Kövsər surəsi

wikishia saytından
(Quranın 108-ci surəsi səhifəsindən yönləndirilmişdir)
Kövsər surəsi
Cüz30
Ayə3
Məkkə\MədinəMəkkə
Nazil olma sırası15
Söz10
Hərf43


Kövsər surəsi (ərəbcə: سورة الكوثر) Quranın 108-ci surəsi və Məkkədə nazil olan surələrdən biridir ki, Quranın 30-cu cüzündə yerləşib. Bu surə Quranın ən kiçik surəsidir və birinci ayəsində Peyğəmbər (s) üçün Kövsər adlı bir nemətdən bəhs edildiyi üçün Kövsər adlanır. Həmçinin Peyğəmbərdən (s) bu böyük nemət qarşısında namaz qılmağıqurban kəsməyi istəyir.

Kövsər hovuzu, cənnətdə bir çay, bol xeyir, İslam, peyğəmbərlik, Quran, çoxlu səhabə, şəfaət və övladın çoxluğu Kövsərin nümunələri olaraq təqdim edilir. Bir çox şiə alimlərinin əqidəsinə görə, Həzrət Fatimə (s) və övladları Kövsərin nümunələrindəndir. Çünki surə Peyğəmbəri (s) nəsli və övladları olmayan hesab edənlərin cavabında nazil olmuşdur.

Kövsər surəsini oxumağın fəziləti haqqında qeyd edilmişdir ki, hər kim bu surəni gündəlik namazlarda oxuyarsa, Qiyamət günü Kövsər hovuzundan su içər və Tuba ağacının altında Allah Rəsulu ilə (s) həmnişin olar.

Surənin tanıtımı

Adlandırması

Bu surə ona görə Kövsər adlanır ki, onun ilk ayəsində Allahın Peyğəmbərə (s) bəxş etdiyi Kövsər adlı nemətdən bəhs etmişdir.[1]

Nazil olma yeri və sırası

Kövsər surəsi Məkkədə nazil olan surələrdən biridir və Peyğəmbərə (s) nazil olan on beşinci surədir. Bu surə Quranın hazırkı düzülüşündə 108-ci surədir və Quranın 30-cu cüzündə yerləşib.[2]

Ayətlərin və sözlərin sayı

Kövsər surəsi 3 ayə, 10 söz və 43 hərfdən ibarətdir. Bu surə Quranın ən kiçik surəsidir.[3]

Nazil olma səbəbi

Kövsər surəsi As ibn Vailin Peyğəmbər (s) haqqında dediyi sözlər barəsində nazil olmuşdur. Allah Rəsulunun (s) oğlu Abdullah vəfat etdiyi və Peyğəmbərin (s) oğlu olmadığı üçün Qureyş böyüklərinin məclisində Peyğəmbər (s) haqqında "əbtər" (nəsli kəsilmiş) kəlməsini işlətdi.[4]

Allah bu surə ilə Peyğəmbərə (s) təsəlli verdi ki, ona çoxlu xeyir verilmişdir. Həmçinin ona müjdə verdi ki, onun düşmənləri "əbtər" olacaq.[5]

Surənin məzmunu

"Zuha" və "İnşirah" surələri kimi bütün ayələrində Peyğəmbərə (s) xitab edən "Kövsər" surəsi[6] Allahın Öz Peyğəmbərinə (s) bəxş etdiyi Kövsər adlı nemətdən bəhs edir.[7] Təfsirçilər Kövsəri böyük bir xeyir kimi təfsir ediblər.[8] Elə bir xeyir ki, Peyğəmbərdən (s) onun müqabilində namaz qılması və qurban kəsməsi istənilib.[9]

Kövsərin nümunələri

Kövsərin nümunəsinin nə olduğu barədə təfsirçilər müxtəlif fikirlər söyləyirlər. Kövsər hovuzu, cənnətdə bir çay, bol xeyir, İslam, peyğəmbərlik, Quran, səhabə və ardıcılların sayının çoxluğu, Peyğəmbərin (s) nəslinin çox olması və şəfaət Kövsərin nümunələri olaraq təqdim edilmişdir.[10]

"Nümunə" təfsirində bir çox şiə alimlərindən nəql olunub ki, Həzrət Fatimə (s) Kövsərin nümunələrindən biridir. Çünki bu surədə Peyğəmbəri nəsli və övladı olmayan hesab edənlərdən bəhs edilir. Bir halda ki, Peyğəmbərin (s) nəsli onun qızı Fatimə (s) vasitəsilə davam etmişdir. O, elə həmin nəsildir ki, imamət ona həvalə edilmişdir.[11] Quran təfsirçisi Abdullah Cavadi Amuli Kövsəri Həzrət Fatimə (s) ilə bağlı hesab edir ki, onun nəslindən on bir imam dünyaya gəlib və dünyanın fəxri olub. Habelə onların və övladlarının adı dünyanın şərqini və qərbini idarə edir.[12]

Şiə təfsirçisi Əllamə Təbatəbai "Əl-Mizan" təfsirində qeyd edir ki, "Kövsər" surəsinin məqsədi Peyğəmbərin (s) qəlbini rahatlaşdırmaq olduğu üçün "inna ətəynakə" (sənə əta etdik) ifadəsi işlədilmişdir. Bu ifadə Peyğəmbərin (s) Kövsərə sahib olmasına dəlalət edir və bu Quranın qeybi xəbərlərindən biridir. Çünki Allah o Həzrətin vəfatından sonra onun nəslinə bərəkət vermişdir. Elə ki, bütün dünyada ona bərabər olan heç bir nəsil tapılmaz. Bununla belə ki, onun ailəsinin başına çoxlu bəlalar gətiriblər. Habelə böyük döyüşlərdə onlardan dəstə-dəstə qətlə yetiriblər.[13]

"Nəhr" sözünün təfsiri ilə bağlı müxtəlif fikirlər

"Nəhr" sözünün təfsiri ilə bağlı təfsirçilər müxtəlif fikirlər söyləyirlər. Fəzl ibn Həsən Təbərsi (hicri 548-ci ildə vəfat edib)[14] və Əllamə Təbatəbai (şəmsi təqvimi ilə 1360-cı ildə vəfat edib)[15] kimi müfəssirlər şiəsünni rəvayətlərinə istinad edərək təkbir demək zamanı əlləri qaldırıb üzün qabağına gətirmək kimi şərh ediblər. Amma Ayətullah Məkarim Şirazi hesab edir ki, "nəhr"in qurban kimi təfsir edilməsi daha məqsədə uyğundur, çünki o, Allahdan başqası üçün ibadət və qurban kəsən müşriklərin əməllərini inkar etmək məqsədi daşıyır.[16] Bəzi təfsirçilər "nəhr"i irfani təfsirdə belə məna ediblər ki, Peyğəmbərin (s) öz nəfsaniyyətini aradan aparıb və özünü haqqda fani etdiyini bildirir ki, o, haqqın qalıcı nurunda əbədiləşə bilsin.[17]

Kövsər surəsini oxumağın fəzilətləri və faydaları

İmam Hüseynin (ə) rəvaqlarının birinə Kövsər surəsinin nəqşi

Əbu Bəsir İmam Sadiqdən (ə) nəql edir: "Hər kim gündəlik namazda "Kövsər" surəsini oxuyar, Qiyamət günü Kövsər hovuzundan içər və "Tuba" ağacının altında Allah Rəsulu (s) ilə həmnişin olar".[18]

Məcməül-Bəyan təfsirində Peyğəmbərdən (s) belə nəql edilir: "Hər kim "Kövsər" surəsini oxuyarsa, Allah ona cənnət çaylarından su verər. Habelə Allah bəndələrinin bayram günü kəsdikləri qurbanların sayı, eləcə də kitab əhli və müşriklərin kəsdikləri qurbanların sayı qədər ona mükafat verəcəkdir".[19]

Müstəhəb namazlarda surənin oxunması

Həmçinin bəzi müstəhəb namazlarda "Kövsər" surəsini oxumaq tövsiyə olunub; o cümlədən:

İncəsənət əsərləri

"Kövsər" surəsi bəzi ziyarətgahlarda, məscidlərdə, imamzadələrdə və dini mədrəsələrdə kitabə və ya kaşı şəklində həkk olunmuşdur. O cümlədən, İmam Hüseynin (ə) zərihinin içərisində[22] Şeyx Səduqun məqbərəsində İbrahim Tehraninin xətti ilə yazılmış kətibə,[23] Sepəhsalar mədrəsəsindəki kətibə[24] və İsfahanın Seyid məscidinin qapısının üstündəki kətibələr.[25]

Kövsər surəsinin mətni və tərcüməsi

Kövsər surəsi

Tərcümə Ərəbcə mətn
Bağışlayan və mehriban Allahın adı ilə

1. (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər əta etdik. (Çoxlu xeyir, sabit din, baqi kitab, sonsuz elm, Həzrət Fatimeyi–Zəhranın (s.ə) gündən-günə artıb çoxalan baqi nəslini, ümmətin alimlərini, Kövsər hovuzu və Cənnətdə çay əta etdik). 2. Odur ki, (şükranlıq üçün) Rəbbinə itaət et və namaz qıl, (ona təkbir deyərək) əllərini boğazına qədər yuxarı qaldır (yaxud dəvə qurbanı kəs!). 3. Həqiqətən, (sən sonsuz və nəsilsiz deyilsən), sənin düşmənin özü sonsuz və nəsli kəsilmişdir.[26]

إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ ١ فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ ٢ إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ٣

İstinadlar

  1. Xürrəmşahi, Sureye Kövsər, s.1269
  2. Mərifət, Amuzeşe ulume Quran, h.ş 1371, c.2, s.166
  3. Xürrəmşahi, Sureye Kövsər, s.1269
  4. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.836; Vahidi, Əsbabu nuzulil-Quran, h.q 1411, s.494
  5. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.27, s.369
  6. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.27, s.370
  7. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.27, s.370-371
  8. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.835
  9. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.27, s.372
  10. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.836-837; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.20, s.370
  11. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.27, s.375; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.20, s.370
  12. Cavadi Amuli, Duruse təfsir, Kövsər surəsi
  13. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.20, s.371
  14. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.837
  15. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.20, s.372
  16. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.27, s.374
  17. İbn Ərəbi, Təfsiru İbn Ərəbi, h.q 1422, c.2, s.434
  18. Səduq, Səvabul-əmal, h.q 1406, s.126-127
  19. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.835
  20. Qumi, Məfatihul-cinan, Ramazan ayının gecələrinin namazları hissəsi
  21. Qumi, Məfatihul-cinan, Ramazan ayının gecələrinin namazları hissəsi
  22. «کدام آیات و روایات در ضریح جدید امام حسین‌(ع) درج شده است»
  23. Müstəfəvi, Asare tarixi, h.ş 1361, c.1, s.243
  24. Məhcur Əlii, Bərresiye kətibehaye məscid - Mədrəseye Şəhid Mütəhhəri, s.57
  25. «مسجد سید اصفهان», irandeserts.com saytı
  26. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev Dürdanə Cəfərli

Ədəbiyyat

  • Qurani-Kərim, Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev Dürdanə Cəfərli
  • İbn Ərəbi, Muhyiddin, Təfsiru İbn Ərəbi, h.q 1422 - m.2001, Livan \ Beyrut
  • Xürrəmşahi, Qivamuddin, Sureye Kövsər, Dustan - Nahid, h.ş 1377
  • Səduq, Məhəmməd ibn Əli, Səvabul-əmal, Qum, h.q 1406
  • Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, h.q 1390
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, h.ş 1372
  • Qumi, Şeyx Abbas, Məfatihul-cinan, Tehran, Üsvə, h.ş 1384
  • Müstəfəvi, Məhəmməd Təqi, Asare tarixi, Tehran, h.ş 1361
  • Mərifət, Məhəmməd Hadi, Amuzeşe ulume Quran, 1-ci çap, h.ş 1371
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1371
  • Məhcur Əlii, Bərresiye kətibehaye məscid - Mədrəseye Şəhid Mütəhhəri, h.ş 1390
  • Vahidi, Əli ibn Əhməd, Əsbabu nuzulil-Quran, Beyrut, Darul-kutubil-İslamiyyə, h.q 1411

Xarici keçid