Əli (ə) və Fatimənin (ə) evliliyi
İki tərəf | İmam Əli (ə) və Fatimə (ə) |
---|---|
Zaman | Hicrətin 1-i, 2-si və ya 3-ü |
Dövrə | Hicri-qəməri ilinin 1-ci əsri |
Məkan | Mədinə |
Əli (ə) və Fatimənin (s.ə) evliliyi (ərəbcə: زواج الإمام علي من فاطمة الزهراء عليهما السلام), Həzrət Əlinin (ə) Peyğəmbərin qızı Həzrət Fatimə (s.ə) ilə evlənməsinə aiddir. Hədis mənbələrinə görə, İmam Əlidən (ə) əvvəl başqa insanlar Fatiməyə (s.ə) evlilik təklif etmiş və Peyğəmbər onlara cavab olaraq Fatimənin (s.ə) evliliyinin Allahın əlində olduğunu söyləmişdir.
Əli (ə) və Fatimənin (s.ə) evlilik xütbəsini Peyğəmbər oxudu. Məşhur rəyə əsasən Həzrət Zəhranın (s) mehriyyəsi, 500 dirhəm (1500 qram xalis gümüşə bərabər) qeyd edilir və bu məbləğə “Məhrüs-sünnə” deyilir. Hədislərə görə, İmam Əli (ə) zirehini satmış, Peyğəmbər isə həmin pulla Həzrət Fatimənin cehizlərini almış, həmçinin İmam Əli (ə) və Həzrət Fatimənin (s.ə) nikah gecəsində mədinəlilərə yemək ehsanı vermişdir.
Tarixi sənədlər və hədislərə görə, Əli (ə) ilə Fatimənin (s.ə) evliliyi ikinci və ya üçüncü qəməri ilində olub, lakin bu evliliyin hansı gün və ayda olması barədə ixtilaf var. Mənaqibul Ali Əbi Talibdə (qəməri təqviminin 6-cı əsrində yazılmışdır) qeyd edilənlərə əsasən, Fatimənin nikahı Zilhiccə ayının əvvəlində, toyu isə hicri qəməri təqviminin 2-ci ili, Zilhiccə ayının altısında olmuşdur. İran İslam Respublikasının təqvimində Zilhiccə ayının əvvəlii Həzrət Əli (ə) və Fatimənin (s.ə.) nikahlarının ildönümü münasibətilə evlilik günü kimi qeyd olunur.
Fatimənin elçiliyi
Mənbələrə görə, Həzrət Əli (ə) ona elçi düşməzdən öncə, Əbu Bəkr ibn Əbi Quhafə və Ömər ibn Xəttab kimi bəzi səhabələr Fatiməyə (s.ə) elçi düşmüşdülər. Peyğəmbər (s) onlara cavab olaraq Fatimənin (s.ə) evliliyinin Allahın qərarı ilə olacağını demişdi.[1] Həmçinin Həzrət Əlinin (ə) Fatimə (s.ə) ilə evliliyindən sonra, əvvəllər Fatiməyə (s.ə) elçi düşmüş mühacirlərdən bəziləri Peyğəmbərə (s) şikayət etdilər. Peyğəmbər (s) cavab olaraq Əli (ə) və Fatimənin (s.ə) Allahın əmri ilə evləndiklərini buyurmuşdu.[2]
Evlilik Xütbəsi
Mənaqibul Ali Əbi Talibdə İbn Şəhr Aşubun (hicri 588-ci ildə vəfat edib) rəvayətinə görə, Peyğəmbər (s) Fatimə (s.ə) və Əlinin (ə) nikah mərasimində minbərə çıxaraq xütbə oxuyaraq dedi: Allah Mənə Fatiməni (s) Əli (ə) ilə evləndirməyi əmr etdi və o da buna razılıq verdi.[3]
İmam Əlinin (ə) Fatimə (ə) ilə birlikdə yaşadığı müddətdə ondan başqa buri ilə evləndiyi qeyd edilməmişdir. Hicri 5-ci əsrin şiə alimlərindən olan Şeyx Tusi rəvayət edir ki, Allah Həzrət Fatimənin (s.ə.) sağlığında İmam Əlinin (ə) başqa qadınlarla evlənməsini haram buyurmuşdur.[4]
Evlilik tarixi
Əli (ə) ilə Fatimənin (s.ə) nikah tarixi haqqında fikir ayrılıqları var:
- Zilhiccə ayının birinci günü nikah və hicri qəməri 2- ci il, zilhiccə ayının 6- cı günü evlilik.[5] “Əl-Misbah Kəfami” kitabında (qəməri təqvimi ilə 9-cu əsrdə yazılmışdır), Zilhiccə ayının 1- i Əlinin (ə) Fatimə ilə evləndiyi gün kimi də qeyd olunur.[6] İran İslam Respublikasının təqvimində bu gün evlilik günü kimi qeyd olunur.
- Hicri qəməri 2- ci il Səfər ayının axırları[7]
- Rəcəb ayında nikah və Əli (ə) Bədr döyüşündən qayıtdıqdan sonra evlilik[8]
- Ramazan ayında nikah və hicri qəmıri ikinci il, Zilhiccə ayında evlilik[9]
- Hicri üçüncü il, Məhərrəm ayının 21-də evlilik[10]
- Səfər ayının sonunda nikah və hicri qəməri ilinin Zilhiccə ayında nikah[11]
- Hicri qəməri 2- ci ilin Rəbiül-əvvəl ayında nikah və evlilik[12]
İslam tarixi tədqiqatçısı Məhəmməd Hadi Yusefi Qəravinin (1327-ci il h.ş təvəllüdlü) dediyinə görə, Fatimə və Əlinin (ə) nikahı ilə evliliyi arasındakı vaxt təxminən on aya yaxın olub. O ehtimal edir ki, Fatimənin əvvəlki elçiləri aydın cavab alsınlar deyə, Peyğəmbər nikah əqdinin icrasını tezləşdirib. Həmçinin toy mərasiminin gecikmə səbəbi isə Fatimənin fiziki cəhətdən böyüməsi və digər qadınların səviyyəsinə çatması idi.[13]
Fatimənin (s.ə) evlilik yaşı
Fatimənin (s.ə) evləndiyi zaman neçə yaşında olması ilə bağlı fikir ayrılığı var. Şiə tərcümə yazarı Seyid Möhsün Əminə (hicri 1371-ci ildə vəfat edib) görə, bu fərq onun doğum tarixi və eyni zamanda evlilik yaşı ilə bağlı fikir ayrılığı ilə əlaqədardır. Məşhur rəyə görə, Fatimə (ə.s) besətin beşinci ilində dünyaya gəlmişdir. Hicri qəməri birinci, ikinci və üçüncü ildə evlənməsi ilə bağlı fikir ayrılıqları olduğu üçün onun nikah zamanı doqquz, on və ya on bir yaşında olduğu deyilir.[14] Bəzi mənbələrdə Fatimənin (ə.s) evləndiyi zaman yaşı 18,[15] bəzilərində isə on beş yaş beş ay[16] kimi qeyd edilir. Həmçinin, hicri qəməri 5-ci əsrin səhabələrin həyatı ilə bağlı mənbələrdən biri olan “əl-İstiyab” kitabında İmam Əlinin (ə) izdivac zamanı 21 yaşı olduğu qeyd edilmişdir.[17]
Mehriyyə və cehiz
Rəvayətlərdə Həzrət Fatimənin (s.ə) mehriyyəsinin on iki yarım oqiyə (bir oqiyə 40 dirhəmdir),[18] 500 dirhəm, 480 dirhəm və ya 400 misqal gümüş[19] olduğu bildirilir. Mühəddis İbn Şəhr Aşuba (h.q 488-588) görə daha düzgün rəvayət 500 dirhəmdir.[20] O, bu fərqin səbəbinin Həzrət Fatimənin (s.ə) mehriyyəsinin Yəmən kətanı, aşılanmamış dəri, ətirli bitki, başqalarına görə isə zireh və aşılanmamış qoyun yaxud dəvə dərisi olaraq qeyd olunduğu rəvayətlərdə görürdü.[21]Peyğəmbərin (s) zövcələri və qızlarının mehriyyəsi olan 500 dirhəm Məhrüs-sünnə adlanır. Mehrüs-sünnə[22] təxminən 1500 qram xalis gümüşə bərabərdir.[23]
Şeyx Tusi "Əmali" kitabında nəql etdiyinə görə, İmam Əli (ə) zirehini satdı[24] və Peyğəmbər (s) pulun bir hissəsini Bilal Həbəşiyə verdi ki, Fatiməyə ətir hazırlasın.[25] Yerdə qalan pulu isə gündəlik yaşayış üçün lazım olan əşyaları alması üçün, Əmmar Yasir və bir neçə səhabəyə verdi.[26] Həmçinin Həzrət Fatimənin (s.ə) cehizləri arasında Həzrət Zəhranın (ə) toy gecəsi bir kasıbın xahişi ilə ona hədiyyə etdiyi, özünün də işlənmiş, köhnə bir libas var idi.[27]
Vəlimə və yaşayış yeri
Şeyx Tusinin “Əmali” əsərində nəql etdiyi rəvayətə əsasən, Peyğəmbər (s) və Əli (ə) vəlimə verdilər. Peyğəmbər ət və çörək, Əli isə xurma və yağ hazırladı. Vəlimədən sonra Peyğəmbər (s) Fatimənin (s.ə) əlini, Əlinin (ə) əlinə qoydu və hər ikisini öz evlərinə göndərdi. Sonra onların yanına gedib dua etdi ki, Allah onların nəslinə bərəkət versin.[28]
Tarixi mənbələrə görə, İmam Əli (ə) və Həzrət Fatimənin (s.ə) evi onların evliliyindən bir neçə gün sonra Peyğəmbərin (s) evinin qoşuluğuna köçürülmüşdür. Çünki Peyğəmbərin (s) Fatimədən (s.ə) uzaq olması çətin idi. Peyğəmbər (s) əvvəlcə ikisini öz evində yerləşdirməyə çalışdı, lakin səhabələrdən olan Harisə ibn Numan Peyğəmbərin qonşuluğunda olan evini Əli (ə.s) və Fatimənin (s.ə) evi olaraq onların ixtiyarına verdi.[29]
- Həmçinin baxa bilərsiniz: Həzrət Fatimənin (s) evi
İstinadlar
- ↑ İbn Səd, Ət-təbəqatul-Kübra, h.q 1410, c.8, s.16; Şeyx Tusi, Əl-Əmali, h.q 1414, s.40; Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.160-161
- ↑ Yəqubi, Tarixul-Yəqubi, Daru Sadir, c.2, s.41
- ↑ İbn Şəhr Aşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.3, s.350
- ↑ Şeyx Tusi, Əl-Əmali, h.q 1414, s.43
- ↑ İbn Şəhr Aşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.3, s.357
- ↑ Kəfəmi, Əl-Misbah, h.q 1405, s.514
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.2, s.410
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.8, s.18; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.11, s.597
- ↑ İrbili, Kəşful-ğummə, h.q 1381, c.1, s.364
- ↑ İbn Tavus, İqbalul-əmal, h.q 1409, c.2, s.584
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.19, s.192-193
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.19, s.193
- ↑ Yusifi Ğərəvi, Tarixe təhqiqi İslam, h.ş 1383, c.2, s.250
- ↑ Əmin, Əyanuş-şiə, h.q 1403, c.1, s.313
- ↑ Təbəri, Tarixul-uməmu vəl-muluk, h.q 1387, c.11, s.598
- ↑ İbn Əbdür Birr, Əl-İstiab, h.q 1412, c.4, s.1893
- ↑ İbn Əbdür Birr, Əl-İstiab, h.q 1412, c.4, s.1893
- ↑ Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.160-161
- ↑ İbn Şəhr Aşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.3, s.351
- ↑ İbn Şəhr Aşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.3, s.351
- ↑ İbn Şəhr Aşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.3, s.351
- ↑ Şeyx Səduq, Əl-Muqənnə, h.q 1415, s.302
- ↑ Məsudi, Pejuheşi dər bareye Mehrüs-sünnə, s.114
- ↑ Şeyx Tusi, Əl-Əmali, h.q 1414, s.40
- ↑ Şeyx Tusi, Əl-Əmali, h.q 1414, s.41
- ↑ Şeyx Tusi, Əl-Əmali, h.q 1414, s.41
- ↑ Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.10, s.401
- ↑ Tusi, Əl-Əmali, h.q 1414, s.42-43
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.8, s.18
Ədəbiyyat
- İbn Səd, Ət-Təbəqatul-kübra, Təhqiq: Məhəmməd Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1410\m.1990
- İbn Şəhr Aşub, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Qum, Əllamə nəşri, h.q 1379
- İbn Tavus, Əli ibn Musa, İqbalul-əmal, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1409
- İbn Əbdül-Berr, Yusif ibn Abdullah, Əl-İstiab fi mərifətil-əshab, Beyrut, h.q 1412\m.1992
- İrbili, Əli ibn Musa, Kəşful-ğummə fi mərifətil-Əimmə, Düzəliş: Seyyid Haşim Rəsuli Məhəllati, Təbriz, Bəni Haşim, h.q 1381
- Əmin, Seyyid Möhsin, Əyanuş-şiə, Təhqiq: Seyyid Həsən Əmin, Beyrut, h.q 1403
- Həsəni, Haşim məruf, Siyrətu-əimmətil-İsna əşər, Nəcəf, Əl-Məktəbətul-Heydəriyyə, h.q 1382
- Şüştəri, Nurullah ibn Şərifud-din, İhqaqul-həqq və izhaqul-batil, Qum, h.q 1409
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Əmali, Qum, h.q 1414
- Səduq, Məhəmməd ibn Əli, Əl-Muqənnə, Qum, İmam Mehdi (ə.f) müəssisəsi, h.q 1415
- Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, Qum, Alul-Beyt (ə), h.q 1417
- Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, Beyrut, h.q 1387\m.1967
- Kəfəmi, İbrahim ibn Əli, Əl-Misbah, Qum, Darur-Riza, 2-ci çap, h.q 1405
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
- Məsudi, Əbdü-Hadi, Pejuheşi dərbareye Mehrus-sunnə, Quran və Hədis baxımından ailənin möhkəmlənməsi toplusunda, Qum, Darul-hədis, 2-ci çap, h.ş 1389
- Yəqubi, Tarixul-Yəqubi, Beyrut, Daru Sadir
- Yusifi Ğərəvi, Məhəmməd Hadi, Tarixe təhqiqe İslam, Qum, Enteşarate Muəssise İmam Xomeyni, h.ş 1383