Məzmuna keç

Tаlutiyyə xütbəsi

wikishia saytından

Tаlutiyyə xütbəsi

Tаlutiyyə xütbəsi, İmam Əlinin (ə) Peyğəmbərin (s) vəfatından sonra söylədiyi və xəlifəliyin qəsb edilməsi məsələsində onu dəstəkləməkdə zəiflik göstərən insanları qınadığı, bu səhlənkarlığın nəticələri barədə xəbərdarlıq etdiyi xütbələrindən biridir. İmam (ə) bu xütbədə bildirmişdir ki, əgər Talutun səhabələri qədər köməkçisi olsaydı, insanları düçar olduqları azğınlıq yolundan xilas edərdi.

İmam Əli (ə) bu xütbədə Allahın bəzi sifətlərini açıqlamaqla yanaşı, İslam dininin digər dinlərdən üstün olduğunu bəyan edir və özünü Peyğəmbərin (s) vəsisi kimi tanıdaraq, insanlara ona tabe olmağın vacib olduğunu vurğulayır. O həzrət, bu xütbədə Əhli-Beytə (ə) itaət etməyin aqibətin xeyirli olmasının, dünya və axirət nemətlərinə nail olmağın səbəbi olduğunu bildirir. Əksinə, Əhli-Beytdən (ə) uzaqlaşmağın zülmətə düşmək, elm yolunun bağlanması və insanlar arasında ixtilafların yaranması ilə nəticələnəcəyini vurğulayır.

Küleyni bu xütbəni "Əl-Kafi" kitabında İbn-Tihandan nəql etmişdir. Əllamə Məclisi isə bu xütbə haqqında bildirib ki, hərçənd bu hədis rical elminin meyarlarına görə zəif hədis hesab olunur, lakin mövcud bəlağət və fəsahətinə görə onu İmam Əliyə (ə) aid etmək olar.


Xütbənin tanıtımı, bəyan olunmasının vaxtı və yeri

Talutiyyə xütbəsinin[1] İmam Əli (ə) tərəfindən Peyğəmbərin (s) vəfatından sonra Mədinədə bəyan edildiyi bildirilir.[2] Bu xütbənin Talutiyyə adlanmasının səbəbi, onda Talutun köməkçilərinə işarə edilməsidir.[3] İmam Əli (ə) bu xütbədə, xilafətin qəsb edilməsi məsələsində özünə dəstək göstərilmədiyinə görə insanları tənqid edir və bunun nəticələri barədə xəbərdarlıq edir.[4] Əllamə Tehrani bu xütbəni İmam Əlinin (ə) Peyğəmbərin (s) vəfatından sonra öz haqqını (cəmiyyətə vilayət və imamətini) almaq üçün qiyam etməməsinin aydın səbəbi kimi dəyərləndirir. O, Peyğəmbərin (s) vəsiyyətinə əsasən, İslamın zərərinə tamamlanmaması üçün köməkçi və tərəfdar olmadıqda qılınca əl atmamağın və susmağın vacib olduğunu qeyd edir.[5]


Xütbənin sənədi

Küleyni "Talutiyyə xütbəsi"ni "Əl-Kafi" kitabının "Ər-Rəvzə" bölməsində Əbul-Hiysəm ibn Tihan vasitəsilə İmam Əlidən (ə) nəql etmişdir.[6] Əllamə Məclisi "Miratul-Uqul" kitabında bildirir ki, Talutiyyə xütbəsi rical elminin meyarlarına əsasən zəif bir hədis olsa da, bu sözün bəlağət və fəsahətinə görə qeyri-məsum tərəfindən bəyan edildiyini qəbul etmək çətindir. Buna görə də, xütbəni İmam Əliyə (ə) nisbət vermək olar. [7]


Xütbənin məzmunu

İmam Əli (ə) Talutiyyə xütbəsində, Allah-təalanı tərif etməklə və Onun bəzi ad və sifətlərini bəyan etməklə yanaşı,[8] Peyğəmbərin (s) risalətinə şəhadət verir,[9] özünü Peyğəmbərin (s) vəsisi və ümmətin alimi olaraq təqdim edir. Bildirir ki, insanlar onun rəhbərliyinə tabe olmağa əmr edilmişdilər.[10] İmam (ə) bu xütbənin bəzi hissələrində, insanların Əhli-Beytdən (ə) üz döndərmələrinin nəticələri barədə xəbərdarlıq edir.[11] Həmçinin Əhli-Beytə tabe olmağın faydalarını da onların diqqətinə çatdırır.[12] Habelə xilafətin qəsb edilməsi hadisəsində insanları onu dəstəkləməkdə zəiflik göstərdiklərinə görə məzəmmət edir.[13] İmam Əli (ə) sonda vurğulayır ki, əgər Talutun səhabələrinin və ya Bədr döyüşündə Peyğəmbərin (s) səhabələrinin sayı qədər köməkçisi olsaydı, insanları doğru yola qaytarar və dində yaranan azğınlığın qarşısını alardı.[14]


Talutiyyə xütbəsinin təlimləri aşağıdakı şəkildə ifadə olunmuşdur:

1.    Allahın "Həyy" (diri olmaq) sifətinin vəsf olunması

2.    Allahın misilsiz və bənzərsiz olması

3.    Allahın dünya yaradılmamışdan əvvəl və dünya məhv olduqdan sonra onun daimi hökmdarı olması

4.    Allahın zaman və məkanla məhdudlaşmaması

5.    İnsanların Allahı dərk etmə qabiliyyətinin olmaması

6.    Allahın hər şeyi görən, eşidən və qüdrət sahibi olması

7.    Peyğəmbərin (s) risalətinə şəhadət vermək və İslamın keçmiş bütün dinlərə qələbə çalması

8.    Müsəlmanların aldanması, onların nəfsani istəklərinə tabe olması və Əhli-Beyt (ə) vilayətinin və imamətinin açıq-aşkar yolunda irəliləməmələri

9.    Əhli-Beytə (ə) tabe olmağın dünya və axirət nemətlərinə nail olmaq və xoşbəxt sonluq üçün vasitə olması

10.                      Əhli-Beytə tabe olunmaması nəticəsində insanların elm yolunun bağlanması, ziddiyyətlərə düşməsi və doğru yoldan uzaqlaşması.[15]


Xütbə bəyan edildikdən sonra baş verən hadisələr

İbn Tihanın rəvayətinə görə, Talutiyyə xütbəsi bitdikdən və İmam Əli (ə) məsciddən çıxdıqdan sonra, gecə vaxtı 360 nəfər onunla beyət edərək, haqqını müdafiə etmək üçün son nəfəsinədək mübarizə aparacaqlarına söz verdilər. İmam (ə) onlara sabah səhər başlarını qırxdırmış halda Mədinə ətrafındakı Əhcarüz-Zit adlı yerdə toplaşmalarını tapşırdı. Lakin həmin 360 nəfərdən yalnız Əbuzər, Miqdad, Hüzeyfə ibn Yəman, Əmmar Yasir və Salman təyin olunmuş yerə gəldilər. Rəvayətçinin sözlərinə görə, İmam (ə) vəziyyəti belə gördükdə, insanların bu rəftarını Allaha şikayət etdi və Peyğəmbərin (s) tövsiyəsinə görə müsəlmanların bu davranışına səbr edəcəyini vurğuladı.(16)


Talutiyyə xütbəsinin mətni və tərcüməsi