Taslim:Əmanət ayəsi
| Ayənin adı | Əmanət ayəsi |
|---|---|
| Yerləşdiyi surə | Əhzab |
| Ayənin nömrəsi | 72 |
| Cüz | 22 |
| Mövzu | Etiqadi |
| Barəsində | Vilayət və imamət |
Əmanət ayəsi (ərəbcə: آية الأمانة) Allahın insanın ixtiyarına verdiyi bir əmanətdən söz açır. Ayəyə görə, Allah bu əmanəti əvvəlcə göylərə, yerə və dağlara təqdim etdi, onlar isə onu qəbul etmədilər, lakin insan onu öhdəsinə götürdü. Müsəlman müfəssirlər bu əmanətin nə olduğu, niyə göylər, yer və dağlar onu qəbul etmədiyi, amma insanın qəbul etdiyi barədə çox müzakirə aparmış və müxtəlif baxışlar irəli sürmüşlər.
Şiənin rəvayət təfsirlərinə görə, əmanətdən məqsəd Peyğəmbərin (s) və şiə imamlarının vilayəti və imamətidir, lakin sünni müfəssirlər bunun dini vəzifələr və ilahi təkliflər olduğunu bildirirlər. Əllamə Təbatəbaiyə görə isə əmanət, ilahi vilayətin özüdür və məxluqlar arasında yalnız insan ona layiqdir, çünki yalnız insanda ən yüksək kamal dərəcəsinə çatmaq qabiliyyəti vardır. Ayənin sonunda insanın “zalımlıq və cəhalət”lə vəsf edilməsinin səbəbi də budur ki, insan bu əmanətin əhəmiyyətinə diqqət etmədən özünə zülm edə bilər və bunun qarşılığında onu necə böyük bir əzabın gözlədiyini bilmir. Lakin bu ifadə bütün insanların belə olduğunu bildirmir, məqsəd budur ki, insan həm elm və ədalətə, həm də zülm və cəhalətə qadir bir varlıqdır. Əmanət ayəsi Hafiz Şirazi, Mövlana Cəlaləddin Rumi və Xacə Abdullah Ənsari kimi şairlərin irfani ədəbiyyat və şeirlərində də geniş şəkildə işlədilmişdir.
Ayənin İslam mədəniyyətində məşhurluğu
Əhzab surəsinin 72-ci ayəsi müsəlman müfəssirlərin xüsusi diqqətini cəlb etmişdir. Şiə və sünni təfsirçilər bu ayənin altında, əmanətin nə olduğu, niyə göylər və yer onu qəbul etmədiyi, lakin insanın qəbul etdiyi barədə geniş müzakirələr aparmışlar.[1] Hədislərdə də bu mövzu ilə bağlı müxtəlif izahlar nəql olunmuşdur.[2]
Mətn və Ayənin tərcüməsi
إِنَّا عَرَضْنَا الْأَمَانَةَ عَلَى السَّمَاوَاتِ وَالْأَرْضِ وَالْجِبَالِ فَأَبَيْنَ أَنْ يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا الْإِنْسَانُ إِنَّهُ كَانَ ظَلُومًا جَهُولًا
Biz əmanəti (iman və təqvadan hasil olan uca, mənəvi və insani kamallara yetişməyi) göylərə, yerə və dağlara təklif etdik (onların bunu götürmək qabiliyyətlərini ölçdük), onlar onu (öz öhdələrinə) götürməkdən boyun qaçırtdılar və qorxdular (onlarda belə bir şeylə vəsflənmək səlahiyyəti olmadı və hallarının dili ilə qorxu izhar etdilər) və insan onu boynuna götürdü (onda zati bir səlahiyyət var idi, beləliklə, təbiəti cəhətdən də onu qəbul etdi və buna görə də səmavi dini peyğəmbərlərin vasitəsilə onun öhdəsinə qoyduq) və həqiqətən, o (təbiətən özünə) zülm edən və (yüklənməsinin aqibətlərindən) cahil idi.[3]
Əhzab, 72
Əmanətdən məqsəd nədir?
Müsəlman təfsir kitablarında “əmanət” sözündən müxtəlif mənalar anlaşılmışdır. Bu mənalar arasında bunlar qeyd olunur: Peyğəmbərin (s) və şiə imamlarının vilayəti və imaməti,[4] dini vəzifələr və şəriət hökmləri,[5] insanın ilahi vilayəti,[6] ağıl, “la ilahə illəllah” kəlamı,[7] bədən üzvləri,[8] insanların bir-birinin yanında qoyduğu əmanətlər.[9]
Şiə rəvayət təfsirlərində, Peyğəmbərdən (s) və şiə imamlarından nəql olunan hədislərə əsasən, əmanətdən məqsəd Əhli-beytin vilayəti, imaməti, onlara itaət və onlara məhəbbət kimi izah edilmişdir.[10] Sünni təfsirlərində isə əmanət, Allahın insanın çiyinlərinə qoyduğu şəriət vəzifələri və dini öhdəliklər kimi qəbul edilmişdir.[11] Şiə müfəssiri Təbərsi də bu fikri qəbul etmişdir.[12]
"Əl-Mizan" təfsirinin müəllifi Seyid Məhəmmədhüseyn Təbatəbai hesab edir ki, əmanətdən məqsəd insanın daşıdığı ilahi vilayətdir. Bu vilayətin insana verilməsinin səbəbi isə budur ki, mövcudatlar arasında yalnız insan doğru etiqad və saleh əməl vasitəsilə kamal yolunu keçərək elə bir yüksək məqama çata bilər ki, heç bir başqa varlıq ona yetişə bilməz.[13]
O, İmam Sadiqdən (ə) nəql olunan və əmanətdən məqsədin İmam Əlinin (ə) vilayəti olduğunu bildirən bir hədisi də qeyd edərək,[14] Əhli-beytin vilayətini insanın ilahi vilayətinin nümunələrindən biri saymışdır.[15]
Əmanətin göylərə, yerə və dağlara təqdim edilməsi
Müfəssirlərin Əmanət ayəsi (Əhzab: 72) barədə müzakirə etdikləri suallardan biri də budur ki, əmanətin göylərə, yerə və dağlara “təqdim edilməsi”ndən məqsəd nədir? Bu mövzuda müxtəlif baxışlar irəli sürülmüşdür: bəziləri bu ifadəni həqiqi, bəziləri isə məcazi mənada anlamışlar.
Həqiqi mənası
Şiə rəvayət təfsirlərində istinad edilən bir hədisə görə, Allah göylərə, yerə və dağlara belə buyurdu: “Məhəmməd (s) və Əhli-beyt Mənim dostlarım, övliyalarım və insanlar üzərində höccətlərimdir. Mənim yanımda heç bir məxluq onlardan daha sevimli deyil. Onların vilayəti Mənim məxluqlarım arasında qoyduğum əmanətdir. Hansınız istəyirsiniz ki, bu vilayət sizin üçün olsun, Mənim seçdiklərim üçün deyil?” Göylər, yer və dağlar bu qədər böyük bir məqamı istəməkdən qorxdular və onu qəbul etmədilər.[16]
Bəzi sünni təfsirlərində isə belə nəql olunur ki, Allah göylərə, yerə və dağlara buyurdu: “Bu əmanəti (yəni şəriət vəzifələrini) yerinə yetirə bilərsinizmi?” Onlar soruşdular: “Bu əmanətə əməl etsək, bizə nə veriləcək?” Allah buyurdu: “Düz yol ilə getsəniz, mükafatlandırılacaqsınız, əgər yolunuzu azsanız, əzab görəcəksiniz”. Göylər, yer və dağlar şəriət vəzifələrini yerinə yetirə bilməməkdən qorxaraq bu əmanəti qəbul etmədilər. Lakin insan onu qəbul etdi.[17]
Məcazi mənası
Əllamə Təbatəbaiyə görə, “Biz bu əmanəti göylərə, yerə və dağlara təqdim etdik” ifadəsi insanın qabiliyyətini göylər, yer və dağların imkanları ilə müqayisə etmək məqsədi daşıyır. Yəni, bu varlıqlar bütün əzəmətlərinə baxmayaraq, Allahın əmanəti olan vilayəti qəbul etmək üçün lazım olan qabiliyyətə malik deyildilər. Yalnız insan belə bir istedada sahibdir ki, ilahi vilayəti daşısın və kamalın ən yüksək mərtəbəsinə çatsın.[18]
Sünni müfəssirlərdən Alusi də hesab edir ki, Allah burada təşbeh və bənzətmədən istifadə etmişdir. Məqsəd həm ilahi əmanətin, yəni dini vəzifələrin böyüklüyünü və çətinliyini göstərmək, həm də insanın onu öz ixtiyarı ilə qəbul etdiyini bildirməkdir. Çünki göylər, yer və dağlar qəbul etmədiyi kimi, o da qəbul etməyə bilərdi. Onun nəzərinə görə, Allah bu təşbeh vasitəsilə ilahi əmanətin vacibliyini ifadə etmək və dini vəzifələri yerinə yetirməyin o qədər vacib olduğunu demək üçün qeyd etmişdir ki, əgər qüdrətin rəmzləri olan göylər, yer və dağlar şüur və idrak sahibi olsaydılar və onlara bu əmanəti (şəriət vəzifələrini) yerinə yetirmək əmr olunsaydı, onlar da bunu qəbul etməzdilər.[19]
Niyə insan “zalımlıq” və “cahillik”lə vəsf edilmişdir?
İnsanın heyvandan fərqi Qurani-Kərim insanın əmanəti — məsuliyyət və vəzifəni — daşımaqda göstərdiyi bu heyrətamiz qabiliyyətindən bəhs etdiyi zaman dərhal onu “zəllum” (çox zalım) və “cəhul” (çox cahil) sifətləri ilə də vəsf edir.
İnsandakı bu iki qabiliyyət — kamilləşmə qabiliyyəti və azğınlaşma qabiliyyəti — bir-birindən ayrılmazdır. İnsan ictimai həyatında nə irəli, nə geri, nə sola, nə də sağa getməyən heyvan kimi deyil.
İnsan həyatında bəzən irəliləyiş, bəzən isə geriləmə baş verir. İnsan həyatında hərəkət və sürət olduğu kimi, dayanma və tənəzzül də vardır. İnkişaf və kamilləşmə olduğu kimi, fəsad və azğınlıq da vardır. Ədalət və yaxşılıq olduğu kimi, zülm və təcavüz də vardır. Elm və ağlın təzahürləri olduğu kimi, cəhalət və nəfsani istəklərə pərəstişin təzahürləri də mövcuddur.[20]
Əllamə Təbatəbainin sözünə görə, Allahın insanı zalim və cahil adlandırmasının səbəbi budur ki, insan bu əmanətin böyüklüyünə və əhəmiyyətinə diqqət etmədən özünə zülm edə bilər və belə etdiyi təqdirdə onu necə böyük bir əzabın gözlədiyini bilmir. Lakin bu ifadə bütün insanların belə olduğunu bildirmir; məqsəd budur ki, insan həm elm və ədalətə, həm də zülm və cəhalətə qadir bir varlıqdır.[21] Sünni müfəssirlərdən Fəxrəddin Razinin də irəli sürdüyü ehtimallardan birini biri də budur.[22]
Sünni müfəssiri Alusinin izahına görə isə, insanın “zalim” və “cahil” adlandırılması insanların çoxunun bu əmanətə və şəriət vəzifələrinə layiqincə əməl edə bilməməsinə işarədir. Buna görə də növbəti ayədə Allahın münafiqləri və müşrikləri əzablandıracağı, möminlərin isə tövbəsini qəbul edəcəyi bildirilmişdir.[23]
İstinadlar
- ↑ Nümunə üçün baxın: Təbatəbai, Əl-Mizan, c.16, s.348-349; Təbərsi, Məcməul-bəyan, s.584-586; Fəxruddin Razi, Ət-TƏfsirul-kəbir, c.25, s.187-189; Alusi, Ruhul-məani, c.11, s.270-271
- ↑ Nümunə üçün baxın: Kuleyni, Əl-Kafi, c.1, s.413; Bəhrani, Əl-Burhanu fi təfsiril-Quran, c.1, s.183-184; Qumi, Təfsirul-Qumi, c.2, s.198
- ↑ Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
- ↑ Baxın: Bəhrani, Əl-Burhanu fi-təfsiril-Quran, c.1, s.183-184; Qumi Məşhədi, Kənzud-dəqaiq, c.10, s.450-451; Kufi, Təfsiru Furatil-Kufi, s.342-343
- ↑ Nümunə üçün baxın: Fəxruddin Razi, Ət-Təfsirul-Kəbir, c.25, s.187; Alusi, Ruhul-məani, c.11, s.270; Məybudi, Kəşful-Əsrar, c.8, s.92-93
- ↑ Təbatəbai, Əl-Mizan, c.16, s.349
- ↑ Təbatəbai, Əl-Mizan, c.16, s.349
- ↑ Təbərsi, Məcmul-bəyan, c.8, s.584
- ↑ Təbərsi, Məcmul-bəyan, c.8, s.584
- ↑ Baxın: Bəhrani, Əl-Burhanu fi-təfsiril-Quran, c.1, s.183-184; Qumi Məşhədi, Kənzud-dəqaiq, c.10, s.450-451; Kufi, Təfsiru Furatil-Kufi, s.342-343; Qumi, Təfsirul-Qumi, c.2, s.198
- ↑ Nümunə üçün baxın: Fəxruddin Razi, Ət-Təfsirul-kəbir, c.25, s.187; Alusi, Ruhul-məani, c.11, s.270-271; Məybudi, Kəşful-Əsrar, c.8, s.92-93
- ↑ Təbərsi, Məcməul-bəyan, c.8, s.585
- ↑ Təbatəbai, Əl-Mizan, c.16, s.349
- ↑ Kuleyni, Əl-Kafi, c.1, s.413
- ↑ Təbatəbai, Əl-Mizan, c.16, s.354
- ↑ Baxın: Bəhrani, Əl-Burhanu fi təfsiril-Quran, c.1, s.183-184; Qumi Məşhədi, Kənzud-dəqaiq, c.10, s.450-451; Kufi, Təfsiru Furatil-Kufi, s.342-343
- ↑ Nümunə üçn baxın: Fəxruddin Razi, Ət-Təfsirul-Kəbir, c.25, s.187; Məybudi, Kəşful-Əsrar, c.8, s.92-93
- ↑ Təbatəbai, Əl-Mizan, c.16, s.349
- ↑ Alusi, Ruhul-məani, c.11, s.270
- ↑ Mütəhhəri, Məcmue asar, c.19, s.109
- ↑ Təbatəbai, Əl-Mizan, c.16, s.350-351
- ↑ Fəxruddin Razi, Ət-Təfsirul-Kəbir, c.25, s.188
- ↑ Alusi, Ruhul-məani, c.11, s.271
Ədəbiyyat
- Alusi, Mahmud, Ruhul-məani fi təfsiril-Quranil-Əzim, Təhqiq: Əli Əbdül-Bari Ətiyyə, Cəm edən: İbrahim Şəmsuddin və s., Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, m.1994
- Bəhrani, Haşim, Əl-Burhanu fi-təfsiril-Quran, Təhqiq: Besət mərkəzi, İslami təhqiqat mərkəzi, Qum, Besət mərkəzi, 1-ci çap, m.1994
- Fəxruddin Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Beyrut, Daru ihyait-turasil-ərəbi, m.1999
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Darul-kutubil-İslamiyyə, 4-cü çap, m.1986
- Kufi, Furat ibn İbrahim, Təfsiru Furatil-Kufi, Təhqiq və düzəliş edən: Məhəmməd Kazim, Tehran, Çap və nəşre vezarəte fərhəng və İrşade İslami müəssisəsi, m.1989
- Qumi Məşhədi, Məhəmməd, Kənzud-dəqaiq və Bəhrul-ğəraib, Təhqiq Hüseyn Dərqahi, Çap və nəşre vezarəte fərhəng və İrşade İslami müəssisəsi, 1-ci çap, m.1989
- Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Təhqiq: Təyyib Musəvi Cəzairi, Qum, Darul-kitab, 3-cü çap, m.1984
- Məybudi, Əhməd, Kəşful-Əsrar və uddətul-əbrar, Əli Əsğər Hikmətin səyi ilə, Tehran, Əmir Kəbir, 5-ci çap, m.1992
- Təbatəbai, Seyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Qum, İslami nəşriyyat ofisi, 5-ci çap, m.1996
- Təbərsi, Fəzl ibn Həsən, Məcmul-bəyan fi təfsiril-Quran, Tehran, Nasir Xosrov, 3-cü çap, m.1993