Taslim:İmam Əlinin (ə) şəhadəti

İmam Əlinin (ə) şəhadəti (ərəbcə: استشهاد الإمام علي عليه السلام) hicri birinci əsrin mühüm hadisələrindəndir və şiələrin vəziyyətinə dərin təsir göstərmişdir. Onun şəhadəti ilə şiələrin qətli və təqibi genişləndi, İmam Əlinin (ə) ordusu isə dağınıq vəziyyətə düşdü. Həzrət Əlinin (ə) şəhadətindən sonra Kufə əhalisi arasında müxtəlif meyllər, fikir ayrılıqları və gizli kinlər üzə çıxdı. İmam Əlinin (ə) bəzi səhabələri Kufə ordusunu, çobanını itirmiş bir sürüyə bənzədirdilər ki, canavarlar hər tərəfdən ona hücum edir.
Xəvaricin bir qismi həcc mərasimindən sonra bir yerə toplaşaraq müsəlmanların vəziyyətindən şikayətləndilər. Nəticədə üç nəfər qərara gəldi ki, Həzrət Əlini (ə), Müaviyəni və Əmr ibn Ası öldürsünlər. İbn Mülcəm Həzrət Əlini (ə) öldürməyi öz öhdəsinə götürdü. İmam Əli (ə) Ramazan ayının on doqquzuncu gecəsi qızı Ümmü Külsümün evində qonaq idi. Sübh azanından əvvəl Kufə məscidinə getdi. Məsciddə yatanları, o cümlədən İbn Mülcəmi namaza durmaları üçün oyatdı və mehrabda namaz qılmağa başladı.
İbn Mülcəm səcdə zamanı və ya səcdədən qalxarkən İmam Əlinin (ə) başına qılıncla zərbə endirdi. Həzrət Əlini (ə) evə apardılar və Əsir ibn Əmr adlı mahir bir həkim onu müayinə etdi. Əsir ibn Əmr, tabiinlərdən biri idi. O, zərbənin beynə çatdığını anlayınca İmam Əliyə (ə) vəsiyyət etməsini tövsiyə etdi; çünki çox yaşamayacağını bildirdi. İmam Əli (ə) şəhadətindən əvvəl dəfələrlə huşunu itirirdi. Namazını oturaraq qılır və övladlarına ünvanladığı vəsiyyətlərini bildirirdi.
İmam Əlini (ə) İmam Həsən (ə), İmam Hüseyn (ə), Məhəmməd Hənəfiyyə və Abdullah ibn Cəfər qüsl etdilər. İmam Həsən (ə) o Həzrətin cənazə namazını qıldı. İmam Əlini (ə) gecə vaxtı dəfn etdilər. Dəfn yeri Xəvaricin o Həzrətin qəbirini açmaq ehtimalı və Bəni‑Üməyyənin düşmənçiliyi səbəbilə gizli saxlanıldı. Nəhayət, Bəni‑Abbasın dövründə İmam Sadiq (ə), İmam Əlinin (ə) qəbrinin yerini hamıya aşkar etdi.
İmam Əlinin (ə) şəhadətinin şiələrin vəziyyətinə təsiri

İmam Əli (ə) hicrətin 40-cı ilinin Ramazan ayında şəhid oldu.[1] Onun şəhadəti elə bir dövrə təsadüf edirdi ki, çoxsaylı çətinliklər mövcud idi; ordusu İmam Əliyə (ə) tam itaət göstərmirdi və onunla birlikdə hərəkətdə süstlük edirdi. Bunun əksinə olaraq, Müaviyənin başçılıq etdiyi Şam ordusu xeyli güclənmişdi.[2] Bu dövrdə Müaviyə vəziyyətdən xəbərdar olaraq İmam Əlinin (ə) hakimiyyəti altındakı bölgələrə hücum edir, onun tərəfdarlarını və şiələri öldürür, talan edirdi.[3]
İmam Əli (ə) Şama doğru hərəkət edib Müaviyə ilə döyüşmək üçün ordu hazırlamaqla məşğul idi ki, İbn Mülcəm tərəfindən zərbə aldı.[4] Həzrət Əlinin (ə) şəhadəti Kufə ordusunda parçalanmaya səbəb oldu. İmam Əlinin (ə) səhabələrindən biri olan Nof Bəkali nəql edir ki, ordu Şama doğru hərəkət etməyə hazırlaşdığı bir vaxtda Həzrət Əli (ə) zərbə aldı və əsgərlər Kufəyə geri döndülər. Nof, İmam Əlinin (ə) ordusunun həmin dövrdəki vəziyyətini çobanını itirmiş bir sürüyə bənzədir ki, canavarlar hər tərəfdən onları aparır.[5]
İmam Əlinin (ə) şəhadətindən sonra Kufə əhalisi İmam Həsənə (ə) beyət etdi; lakin bəzi tədqiqatçıların fikrincə, Kufənin reallığı müxtəlif meyllər, fikir ayrılıqları və gizli kinlərin üzə çıxmasından ibarət idi. Buna görə də İmam Həsənin (ə) ordusu Şam ordusuna qarşı müqavimət göstərmək gücündə deyildi.[6] Şiənin tarix üzrə tədqiqatçısı Ayətullah Sübhaninin fikrincə, İmam Əlinin (ə) şəhadəti İslam cəmiyyətinə ağır zərbə vurdu və düşmənlərin şiələrə qarşı qətl, təcavüz və əzab-əziyyətlərini başlatmalarına səbəb oldu.[7] İmam Əinin (ə) şəhadətindən və İmam Həsənin (ə) qısa hakimiyyətindən sonra şiələr üçün ən çətin dövr olan Bəni‑Üməyyə hakimiyyəti başladı.[8] Müaviyənin hakimiyyətə tam sahib olması ilə şiələrin vəziyyəti son dərəcə ağırlaşdı; İbn Əbil-Hədid nəql edir ki, şiələr harada olurdularsa, ya öldürülür, ya əlləri‑ayaqları kəsilir, ya malları talan edilir, ya da həbs olunurdular.[9]
Şiələr İmam Əlinin (ə) şəhadətinin Ramazan ayının iyirmi birinci gecəsinə təsadüf etməsi – hansı ki, bu gecənin Qədr gecəsi olma ehtimalı var[10] – səbəbilə həmin gecədə əzadarlıq edirlər.[11] İranın bəzi bölgələrində həmin gecə “Qənbər və Həzrət Əli (ə) təziyəsi” adlı mərasim icra olunur.[12] Həmçinin bəzi şiələr bu gecədə ehsan paylayır, iftar və obaşdan süfrələri təşkil edirlər.[13] Ramazan ayının 19 və 21-ci gecələrinin əməllərindən biri də “اللّهمَّ العَن قَتلَةَ اَميرالمُومِنين” “İlahi, Əmirəl‑mömininin qatillərinə lənət et” zikrinin yüz dəfə təkrar edilməsidir.[14]
İmam Əlinin (ə) öz şəhadətindən xəbərdar olub‑olmaması
Əsas məqalə: İmamların öz şəhadətindən xəbərdar olması
Bəzi rəvayətlərə əsasən, İmam Əli (ə) şəhadətinin vaxtı və necə baş verəcəyi də daxil olmaqla, öz şəhadətinin təfərrüatlarından xəbərdar idi.[15] Şiənin dörd əsas kitabından biri olan əl‑Kafidə “İmamlar nə vaxt öləcəklərini bilirlər” başlığı altında bu mövzuya dair rəvayətlər yer alır.[16] Şeyx Müfid, Əllamə Hilli və Seyid Mürtəza da öz əsərlərində bu məsələdən bəhs etmişlər.[17] Şiə mütəkəllimi Şeyx Müfid (vəfatı 413 h.q.) bu mövzudakı rəvayətlərin mütəvatir olduğunu bildirir.[18] Şeyx Müfid, “Əgər imamlar, o cümlədən İmam Əli (ə), şəhadətlərinin vaxtını bilirdilərsə, niyə özlərini qoruyub ölümdən uzaq tutmadılar?” sualına iki ehtimalla cavab verir:
- Ola bilsin ki, onların şəhadətlərinin vaxtı, yeri və qatilləri barədə biliyi tam və detallı olmayıb.
- Əgər şəhadətin bütün təfərrüatlarını bilirdilərsə, bəlkə də onların vəzifəsi səbir etmək idi.[19]
Seyid Mürtəza (vəfatı 436 h.q.) – digər böyük şiə kəlamçısı – belə hesab edir ki, İmam Əli (ə) şəhadətinin necə baş verəcəyini və qatilini bilirdi; lakin şəhadətin dəqiq vaxtını bilmirdi. Çünki bilsəydi, qətlin qarşısını almaq onun üçün vacib olardı.[20]
“İmamın şəhadətin zamanını bilməsi və bunun ismətlə zidd olması şübhəsi” adlı məqalənin müəllifinin fikrincə, imamların şəhadətə razılıq verdikləri hallarda bu, “nəfsi qorumaq” hökmünə zidd deyil. Müəllifə görə, imamların bu biliyi adi yollarla əldə olunmuş bilgi deyil; buna görə də belə bir bilik bəzən təklif doğurmaya bilər. Hətta təklif doğursa belə, imamların cəmiyyətin xeyri və ümumi məsləhət naminə xüsusi bir vəzifə daşıdıqları ehtimal olunur və onlar həmin vəzifəni yerinə yetirmişlər.[21] İmam Rzadan (ə) nəql olunan bir rəvayətdə bildirilir ki, İmam Əli (ə) Ramazan ayının on doqquzuncu gecəsində ilahi təqdirə təslim olmağı qəbul etmişdi.[22] “Üsuli Kafi”nin şərhçilərindən olan Molla Saleh Mazandarani, İmam Rzanın (ə) bu sözündəki “خُيِّر فيها بين البقاء و اللقاء فاختار اللقاء ليمضى تقدير اللّه تعالى” ifadəsini belə izah edir: İmam Əli (ə) Ramazanın on doqquzuncu gecəsi dünyada qalmaqla Allahla görüş arasında seçim qarşısında qaldı və ilahi təqdirin həyata keçməsi üçün Allahla görüşü seçdi. Mazandarani əlavə edir ki, əgər bu seçim ilahi əmr və razılıqla olarsa, bu iş nəinki caiz, hətta vacibdir; necə ki, İmam Hüseyn (ə) də belə etmişdi və biz də düşmənlə cihad zamanı eyni yolu tuturuq.[23]
Qətamın İmam Əlinin (ə) şəhadətində rolu
Tarixi mənbələrin məlumatına görə, Qətam bint Şəcnə İmam Əlinin (ə) şəhadətində rol oynamışdır. O, İbn Mülcəmin evlilik təklifinə cavab olaraq öz mehrini min dirhəm, bir kəniz, bir qul və Həzrət Əlini (ə) öldürmək kimi müəyyən etmişdi.[24] İbn Mülcəm bu şərtləri qəbul edərək Qətamla evləndi.[25] Qətamın atası[26] və qardaşları[27] Nəhrəvan döyüşündə öldürülmüşdülər.
Hicri 39-cu ildə həcc mərasimi zamanı İmam Əlinin (ə) nümayəndəsi ilə Müaviyənin nümayəndəsi arasında ixtilaf yarandı. Həccdən sonra bir qrup xəvaric Məkkədə toplaşaraq bu iki tərəfin Kəbənin hörmətini qoruyub saxlamadıqlarını söylədilər.[28] Onlar müsəlmanların vəziyyətindən şikayət edir və Nəhrəvan döyüşündə öldürülən tərəfdarlarını yada salırdılar.[29] Nəticədə üç nəfər İmam Əlini (ə), Müaviyəni və Əmr ibn Ası öldürmək üçün and içdi. İbn Mülcəm əl‑Muradi İmam Əlini (ə) öldürməyi öz öhdəsinə götürdü.[30] İbn Mülcəm hicri 40-cı ilin Şaban ayının iyirmisində Kufəyə daxil oldu[31] və orada Qətamla tanış oldu.[32]
İmam Əlinin (ə) zərbə alması

İmam Əli (ə) Ramazanın on doqquzuncu gecəsi iftar etmək üçün qızı Ümmü Külsümün evində qonaq idi.[33] Şiə tarixçisi Rəsul Cəfərian bildirir ki, həm Əhli‑beyt (ə), həm də əhli‑sünnə mənbələrində həmin gecə İmam Əlinin (ə) xüsusi mənəvi halını göstərən çoxlu rəvayətlər nəql olunmuşdur.[34] Əhli‑sünnə tarixçisi İbn Əsir “əl‑Kamil” əsərində[35] və “Kafi” kitabındakı bir rəvayətdə[36] nəql olunur ki, İmam Əli (ə) zərbətləndiyi gecə evdən çıxarkən qazlar onun qarşısına gəldilər və onları qovduqları zaman İmam (ə) buyurdu: “Onları buraxın, onlar nalə çəkirlər.” Əllamə Məclisi “Kafi” kitabındakı bu rəvayəti zəif hesab etmişdir.[37]
Əllamə Məclisinin Biharul‑ənvarda nəql etdiyinə görə, İmam Əli (ə) məscidə getdi və azan verilən yerdə özü azan dedi.[38] Məsciddə yatanları namaza durmaları üçün oyatdı. İbn Mülcəmi də ki, məsciddə üzüstə yatmışdı oyadıb belə yatmağı qadağan etdi.[39] Sonra mehrabda namaza başladı. İbn Mülcəm İmam Əlinin (ə) səcdədə olduğu zaman[40] və ya səcdədən qalxarkən[41] başına qılıncla zərbə endirdi.[42] Bəzi rəvayətlərə görə isə Həzrət Əli (ə) məscidə daxil olarkən hücuma məruz qalmışdır.[43] İbn Mülcəmi Şəbib ibn Bəcrə Əşcai[44] və Vərdan[45] adlı şəxslər müşayiət edirdilər. Zərbədən sonra İbn Mülcəm belə dedi: “Hökm yalnız Allaha məxsusdur, nə sənə, nə də tərəfdarlarına.”[46] Bir rəvayətdə bildirilir ki, İmam Əli (ə) zərbə aldıqdan sonra Cəbrail Allaha and içərək dedi ki, hidayətin sütunları dağıldı, göyün ulduzları və təqva nişanələri sönük qaldı.[47] Lakin bu rəvayət qədim mənbələrdə mövcud deyil və yalnız bəzi müasir mənbələrdə[48] nəql olunmuşdur.
Əlavə olaraq baxa bilərsiniz: İmam Əlinin (ə) zərbətləndiyi gecə
Fuztu və Rabbil‑Kəbə
Əsas məqalə: Fuztu və Rabbil‑Kəbə
Hicri 3-cü əsr tarixçisi İbn Quteybə Dinəvəriyə görə, İmam Əli (ə) zərbə aldıqdan sonra belə buyurdu:
«فُزْتُ وَ رَبِّ الْکَعْبَه» – “Kəbənin Rəbbinə and olsun ki, səadətə çatdım.”[49] Bu ifadəni şiə alimlərindən Seyid Rəzi,[50] İbn Şəhr Aşub[51] və əhli‑sünnə alimlərindən İbn Əsir[52] və Bəlazəri[53] də nəql etmişlər.
İbn Əbil‑Hədidin dediyinə görə, İmam Əli (ə) zərbə aldıqdan sonra Kufənin həkimləri o Həzrəti müayinə etmək üçün toplaşdılar.[54] Əsir ibn Əmr İmam Əlinin (ə) başındakı yaraya baxdıqdan sonra zərbənin beynə çatdığını müəyyən etdi və İmama (ə) vəsiyyət etməsini tövsiyə etdi; çünki çox yaşamayacağını bildirdi.[55]
Ustad Mütəhhərinin "Azadi mənəvi" kitabından: Peyğəmbərdən (s) sonra belə bir bəndəlik və Allaha belə bağlılıq nümunəsi ilə rastlaşmırıq. Təxmin ediblər ki, Əlinin (ə) zərbətlənməsindən vəfatına, yəni ruhunun mələkut aləminə getdiyi ana qədər təxminən 45 saat vaxt olub. Məncə, bu 45 saat Əlinin (ə) həyatının ən heyrətamiz dövrlərindən biridir. İnsan məhz bu 45 saat ərzində Əlinin şəxsiyyətini daha aydın görür. Əlinin yəqinliyi və imanı bu 45 saat ərzində başqalarına aşkar olur.Onun öz nəzərində isə bunlar elə anlar və saatlar idi ki, sanki mükafatını artıq almışdı, yarışını sona çatdırmışdı və böyük fəxrlə Rəbbinin hüzuruna getmək istəyirdi. Əli tamam başqa bir şəxsiyyətdir.
Əmirəl-mömininin elə həmin 45 saat ərzində söylədiyi çox gözəl ifadələrdən biri budur:
«Vəllahi, məni heç vaxt nifrət etdiyim bir ölüm hadisəsi qəfil yaxalamayıb və tanımadığım bir ölümlə qarşılaşmamışam. Mən yalnız öz məqsədinə çatmış bir yolçu və axtardığını tapmış bir axtaran kimiyəm.»
Digərləri çox narahat və iztirab içində idilər, göz yaşı tökür, ağlayırdılar. Amma Əli (ə) sevinc və rahatlıq içində idi.
وَ اللّٰهِ ما فَجَأَنى مِنَ الْمَوْتِ وارِدٌ كَرِهْتُهُ وَ لا طالِعٌ اَنْكَرْتُهُ و ما كُنْتُ اِلاّ كَقارِبٍ وَرَدَ وَ طالِبٍ وَجَدَ Buyurdu:
«Allaha and olsun, əgər ölsəm, buna heç bir narazılığım yoxdur, zərrə qədər belə kədər və ikrah hiss etmirəm. Bu, mənim üçün tanımadığım bir şey deyildi; tanımadığım bir qonaq deyildi. Əksinə, çoxdan tanıdığım bir qonaq idi.»
Sonra buyurdu:
«Bilirsiniz, mənim misalım kimə bənzəyir? Mən öz məqsədinin və sevgilisinin ardınca gedən və nəhayət onu tapan bir aşiqə bənzəyirəm. Mənim misalım qaranlıq bir gecədə su axtarmağa çıxan və qəfildən suyu tapan susuz insan kimidir. O, suyu tapanda necə də sevinər!»[56]
İmam Əlinin (ə) zərbə aldıqdan sonrakı vəsiyyətləri

İmam Əlidən (ə) zərbə aldığı andan şəhadətinə qədər müxtəlif sözlər və vəsiyyətlər nəql olunmuşdur. Bu müddətdə İmam tez‑tez huşunu itirirdi.[57] Namazını oturaraq qılır və övladlarına ünvanladığı vəsiyyətlərini bildirirdi.[58] O Həzrətin İmam Həsən (ə) və İmam Hüseynə (ə) ünvanladığı xüsusi vəsiyyəti isə Nəhcül‑Bəlağədə qeyd olunmuşdur.[59] Bu günlərdə İmam ölüm haqqında da müxtəlif kəlamlar söyləmişdir.[60] İmam Əli (ə) hicrətin 40-cı ilinin Ramazan ayının 21-də şəhid oldu.[61] Bəzi tarixi mənbələr onun şəhadəti üçün başqa tarixlər də qeyd etmişlər.[62]
İbn Mülcəmin qisası barədə vəsiyyət
İmam Əli (ə) vəsiyyət etdi ki, İbn Mülcəmə yalnız bir zərbə vurulsun.[63] Əgər həmin zərbə nəticəsində ölərsə, onun cəsədi müslə (əzaları kəsməklə insanı eybəcər hala salmaq) edilməsin.[64] Bəzi mənbələrə görə, İmam Əli (ə) İbn Mülcəmin düzgün şəkildə saxlanılmasını, ona yemək və su verilməsini də tapşırmışdı.[65] Lakin bəzi rəvayətlərdə bildirilir ki, İmam Həsən (ə) tərəfindən qisas icra edildikdən sonra[66] insanlar İbn Mülcəmin cəsədini yandırmışlar.[67] Digər bəzi mənbələrdə isə onun müslə edilməsi barədə məlumatlar mövcuddur.[68]
Dəfn edilməsi
İmam Əlini (ə) İmam Həsən (ə), İmam Hüseyn (ə), Məhəmməd Hənəfiyyə və Abdullah ibn Cəfər qüsl etdilər.[69] İmam Həsən (ə), Həzrət Əlinin (ə) cənazəsinə meyit namazı qıldı.[70] Əli (ə) gecə vaxtı dəfn edildi və qəbrin yeri gizli qalsın deyə dəfn üçün bir neçə yer hazırladılar.[71] İmam Əlinin (ə) dəfn yeri xəvariclər tərəfindən qəbrin açılmasının[72] və Bəni‑Üməyyənin düşmənçiliyinin[73] qarşısını almaq üçün gizli saxlanıldı. Yalnız az sayda şiə dəfn yerini bilirdi. Bəni‑Abbasın hakimiyyəti dövründə isə İmam Sadiq (ə) qəbrin yerini hamıya aşkar etdi.[74] İmam Əlinin (ə) dəfn olunduğu yer ki, bu gün Nəcəf şəhəridir, mənbələrdə müxtəlif adlarla qeyd olunmuşdur[75] və şiələr arasında bu yer barədə ittifaq mövcuddur.[76]
Əlaqəli məqalələr
İstinadlar
- ↑ İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, c.8, s.130
- ↑ İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, c.7, s.323
- ↑ Cəfəriyan, Həyate Siyasi və fikriye İmamane şie, s.53-54
- ↑ Cəfəriyan, Həyate Siyasi və fikriye İmamane şie, s.110
- ↑ Nəhcül-bəlağə, s.264
- ↑ Nəsiri Rəzi, Tarixe təhlili sədre İslam, s.191
- ↑ Sübhani, Əş-Şiətu fi məvkibit-tarix, c.1, s.22
- ↑ Nəsiri Rəzi, Tarixe təhlili sədre İslam, s.135
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, c.11, s.43
- ↑ Məclisi, Miratul-uqul, c.16, s.381
- ↑ Məcidi Xamne, Şəbhaye qədr dər İran, s.19
- ↑ Məcidi Xamne, Şəbhaye qədr dər İran, s.20
- ↑ Məcidi Xamne, Şəbhaye qədr dər İran, s.21
- ↑ Məfatihul-cinan, s.226
- ↑ Kuleyni, Əl-Kafi, c.1, s.530
- ↑ Kuleyni, Əl-Kafi, c.1, s.258-260
- ↑ Baxın: Rəbbani Qolpayqani və Rəhmanizadə, Elme imam be şəhadət və şubhe nasazqariye an ba ismət, s.105
- ↑ Şeyx Mufid, Əl-İrşad, c.1, s.319
- ↑ Şeyx Mufid, Əl-Məsailul-Əkbəriyyə, s.69-72
- ↑ Seyid Mürtəza, Rəsailuş-şərifil-Mürtəza, c.3, s.131
- ↑ Rəbbani Qolpayqani və Rəhmanizadə, Elme imam be şəhadət və şubhe nasazqariye an ba ismət, s.111
- ↑ Kuleyni, Əl-Kafi, c.1, s.259
- ↑ Mazandarani, Şərhu üsul, c.6, s.37
- ↑ Şeyx Mufid, Əl-İrşad, c.1, s.18-19
- ↑ İbn Qüteybə, Əl-İmamətu vəs-siyasət, c.1, s.180
- ↑ Şeyx Mufid, Əl-İrşad, c.1, s.18
- ↑ İbn Qüteybə, Əl-İmamətu vəs-siyasət, c.1, s.180
- ↑ İbn Qüteybə, Əl-İmamətu vəs-siyasət, c.1, s.179
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, c.6, s.113
- ↑ Zəhəbi, Tarixul-İslam, c.3, s.607
- ↑ Yaqubi, Tarixul-Yaqubi, c.2, s.212
- ↑ Şeyx Mufid, Əl-İrşad, c.1, s.18
- ↑ Hüseyni Mütləq, Şəhide tənha, s.114
- ↑ Cəfəriyan, Həyate Siyasi və fikriye İmamane şie, s.111
- ↑ İbn Əsir, Əl-Kamil, c.3, s.388
- ↑ Kuleyni, Əl-Kafi, c.1, s.259
- ↑ Məclisi, Miratul-uqul, c.3, s.122
- ↑ Məclisi, Biharul-ənvar, c.42, s.281
- ↑ Məclisi, Biharul-ənvar, c.42, s.281
- ↑ Şeyx Tusi, Əl-Əmali, s.365
- ↑ Məclisi, Biharul-ənvar, c.42, s.281
- ↑ İbn Əsəm Kufi, Əl-Futuh, c.4, s.278
- ↑ Təbəri, Tarix-Təbəri, c.5, s.145
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, c.3, s.25-28
- ↑ İbn Xəldun, Tarixi İbn Xəldun, c.2, s.646
- ↑ İbn Xəldun, Tarixi İbn Xəldun, c.2, s.646
- ↑ Məclisi, Biharul-ənvar, c.42, s.282
- ↑ Məclisi, Biharul-ənvar, c.42, s.282
- ↑ İbn Qüteybə, Əl-İmamətu vəs-siyasət, c.1, s.180
- ↑ Seyid Rəzi, Xəsaisul-əimmə, s.63
- ↑ İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, c.2, s.119
- ↑ İbn Əsir, Usdul-ğabə, c.2, s.618
- ↑ Bəlazəri, Ənsabul-əşraf, c.2, s.488
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, c.6, s.119
- ↑ Mədəni Şirazi, Ət-Tirazul-əvvəl, c.7, s.14
- ↑ Mütəhhəri, Azadi mənəvi, s.53
- ↑ Məclisi, Biharul-ənvar, c.42, s.289
- ↑ Məclisi, Biharul-ənvar, c.42, s.290
- ↑ Nəhcül-bəlağə, s.421-422
- ↑ Nəhcül-bəlağə, xütbə 149, s.207
- ↑ Şeyx Mufid, Əl-İrşad, c.1, s.9
- ↑ İbn Xəldun, Tarixi İbn Xəldun, c.2, s.645
- ↑ Müqəddəsi, Əl-Bida vət-tarix, c.5, s.233
- ↑ Nəhcül-bəlağə, s.422
- ↑ Fəttal Nişaburi, Rövzətul-vaizin, c.1, s.137
- ↑ Xəzzaz Razi, Kifayətul-əsər, s.162
- ↑ İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, c.7, s.330
- ↑ İbn Qüteybə, Əl-İmamətu vəs-siyasət, c.1, s.181
- ↑ İbn Qüteybə, Əl-İmamətu vəs-siyasət, c.1, s.181
- ↑ İbn Qüteybə, Əl-İmamətu vəs-siyasət, c.1, s.181
- ↑ Qaidan, Ətabate aliyate İraq, c.1, s.30
- ↑ İbn Qüteybə, Əl-İmamətu vəs-siyasət, c.1, s.181
- ↑ Şeyx Mufid, Əl-İrşad, c.1, s.10
- ↑ Məclisi, Biharul-ənvar, c.42, s.338
- ↑ Qaidan, Ətabate aliyate İraq, c.1, s.32
- ↑ Məclisi, Biharul-ənvar, c.42, s.338
Ədəbiyyat
- Cəfəriyan, Rəsul, Həyate Siyasi və fikriye İmamane şie, Qum, Ənsariyan, m.2002
- Fəttal Nişaburi, Məhəmməd ibn Əhməd, Rövzətul-vaizin və bəzirətul-muttəizin, Qum, Rəzi nəşriyyatı, 1-ci çap, m.1996
- İbn Əbil-Hədid, Əbdül-Həmid Hibətullah, Nəhcül-bəlağənin şərhi, Düzəliş: Məhəmməd Əbəlfəzl İbrahim, Qum, Mərəşi Nəcəfi adına kitabxana, 1-ci çap, m.1983
- İbn Əsəm Kufi, Əhməd ibn Əsəm, Əl-Futuh, Təhqiq: Əli Şiri, Beyrut, Darul-əzva, m.1990
- İbn Əsir, Əli ibn Məhəmməd, Əl-Kamilu fit-tarix, Beyrut, Daru sadir, m.2006
- İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayətu vən-nəhayə, Beyrut, Darul-fikr, m.1986
- İbn Qüteybə, Abdullah ibn Muslim, Əl-İmamətu vəs-siyasət, Təhqiq: Əli Şiri, Beyrut, Darul-əzva, 1-ci çap, 1989
- İbn Xəldun, Əbdür-Rəhman ibn Məhəmməd, Tarixi İbn Xəldun, Təhqiq: Xəlil Şəhadət, Beyrut, Darul-fikr, 2-ci çap, m.1987
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq və düzəliş: Əli Əkbər Ğəffari, Məhəmməd Axundi, Tehran, Darul-kutubil-islamiyyə, 4-cü çap, m.1986
- Məcidi Xamne, Fəridə, Şəbhaye qədr dər İran, Qolestane Quran jurnalı, nömrə 37, 2000-ci il Azər ayı
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, Ət-Təbə vən-nəşr müəssisəsi, 1-ci çap, m.1989
- Məclisi, Məhəmməd Baqir, Miratul-uqul fi şərhi əxbari Alir-Rəsul, Təhqiq və düzəliş: Seyid Haşim Rəsuli, Tehran, Darul-kutubil-İslamiyyə, 2-ci çap, m.1983
- Mədəni Şirazi, Əli Xan ibn Əhməd, Ət-Tirazul-əvvəl vəl-kinazu lima əleyhi min luğətil-ərəbi vəl-muəvvəl, Məşhəd, Alul-beyt li-ihyait-turas müəssisəsi, 1-ci çap, m.2005
- Müqəddəsi, Mütəhhər ibn Tahir, Əl-Bida vət-tarix, Məktəbətus-səqafətid-diyniyyə, Bur Səid, Tarixsiz
- Mütəhhəri, Mürtəza, Azadiye mənəvi, Sədra nəşriyyatı, Tehran, m.2023
- Nəhcül-bəlağə, Təhqiq: Sübhi Saleh, Qum, Hicrət, 1-ci çap, m.1993
- Nəsiri Rəzi, Məhəmməd, Tarixe təhlili sədre İslam, Qum, Nəşre məarif ofisi, m.2005
- Qumi, Abbas, Məfatihul-cinan, Qum, Üsvə, Tarixsiz
- Rəbbani Qolpayqani, Əli və Möhsin Rəhmanizadə, علم امام به شهادت و شبهه ناسازگاری آن با عصمت İmamın şəhadətindən xəbərdar olması və bunun məsumluqla ziddiyyət təşkil etməsi barədə şübhə "kalamislami saytı",
- Seyid Mürtəza, Əli ibn Hüseyn, Rəsailuş-şərifil-Mürtəza, Mehdi Rəcayi və Əhməd Hüseyni Əşkuri, Qum, Darul-Quranil-Kərim, m.1994
- Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad fi mərifəti Hocəcillah ələl-ibad, Qum, Şeyx Mufid konqresi, 1-ci çap, m.1995
- Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-Məsailul-Əkbəriyyə, Əli Əkbər İlahi Xorasani, Qum, Əl-Mutəmərul-aləmi li-əlfiyyətiş-Şeyx Əl-Mufid, m.1995
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Əmali, Qum, Darus-səqafə, 1-ci çap, m.1995
- Sübhani, Cəfər, Əş-Şiətu fi məvkibit-tarix, Qum, Muaviniyyətu şuuniit-təlim vəl-buhus, m.1992
- Təbəri, Məhəmməd ibn Cərir, Tarix-Təbəri, Təhqiq: Məhəmməd Əbəlfəzl İbrahim, Beyrut, Darut-turas, 2-ci çap, m.1967
- Xəzzaz Razi, Əli ibn Məhəmməd, Kifayətul-əsər fin-nəssi ələl-əimmətil-isna əşər, Təhqiq və düzəliş: Əbdül-Lətif Hüseyni Kuhkəməri, Qum, Bidar, m.1980
- Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixul-Yaqubi, Beyrut, Daru sadir, 1-ci çap, tarixsiz
- Zəhəbi, Məhəmməd ibn Əhməd, Tarixul-İslam, Təhqiq: Ömər Əbdüs-Səlam Tədmiri, Beyrut, Darul-kutuil-ərəbi, 2-ci çap, m.1988