Mühəddəsə (ləqəb)
![](http://commons.wikishia.net/w/images/thumb/1/11/%D9%84%D9%82%D8%A8_%D9%85%D8%AD%D8%AF%D8%AB%D9%87.jpg/300px-%D9%84%D9%82%D8%A8_%D9%85%D8%AD%D8%AF%D8%AB%D9%87.jpg)
Mühəddəsə, (ərəbcə: المحدثة) Həzrət Fatimeyi-Zəhranın (s) ləqəblərindən biridir və mənası mələklərin onunla danışdığı qadın deməkdir. Bu ləqəb rəvayətlərdə Məryəm (s) və Sara kimi digər qadınlar üçün də işlədilmişdir. Bildirilir ki, mələklər Həzrət Zəhra (s) ilə başsağlığı vermək, möminlər haqqında xəbər vermək və gələcək hadisələr barədə danışmaq kimi mövzularda söhbət etmişlər.
Mələklərin imamlarla və Həzrət Fatimə (s) ilə danışması, şiələrin etiqadlarındandır. Bəzi əhli-sünnə alimləri bu səbəbdən şiələrə imamların peyğəmbərliyinə inanmaq ittihamını yönəldirlər. Lakin "Əl-Qədir" əsərinin müəllifi Əllamə Əmini bildirir ki, peyğəmbərlərdən qeyrilərinin mələklərlə söhbət etməsi, həm şiə, həm də əhli-sünnə alimlərinin qəbul etdiyi bir məsələdir. Onlar sadəcə olaraq, bu halın kimlər üçün baş verdiyi barədə fikir ayrılığına malikdirlər.
Mühəddəsə – Həzrət Zəhranın (s) ləqəbi
Şiə rəvayətlərinə əsasən, "Mühəddəsə", Həzrət Fatimeyi-Zəhranın (s) ləqəblərindən biri[1] və onun doqquz adından biridir.[2] Bundan başqa, şiə rəvayətlərinə görə, "Mühəddəsə" ləqəbi Həzrət Məryəm (s), Həzrət Musanın (ə) anası və Sara üçün də işlədilmişdir.[3]
"Fatimə (s) müshəfi" ilə bağlı olan rəvayətlərdə onun "Mühəddəsə" olması müxtəlif şəkillərdə açıqca qeyd olunmuşdur.[4] Həmçinin Həzrət Fatimənin (s) ziyarətnaməsində də ona "əl-Mühəddəsətul-əlimətu" (mələklərin onunla danışdığı və elm sahibi olan) ünvanı ilə xitab edilmişdir.[5]
Mühəddəsə kəlməsinin mənası
Mühəddəsə, ona söz deyilən (xitab olunan) şəxs deməkdir.[6] "Əl-Qədir" kitabının müəllifi Əllamə Əmini, mühəddəs termininin peyğəmbər olmayan, lakin mələklərin onunla danışdığı şəxs üçün istifadə edildiyini bildirir.[7]
Bəzilərinə görə, mələklərin Həzrət Fatimə (s) ilə olan söhbətləri beş mövzuda cəmlənir:
- Təsəlli və başsağlığı vermək.
- Peyğəmbər (s) və onun behiştdəki məqamı haqqında məlumat vermək.
- Gələcək hadisələr barədə xəbər vermək.
- Hakimlər haqqında məlumat vermək.
- Möminlər və kafirlər haqqında xəbər vermək.[8]
Bəzi alimlər "danışan və nitq söyləyən" mənasında olan "mühəddisə" sözünü də Həzrət Fatimənin (s) ləqəblərindən biri kimi qeyd etmişlər. Belə ki, rəvayətlərə görə, Fatimə (s) hələ anasının bətnində olarkən onunla danışmışdır.[9]
Mələklərin peyğəmbər olmayan şəxslərlə danışmasının mümkünlüyü
Əllamə Əmini, Həzrət Zəhra (s) və məsum imamların mühəddəs olmasını şiələrin əqidəsi hesab edir. Onun sözlərinə görə, mələklərin peyğəmbər olmayan şəxslərlə danışmasının mümkün olması həm şiə, həm də sünni mənbələrində qəbul edilən bir anlayışdır.[10] O, bu məsələdəki fərqin yalnız bu şəxslərin nümunələrində olduğunu aydınlaşdırır, məsələn, şiələr sünnilərdən fərqli olaraq Ömər ibn Xəttabı mühəddəs hesab etmirlər.[11]
Səudiyyə ərəbistanlı sələfi yazıçı Abdullah Qəsimi, "Əs-Səra bəynəl-İslam vəl-vəsəniyyə" kitabında, bu inanca görə şiələri imamlar və Həzrət Fatimə (s) üçün peyğəmbərlik məqamını qəbul etməkdə ittiham edir. Lakin Əllamə Əmini bu ittihama cavab vermişdir.[12]
Peyğəmbər olmayan şəxslərin mələklərlə danışa bilməsini sübut etmək üçün Qurandakı bəzi ayələrə istinad olunur. Məsələn:"Ali-İmran" surəsinin 42-ci ayəsi, "Hud" surəsinin 71-73-cü ayələri, "Qəsəs" surəsinin 7-ci ayəsi. Bu ayələrdə əvvəlki ümmətlərdən olan bəzi pak qadınlarla mələklərin danışmasına işarə edilir.[13]
İstinadlar
- ↑ Şeyx Səduq, İləluş-şəraye, h.q 1386, c.1, s.182; Təbəri, Dəlailul-imamə, s.81, hədis 20; Məclisi, Biharul-ənvar, h.q 1403, c.14, s.206, hədis 23
- ↑ Şeyx Səduq, əl-Əmali, h.ş 1376, s.592
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.43, s.79
- ↑ Baxın: əs-Səffar, Bəsairud-dərəcat, h.q 1404, s.152; Məclisi, Biharul-ənvar, h.q 1403, c.18, s.270, hədis, 34; Məhdəvi Rad, Müshəfe Fatimə, s.73
- ↑ Qumi, Məfatihul-cinan, s.317
- ↑ Rəhmani Həmədani, Fatimeyi-Zəhra (s) şademani dele pəyambər (s), h.ş 1381, s.244
- ↑ Əllamə Əmini, Əl-Ğədir, h.q 1416, c.5, s.67
- ↑ Rəhman setayeş, Qoftequye məlaike ba Həzrət Fatimə (s), s.25-26
- ↑ Rəhmani Həmədani, Fatimeyi-Zəhra (s) şademani dele pəyambər (s), h.ş 1381, s.244
- ↑ Əllamə Əmini, Əl-Ğədir, h.q 1416, c.5, s.67-68
- ↑ Əllamə Əmini, Əl-Ğədir, h.q 1416, c.5, s.68-70
- ↑ Əllamə Əmini, Əl-Ğədir, h.q 1416, c.5, s.75
- ↑ Rəhmani Həmədani, Fatimeyi-Zəhra (s) şademani dele pəyambər (s), h.ş 1381, s.147-148; Məclisi, Biharul-ənvar, h.q 1403, c.43, s.79
Ədəbiyyat
- Rəhman Setayeş, Məhəmməd Kazim, Qoftequye məlaike ba Həzrət Fatimə (s), Hədis pejuhu, h.ş 1391
- Rəhmani Həmədani, Əhməd, Fatimeyi-Zəhra (s) şademani dele pəyambər (s), Tərcümə: Seyyid Həsən İftixarzadə Səbzivari, Tehran, 4-cü çap, h.ş 1381
- Şeyx Səduq, Məhəmməd ibn Əli, əl-Əmali, Tehran, Ketabçi, 6-cı çap, h.ş 1376
- Şeyx Səduq, Məhəmməd ibn Əli, İləluş-şəraye, Nəcəf, Məktəbətul-Heydəriyyə, h.q 1386
- Əs-Səffar Qumi, Məhəmməd ibn Həsən ibn Fərrux, Bəsairud-dərəcat, Qum, 2-ci çap, h.q 1404
- Təbəri, Məhəmməd ibn Cərir ibn Rüstəm, Dəlailul-imamə, Qum, Besət, 1-ci çap, h.q 1413
- Əllamə Əmini, Əbdül-Hüseyn, Əl-Ğədir, Qum, h.q 1416
- Qumi, Abbas, Məfatihul-cinan, Üsvə nəşri
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, Əl-Vəfa müəssisəsi, h.q 1403
- Məhdəvi Rad, Məhəmməd Əli, Müshəfe Fatimə, Dər daneşnameye Fatimi (s), c.3, Tehran, h.ş 1393