Rizvan beyəti ayəsi

wikishia saytından
(Beyət ayəsi səhifəsindən yönləndirilmişdir)
Rizvan beyəti ayəsi
Ayənin adıRizvan beyəti ayəsi, Rizvan ayəsi, Beyət ayəsi
Yerləşdiyi surəFəth surəsi
Ayənin nömrəsi18
Cüz26
MövzuEtiqadi
BarəsindəRizvan beyəti
Başqa ayələr ilə bağlılığıFəth surəsinin 10-cu ayəsi


Rizvan beyəti ayəsi (ərəbcə: آية بيعة الرضوان) və ya beyət ayəsi (Fəth surəsi,  ayə 18) Rizvan beyətində iştirak edən möminlərdən Allahın razı olduğunu bildirir. Sünni alimləri səhabələrin ədalətli olması nəzəriyyəsini isbat etmək üçün bu ayədən istifadə edirlər. Amma şiə təfsirçiləri hesab edirlər ki, bu ayədə Allahın razılığı səhabələrin əzmkar olması və əhdlərinə sadiq qalmaları ilə bağlıdır. Habelə yalnız öz əhdinə sadiq qalan səhabələri əhatə edir. Şiə təfsirçilərinin fikrincə, bu ayədən sonra “Fəth” surəsinin 10-cu ayəsi nazil olub. Allah bu ayədə möminlərin Peyğəmbərin (s) əmrinə tabe olmalarını və əhdi pozmaqdan çəkinmələrini Allahın razı qalmasına şərt qərar verib.

Rizvan beyətində Peyğəmbərə (s) beyət edən fədakar möminlərə Allah-taala beyət ayəsinə əsasən, Allahın onlardan razı qalması, aramlıq və yaxın qələbə kimi böyük mükafatlar verdi: Həmçinin sonrakı ayədə çoxlu qənimət əldə etmək vədəsi verdi ki, təfsirçilərin dediyinə görə, bu da Xeybər döyüşündə əldə olundu.

Adlandırılması və əhəmiyyəti

Rizvan beyəti hadisəsinin bəyan edildiyi “Fəth” surəsinin 18-ci ayəsi “Rizvan beyəti ayəsi” və ya “Beyət ayəsi” adlanır.[1] Sünni alimləri bütün səhabələrin ədalətli olmaları nəzəriyyəsini isbat etmək üçün bu ayəyə istinad edirlər.[2]

Ayənin mətni və tərcüməsi

لَقَدْ رَضِيَ اللَّهُ عَنِ الْمُؤْمِنِينَ إِذْ يُبَايِعُونَكَ تَحْتَ الشَّجَرَةِ فَعَلِمَ مَا فِي قُلُوبِهِمْ فَأَنْزَلَ السَّكِينَةَ عَلَيْهِمْ وَأَثَابَهُمْ فَتْحًا قَرِيبًا
Şübhəsiz, Allah möminlərdən onlar (Hüdeybiyyədə) ağacın altında sənə beyət edən zaman razı qaldı, onların qəlblərində olanı (niyyətlərinin saf və gözəlliyini) bildi, nəticədə onlara (ürək) rahatlığ(ı) və xatircəmlik nazil etdi və onlara yaxın qələbəni (Xeybər qələbəsini) mükafat verdi.[3]



(Fəth, 18)


Rizvan beyəti

Rizvan beyəti və ya Şəcərə (ağac) beyəti, altıncı qəməri ilində Məkkə yaxınlığında səhabələrin Peyğəmbərlə (s) bağlanmış kollektiv müqaviləsidir. “Əs-Sirətun-Nəbəviyyə” kitabında üçüncü qəməri əsrinin tarixçisi İbn Hişamın dediyinə görə, bu hadisədə Peyğəmbər (s) bir neçə səhabə ilə Ümrəyə getmək üçün Mədinədən çıxdı. Amma Qureyş müşrikləri onların Məkkəyə daxil olmasına mane oldular. Peyğəmbərlə (s) Qüreyş müşrikləri arasında elçilər var idi. Peyğəmbərin (s) elçilərindən birinin Qureyş tərəfindən öldürülməsi ilə bağlı şayiə Peyğəmbərin (s) səhabələri onunla beyət etməyə çağırmasına səbəb oldu. Onlar da Peyğəmbəri (s) canları ilə müdafiə etmək üçün beyət etdilər. Bu hadisə, sonda, Hüdeybiyyə sülhü ilə nəticələndi. Qərara alındı ​​ki, müsəlmanlar həmin il Həcc ziyarətinə getməsinlər və növbəti il ​​Allah evini ziyarət etmək üçün Məkkəyə getsinlər.[4]

Məzmun; beyət edənlərin mükafatı

Allah bu ayədə Rizvan beyətində Peyğəmbərə (s) beyət edən möminlərdən razı qaldığını bildirmişdir.[5] Bu ayəyə əsasən, Allah kritik anda Peyğəmbərə (s) beyət edən fədakar möminlərə üç böyük mükafat vermişdir:

  1. Allahın onlardan razı olması: «رَضِيَ اللَّه»
  2. Aramlıq: «فَأَنْزَلَ السَّكِينَةَ عَلَيْهِمْ»: Onlara elə bir aramlıq nazil etdi ki, öz vətənlərindən uzaq bir yerdə çoxlu düşmənlər arasında, onların hazır silahları var ikən, kifayət qədər silahları olmadığı halda, qorxuya düşmədilər və dağ kimi möhkəm və güclü dayandılar.
  3. Yaxın qələbə: «أَثَابَهُمْ فَتْحًا قَرِيبًا»: Təfsirçilərin əksəriyyətinin dediyinə görə, bu qələbə, Xeybər qələbəsi idi. Həmçinin “qəribən” ibarəti bu məsələni təsdiq edir; çünki Xeybərin fəth edilməsi yeddinci qəməri ilinin əvvəlində və Hüdeybiyyə sülhündən bir neçə ay sonra gerçəkləşdi. Həmçinin sonrakı ayədə keçən “və məğanimə kəsirətən yəxuzunəha” ifadəsi qısa bir müddət içində Xeybərin fəthində müsəlmanların əlinə keçən qənimətlərə işarə edir.[6]

Səhabələrin ədalətini sübut etmək üçün ayəyə istinad etmək

Bəzi əhli-sünnə alimləri bu ayəni bütün səhabələrin ədalətli olmasına dəlil hesab edirlər.[7] Sünni alimləri Allahın səhabələrdən razı qalmasını onların hamısının ədalətli olmasına dəlil hesab etmişlər. Həmçinin deyiblər ki, Allah razı olduğu şəxsə heç vaxt qəzəb etməz.[8] Şiə alimlərinin dediyinə görə, bu ayə bütün səhabələrin ədalətli olmasına dəlalət etmir; çünki bu ayədə yalnız Rizvan beyətində iştirak edən və əhd-peymanında möhkəm qalan səhabələr nəzərdə tutulur, bütün səhabələr deyil.[9] Həmçinin bütün səhabələrin ədalətli olması “Tövbə” surəsinin 101-ci ayəsi ilə uyğun gəlmir; çünki qeyd olunan ayə səhabələrdən bəzilərini münafiq olaraq təqdim edir.[10]

Şiə təfsirçiləri ayədəki ilahi razılığı Peyğəmbərə (s) tabe olmaqda əzmkar olmağa bağlı bilirlər.[11] “Təfsir Qummi”nin müəllifi Əli İbn İbrahim Qumminin dediyinə görə, “Fəth” surəsinin 10-cu ayəsi bu ayədən sonra nazil olmuşdur. Allah bu ayədə möminlərin Peyğəmbərin (s) əmrinə tabe olmalarını və əhdi pozmaqdan çəkinmələrini Allahın razı qalmasına şərt qərar verib.[12]

İstinadlar

  1. Dəftəre təbliğate İslami, Fərhəngnameye ulume Quran, s.347
  2. İbn Həcər Əskəlani, Əl-İsabə, h.q 1415, c.1, s.162-163
  3. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  4. İbn Hişam, Əs-Sirətun-Nəbəviyyə, c.2, s.308-316
  5. Qumi, Təfsirul_Qumi, Darus-surur, c.2, s.315
  6. Məkarim Şirazi, Nümunə Təfsiri, h.ş 1374, c.22, s.66-68
  7. Xətib Bağdadi, Əl-İstiab, c.1, s.64; İbn Həcər Əskəlani, Əl-İsabə, h.q 1415, c.1, s.162-163
  8. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.1, s.4
  9. Tusi, Ət-Tibyan, c.9, s.329
  10. Tövbə surəsi, ayə 101
  11. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.2, s.315; Təbatəbai, Əl-Mizan, c.18, s.292
  12. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.2, s.315

Ədəbiyyat

  • İbn Həcər Əskəlani, Əhməd ibn Əli, Əl-İsabə, Təhqiq: Adil Əhməd Əbdül-Mövcud, Əli Məhəmməd, Beyrrut, Darul-kutubil-elmiyyə, h.q 1415
  • İbn Əbdül-Birr, Yusif ibn Abdullah, Əl-İstiab, Təhqiq: Əli Məhəmməd, Beyrut, h.q 1412
  • İbn Hişam, Əbdül-Məlik ibn Hişam, Əs-Sirətun-Nəbəviyyə, Darul-mərifə
  • Xətib Bağdadi, Əhməd ibn Əli, Əl-İstiab, Təhqiq: Əbu Abdillah, Mədinə, Əl-Məktəbətul-elmiyyə
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, İsmailiyyan
  • Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan fi təfsiril-Quran, Müqəddimə: Ağabozorq Tehrani, Beyrut
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Düzəliş: Təyyib Musəvi Cəzairi, Qum, Darul-kitab, 3-cü çap, h.q 1404
  • Məkarim Şirazi, Nasir, Nümunə Təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 32-ci çap, h.ş 1374