
  20. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.20, s.6
  21. İbn Teymiyyə, Minhacus-sünnət, h.q 1406, c.7, s.46
  22. İbn Teymiyyə, Minhacus-sünnət, h.q 1406, c.7, s.46
  23. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.25, s.12
  24. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.25, s.12-13
  25. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.25, s.13
  26. İbn Teymiyyə, Minhacus-sünnət, h.q 1406, c.7, s.46-47
  27. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.25, s.14
  28. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.25, s.7-8

Ədəbiyyat

  • Qurani-Kərim
  • İbn Teymiyyə, Əhməd ibn Əbdül-Həlim, Minhacus-sünnət, Təhqiq: Məhəmməd Rəşad Salim, h.q 1406 \ m.1986
  • İbn Kəsir, İsmail ibn Ömər, Təfsirul-Quranil-əzim, Təhqiq: Məhəmməd Hüseyn Şəmsuddin, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1419
  • Alusi, Seyyid Mahmud, Ruhul-məani, Təhqiq: Əli Əbdül-Bari Ətiyyə, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
  • Şərif Lahici, Məhəmməd ibn Əli Təfsire Şərif Lahici, Təhqiq: Mir Cəlaləddin Hüseyni, Tehran, h.ş 1373
  • Əllamə Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, Dəftəre enteşarate İslami, h.q 1417
  • Qurtubi, Məhəmməd ibn Əhməd, Əl-Came li əhkamil-Quran, Tehran, Nasir Xosrov nəşri, h.ş 1364
  • Kaşani, Molla Fəthullah, Mənhəcus-sadiqin, Tehran, h.ş 1330
  • Məhəmmədi Reyşəhri, Daneşnameye Əmirəl-möminin (ə) bər payeye Quran, Hədis və tarix, Darul-hədis
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1374

Xarici keçid