Taslim:Vəsilə xütbəsi
| Mövzu | Allahın vəsfi, əxlaqi möizələr, vəsilə məqamının bəyanı, İmam Əlinin (ə) mənziləti və Peyğəmbərin (s) canişinliyi məsələsində baş vermiş azmadan bəhs edilir. |
|---|---|
| Nəql olunub | İmam Baqir (ə) İmam Əlidən (ə) nəql edib |
| Əsas ravi | Cabir ibn Yezid Cofi |
| Şiə mənbələri | Əl-Kafi, Əl-Əmali (Şeyx Səduq), Tuhəful-uqul |
Vəsilə xütbəsi (ərəbcə: خطبة الوسيلة), İmam Əliyə (ə) nisbət verilən xütbələrdəndir. Bu xütbə əxlaqi nəsihətləri ehtiva edir və İmam Əlinin (ə) məqamı və fəziləti, Peyğəmbərin (s) canişinliyi məsələsində baş vermiş azma, vəsilə məqamı və Qədir-Xum hadisəsi kimi mövzuları əhatə edir. Deyildiyinə görə, bu xütbə Peyğəmbərin (s) vəfatından yeddi gün sonra Mədinədə bəyan edilmişdir və “vəsilə” anlayışından bəhs etdiyinə görə “Vəsilə” xütbəsi adı ilə məşhur olmuşdur. “Vəsilə”, Peyğəmbərin (s) Qiyamət günündə malik olduğu xüsusi məqam kimi izah edilmişdir.
Vəsilə xütbəsinin tam mətni Kafi kitabının Rövzə bölümündə nəql edilmişdir. Həmçinin Şeyx Səduqun “Əmalisi”, “Mən la yəhzuruhul-fəqih” və “Tuhəful-Uqul” kimi digər hədis mənbələrində də onun bəzi hissələri yer almışdır. Bu xütbədə eyni zamanda Allahın vəsfi və tərifi verilmiş, əxlaqi nəsihətlərdən, səadət yolundan və ilahi nemətlərdən bəhrələnməyin yollarından bəhs edilmişdir.
Bu xütbə Nəhcül-bəlağədə yer almamışdır və onun sənədi zəif hesab edilmişdir. Lakin Məhəmməd Baqir Məclisi xütbənin məşhurluğuna və məzmununa əsaslanaraq onu doğru (səhih) və sənədə ehtiyac duymayan bir mətn kimi qiymətləndirmişdir.
Adlandırılma səbəbi
Bu xütbə, İmam Əlinin (ə) onun içində “vəsilə”, onun məqamı və mahiyyəti barədə danışmasına görə “Vəsilə” xütbəsi adlandırılmışdır.[1] Deyilmişdir ki, “Vəsilə” İslam Peyğəmbərinin (s) Qiyamət günündə xüsusi məqamıdır.[2] Xütbədə qeyd olunur ki, Allah-taala Peyğəmbərə (s) “Vəsilə” məqamını vəd etmişdir; bu məqam cənnətə aparan nərdivandır, Haqqa ən yüksək yaxınlıq dərəcəsi, ən böyük arzuların son həddi və min pillədən ibarət olan bir məqamdır. Rəsulullah (s) nurdan olan bir pillədə, bütün cənnətlərdən daha uca yerdə qərar tutmuşdur və İmam Əli (ə) isə Rəsulullahın (s) pilləsindən bir pillə aşağıda yerləşir.[3]
Küleyninin “əl-Kafi” kitabında nəql etdiyinə görə, İmam Əli (ə) “Vəsilə” xütbəsini Peyğəmbərin (s) vəfatından yeddi gün sonra Mədinədə xalq üçün bəyan etmişdir.[4] İmam Baqirdən (ə) rəvayət edilmişdir ki, bu xütbə Əli ibn Əbu Talibin (ə) Qurani-Kərimin toplanmasını başa çatdırmasından sonra söylənmişdir.[5]
Məzmunu
“Vəsilə” xütbəsi Allahın həmd və vəsfi, Onun sifətlərinin bəyanı ilə başlayır[6] və burada əxlaqi nəsihətlərdən, həqiqətdən və səadət yolundan, ilahi nemətlərin müxtəlif növlərindən bəhrələnməyin yollarından, İmam Əlinin (ə) məqam və mövqeyindən, Peyğəmbərin (s) canişinliyi məsələsində baş vermiş azmadan,[7] vəsilə məqamından[8] və Qədir-Xum hadisəsindən bəhs edilir.[9]
Xütbənin bir hissəsində İmam Əli (ə) özünün fəzilət və məqamının çoxluğuna və əzəmətinə işarə edərək, özünü zikr, səbil (yol), iman, Quran, din,[10] Nuhun gəmisi, Nəbəi-əzim (böyük xəbər) və Sıddiqi-əkbər kimi təqdim edir.[11] Əli ibn Əbu Talib (ə) başqa bir hissədə isə Peyğəmbərin (s) “Əlinin (ə) mənə olan nisbəti Harunun (ə) Musaya olan nisbəti kimidir. Fərqimiz budur ki, məndən sonra Peyğəmbər olmayacaq” rəvayətinə və Qədir hadisəsinə istinad edərək öz canişinliyini sübuta yetirir, birinci və ikinci xəlifə tərəfindən xilafətin qəsb edilməsinə işarə edir və onları məzəmmət edir.[12]
Xütbənin mənbələri
“Vəsilə” xütbəsi hicri 3–4-cü əsrlərdə yaşamış şiə alimlərindən Küleyninin yazdığı “Kafi” kitabının “Rövzə” bölümündə[13] tam şəkildə nəql edilmişdir. Həmçinin şiə alimlərindən hicri 4-cü əsrdə yaşamış Şeyx Səduqun “əl-Əmali” əsərində,[14] “Mən la yəhzuruhul-fəqih” kitabında[15] və hicri 4-cü əsr şiə fəqihlərindən İbn Şöbə Hərraninin “Tuhəful-Uqul” əsərində[16] bu xütbənin bəzi hissələri yer almışdır. Bu xütbə Nəhcül-bəlağədə yer almamışdır;[17] lakin “Tamamu Nəhcül-bəlağə” kitabında nəql edilmişdir.[18]
Sənəd və mötəbər olması
“Vəsilə” xütbəsini Cabir ibn Yəzid Cofi, İmam Baqirdən (ə), o da İmam Əlidən (ə) nəql etmişdir.[19] Cabir, İmam Baqirin (ə)[20] və İmam Sadiqin (ə)[21] xüsusi səhabələrindən olmuşdur. Bununla belə, rical alimləri onun mötəbər olması barədə ixtilaf etmişlər.[22] Əhməd ibn Əli Nəcaşi (vəfatı: h.q. 450) onu “fi nəfsihi muxtəlit” (ravinin zəifliyinə dəlalət edən ifadələrdən biri) kimi xarakterizə etmiş və ondan rəvayət nəql edən şəxsləri — o cümlədən bu xütbənin onun vasitəsilə nəql edildiyi Əmr ibn Şimri[23] — zəif hesab etmişdir.[24] Bununla belə, İbn Qəzairi (h.q. 450-dən əvvəl vəfat etmişdir) Cabiri siqə saymış, lakin ondan rəvayət nəql edənlərin hamısını zəif hesab etmişdir.[25] Əllamə Hilli (vəfatı: h.q. 726) isə bu iki baxışdan heç birini digərinə üstün tutmamışdır.[26]
Hicri 12-ci əsrdə yaşamış şiə fəqihi və mühəddisi Əllamə Məclisi “Vəsilə” xütbəsinin sənədini zəif hesab etsə də, xütbənin məzmun və mövzularının gücü və düzgünlüyü, eləcə də onun məşhurluğunu nəzərə alaraq, onu doğru (səhih) və sənədə ehtiyac duymayan bir mətn kimi qəbul etmişdir.[27]
İstinadlar
- ↑ Mazandarani, Şərhul-Kafi, h.q 1382, c.11, s.202
- ↑ Kuleyni, Ər-Rövzətu minəl-kafi, Farsca tərcümə: Seyid Haşim Rəsuli Məhəllati, h.ş 1364, c.1, s.25
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.24-25
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.18
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.18
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.18
- ↑ Hüseyni Tehrani, İmamşenasi, h.ş 1426, c.10, s.145-147
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.24-25
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.27
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.27-28
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.30
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.27-30
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.18-30
- ↑ Şeyx Səduq, Əl-Əmali, h.ş 1376, s.320-322
- ↑ Şeyx Səduq, Mən La Yəhzuruhul-fəqih, h.q 1413, c.4, s.406
- ↑ İbn Şöbe Hərrani, Tuhəful-uqul, h.q 1404, s.93-100
- ↑ Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin (ə), h.ş 1386, c.12, s.219, 233, 229, 319
- ↑ Musəvi, Təmame Nəhcül-bəlağə, h.ş 1376, s.147, xütbə 12
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.18; Şeyx Səduq, Əl-Əmali, h.ş 1376, s.320
- ↑ İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.4, s.211
- ↑ İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.4, s.281
- ↑ Əllamə Hilli, Ricalul-Əllamətil-Hilli, h.q 1411, s.35
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.18; Şeyx Səduq, Əl-Əmali, h.ş 1376, s.320
- ↑ Nəcaşi, Ricalun-Nəcaşi, h.ş 1365, s.128
- ↑ İbn Ğəzairi, Ər-Rical, h.ş 1364, s.110
- ↑ Əllamə Hilli, Ricalul-Əllamətil-Hilli, h.q 1411, s.35
- ↑ Məclisi, Miratul-uqul, h.q 1404, s.25
Ədəbiyyat
- Əllamə Hilli, Həsən ibn Yusif, Ricalul-Əllamətil-Hilli, Təhqiq və düzəliş: Məhəmməd Sadiq Bəhrul-ulum, Daruz-zəxair, 2-ci çap, h.q 1411
- Hüseyni Tehrani, Seyid Məhəmməd Hüseyn, İmamşenasi, Məşhəd, Əllamə Təbatəbai, 3-cü çap, h.ş 1426
- İbn Ğəzairi, Əhməd ibn Hüseyn, Ər-Rical, Təhqiq və düzəliş: Məhəmməd Rza Hüseyni, Qum, Darul-hədis, 1-ci çap, h.ş 1364
- İbn Şəhraşub Mazandarani, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Qum, Əllamə, 1-ci çap, h.q 1379
- İbn Şöbə Hərrani, Həsən ibn Əli, Tuhəful-uqul, Təhqiq və düzəliş: Əli Əkbər Ğəffari, Qum, Came müdərrisin, 2-ci çap, h.q 1404
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Əl-İslamiyyə, 4-cü çap, h.q 1407
- Kuleyni, Məhəmməd ibn Yaqub, Ər-Rövzətu minəl-kafi, Farsca tərcümə: Seyid Haşim Rəsuli Məhəllati, Tehran, Enteşarate elmiyyeye İslamiyyə, 1-ci çap, h.ş 1364
- Məkarim Şirazi, Nasir, Peyame İmam Əmirəl-möminin (ə), Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.ş 1386
- Musəvi, Seyid Sadiq, Təmame Nəhcül-bəlağə, Məşhəd, İmam Sadhibəz-Zaman (ə.f) müəssisəsi, h.ş 1376
- Nəcaşi, Əhməd ibn Əli, Ricalun-Nəcaşi, Qum, Dəftəre nəşre İslami, 6-cı çap, h.ş 1365
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, Tehran, Ketabçi, 6-cı çap, h.ş 1376
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən La Yəhzuruhul-fəqih, Təhqiq və düzəliş: Əli Əkbər Ğəffari, Qum, İslami nəşriyyat dəftəri, 2-ci çap, h.q 1413