Əmin (ləqəb)

wikishia saytından
(Əmin səhifəsindən yönləndirilmişdir)
Bu məqalə Əmin ləqəbi barəsindədir. İslam peyğəmbərinin (s) şəxsiyyəti və həyatı haqda məlumat almaq üçün Həzrət Muhəmməd (s) məqaləsinə daxil olun.

Əmin (ərəbcə: الأمين), İslam Peyğəmbərinin (s) ləqəblərindəndir ki, o Həzrət peyğəmbərliyindən illər əvvəl bu ləqəblə adlandırılmışdır. Etibarlı adama əmin (əmanətdar) deyilir ki, başqaları onun xəyanət etməsindən amanda olsunlar. Allah Rəsulunun (s) “əmin” adlandırmasına səbəb olan xüsusiyyətlərdən biri də o Həzrətin əmanətdar olması idi. İmamların (ə) rəvayətlərində Peyğəmbərin (s) əmanətdar olması vurğulanır, bəzi ziyarətnamələrdə “əssəlamu əla əminillahi əla rusulihi” ibarəti ilə o Həzrətdən yad edilib.

Məfhum və önəmi

Əmin (Əmanətdar), İslam Peyğəmbərinin (s) ləqəblərindəndir ki, o Həzrət peyğəmbərliyindən uzun illər əvvəl bu ləqəblə adlandırılmışdır.[1] Əmin o kəsdir ki, ona etibar edilir və xəyanət etməyəcəyindən amandadırlar.[2] Üçüncü qəməri əsrin tarixçisi İbn Səd “Təbəqatul-Kübra” kitabında deyir: “Peyğəmbərin (s) o qədər gözəl xüsusiyyətləri kamil idi ki, o Həzrətin Məkkədə Əmindən başqa adı yox idi”.[3] Təbəri tarixində (müəllifi hicri 303-cü ildə yazılmış) nəql olunan bir xəbərə görə, Qüreyş Peyğəmbərə (s) vəhy nazil olmamışdan əvvəl onu Əmin adlandırırdılar.[4]

Həmçinin İbn Abbasdan rəvayət olunur ki, Qureyş müşrikləri Allah Rəsulunu (s) Əmin adlandırdılar və onun heç vaxt yalan danışmadığını bilsələr də, onu inkar etdilər.[5] Peyğəmbərin (s) düşmənləri də o Həzrətin əmanətdar olduğuna etiraf edirdilər. Əbu Cəhlin bu mövzuda etirafı ilə bağlı hekayətlər tarixdə nəql olunmuşdur.[6] Bu xəbərlərdə onların Peyğəmbəri (s) inkar etmələrinin səbəbi Peyğəmbərin sözlərinə inanmadıqları üçün deyil, həqiqətdə, ailə və qəbilə rəqabəti Peyğəmbərin (s) peyğəmbərliyinin inkarına səbəb olmuşdur.[7]

Məhəmməd Əmin və Əmin müsəlmanların övladlarına qoyduqları adlardır. Əmin, şəmsi təqvimi ilə 1297-1380-ci illər arasında iranlıların ən yaxşı 100 adı arasında yer almışdır.[8]

Xalqın əmanətdarı

Peyğəmbərin (s) Əmin ləqəbi ilə tanınmasına səbəb olan xüsusiyyətlərindən biri də o Həzrətin əmanətdar olmasıdır.[9] Tarixi mənbələrdə Allah Rəsulunun (s) əmanətdarlığı haqqında çoxlu xəbərlər nəql olunmuşdur. O cümlədən Peyğəmbər (s) Həzrət Xədicənin (s) sərmayəsi ilə ticarətə girəndə və işgüzar səfərdən müvəffəqiyyətlə qayıdanda Xədicə (s) ona dedi: “Ey əmi oğlu; Mən sənin nəslinə, qohumluğuna, doğruçuluğuna, gözəl əxlaqına, camaatın və öz qövmünün arasında əmanətdarlığına görə fəxr edirəm”. Məhz bundan sonra Həzrət Xədicə (s) Peyğəmbərə evlənmək təklifi etdi.[10]

Həmçinin insanlar öz əmanətlərini Peyğəmbərə (s) tapşırırdılar. Peyğəmbər (s) Mədinəyə hicrət etmək qərarına gəldiyi zaman, İmam Əlidən (ə) Məkkədən Mədinəyə yalnız insanların Peyğəmbərin (s) yanında qoyduqları əmanətləri sahiblərinə qaytardıqdan sonra hicrət etməsini istədi.[11] Həmçinin bir xəbərdə  ki, müsəlmanlar Xeybər müharibəsində qida çatışmazlıqları ilə üzləşmişdilər. Bu zaman yəhudilərə çobanlıq edən bir çoban Peyğəmbərin (s) hüzuruna gəldi və onunla söhbət etdikdən sonra İslamı qəbul etdi. O, Peyğəmbərə (s) dedi ki, yəhudilərin qoyunları mənim yanımda əmanətdir, indi ki, mən müsəlman olmuşam, mənim vəzifəm nədir? Müsəlmanların yeməyə ehtiyacı olmasına baxmayaraq, Peyğəmbər (s) çobandan qoyunları yəhudilərə təhvil verməsini istədi.[12]

Vəhyin əmanətdarı

Peyğəmbərin (s) nübüvvəti onun əmanətdar olmasına dəlalət edir, çünki peyğəmbərlik Allahın əmanətidir və əmanətdar şəxsə həvalə edilməlidir.[13] İmam Əlidən (ə) nəql olunur: “Allah Həzrət Muhəmmədi (s) dünyadakı insanlara xəbərdarlıq etmək və onu vəhyə əmanətdar olmaq üçün göndərdi”.[14] “Təfsir Qummi” kitabında “mutain səmmə əmin” ayəsindəki “əmin” kəlməsi Peyğəmbərin (s) əmanətdar olmasına təfsir olunub. Həmçinin İmam Sadiqdən (ə) bu ayə haqqında rəvayət edilmişdir ki, mənası belədir: Yəni “Hökmü, Allahın yanında mötəbər və Qiyamət günü əmanətdardır”.[15] Həmçinin imamlardan nəql olunmuş bəzi ziyarətnamələrdə Allah Rəsulundan (s) “əminillahi əla rusulihi” ibarəti ilə yad edilmişdir.[16]

Peyğəmbərin (s) əmisi Əbu Talib də bir şer yazıb və orada Allah Rəsuluna (s) Əminullah deyə müraciət edib:

ٲنْتَ الأَمِينُ ٲَمِينُ اللهِ لَاكَذِبُ              وَالصَّادِقُ الْقَوْلِ لَالَهْوٌ و َلا لَعِبُ

Sən əmanətdarsan, Allahın əmanətdarısan, heç vaxt yalan danışmırsan, və düz danışansan, sən həvəs üzündən və bihudə danışan deyilsən”.[17]

Əlaqəli məqalə

İstinadlar

  1. Təbəri, Tarixu Təbəri, h.q 1378, c.2, s.290
  2. Dəhxoda, Dəhxoda lüğətnaməsi, h.ş 1377, c.3, s.3408
  3. İbn Səd, Ət-Təbəqatul-kübra, Daru sadir, c.1, s.156
  4. Təbəri, Tarixu Təbəri, h.q 1378, c.2, s.290
  5. Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.2, s.18-19
  6. Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.2, s.18-19
  7. Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.2, s.18-19
  8. «گزارشی جالب از یکصد نام برتر ایرانیان در قرن حاضر»
  9. Fərəcullahi, Əmanətdariye Peyğəmbəre (s) rəhmət, s.31-34
  10. Təbəri, Tarixu Təbəri, h.q 1378, c.2, s.281
  11. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.1, s.53
  12. İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, Darul-mərifə, c.2, s.344-345
  13. Fərəcullahi, Əmanətdariye Peyğəmbəre (s) rəhmət, s.31
  14. Nəhcül-bəlağə, h.q 1414, s.68
  15. Qumi, Təfsirul-Qumi, h.ş 1367, c.2, s.409
  16. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.ş 1356, s.201
  17. İbn Şəhraşub, Mənaqib, h.q 1379, c.1, s.56

Ədəbiyyat

  • Nəhcül-bəlağə, Təhqiq: Saleh Sübhi, Qum, Hicrət, h.q 1414
  • İbn Səd, Məhəmməd, Ət-Təbəqatul-kübra, Beyrut, Daru sadir
  • İbn Şəhraşub, Məhəmməd ibn Əli, Mənaqib, Qum, Əllamə, h.q 1379
  • İbn Qulaveyh, Cəfər ibn Məhəmməd, Kamiluz-ziyarat, Nəcəf, Darul-Mürtəzəviyyə, h.ş 1356
  • İbn Hişam, Əbdül-Məlik ibn Əyyub, Əs-Siyrətun-Nəbəviyyə, Darul-mərifə, Beyrut
  • Dəhxoda, Əli Əkbər, Dəhxoda lüğətnaməsi, Tehran, Tehran universiteti, h.ş 1377
  • Zəməxşəri, Mahmud, Əl-Kəşşaf, Beyrut, Darul-kutubil-ərəbi, h.q 1407
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, h.q 1413
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixu Təbəri, Beyrut, Darut-turas, h.q 1378,
  • Fərəcullahi, Fərəcullah, امانت‌داری پیامبر(ص) رحمت
  • «گزارشی جالب از یکصد نام برتر ایرانیان در قرن حاضر»