Həzrət İbrahimin (ə) imtahan olma ayəsi
Yerləşdiyi surə | Bəqərə |
---|---|
Ayənin nömrəsi | 124 |
Cüz | 1 |
Nazil olma səbəbi | Həzrət İbrahimin (ə) imtahan olunması |
Nazil olma məkanı | Mədinə |
Mövzu | Etiqadi |
Sair | İsmət və İmamət mənsəbi |
Həzrət İbrahimin (ə) imtahan olma ayəsi (ərəbcə: آية الابتلاء) bir neçə sınaqdan sonra Allah tərəfindən İbrahim peyğəmbərin (ə) imamət məqamına ucaldılmasına işarə edir. Şiə alimləri bu ayəni imamın Allah tərəfindən təyin edilməsinin və İmamın məsum olmasının zəruriliyinin Quran dəlillərindən biri hesab edirlər.
Şiə və sünni mütəkəllimləri və təfsirçiləri bu ayə haqqında çoxlu məsələlər bəyan ediblər. Bəziləri deyiblər ki, ayəyə görə Həzrət İbrahimin (ə) tamamladığı “kəlmələr”dən məqsəd İbrahimin (ə) İsmayılı (ə) qurban kəsməsi barəsindədir. Bəziləri bunu bütün əqli və dini vəzifələrlə birlikdə İbrahimin (ə) imtahanı hesab edirdilər. Əllamə Təbatəbainin fikrincə, “kəlmələr”dən məqsəd İbrahimin (ə) Allahla bağladığı əhdlər və onun haqqındakı ilahi imtahanlardır.
Təfsirçilərin “imamət” kəlməsi ilə bağlı təfsirləri də belədir: Siyasi rəhbərlik, batini vilayət, qlobal imamət və nübüvvət.
Ayənin mətni və tərcüməsi
وَإِذِ ابْتَلَىٰ إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ ۖ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا ۖ قَالَ وَمِنْ ذُرِّيَّتِي ۖ قَالَ لَا يَنَالُ عَهْدِي الظَّالِمِينَ
Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: «Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim». (İbrahim) dedi: «Övladlarımdan necə?» Dedi: «Mənim əhd-peymanım zalımlara nəsib olmaz».[1]
(Bəqərə, 124)
"Kəlmələr" ibarətinin müxtəlif təfsirləri
Həzrət İbrahimin (ə) imtahan ayəsinə əsasən, Allah, İbrahimi “kəlmələrlə” imtahana çəkdi. Təfsirçilər “kəlmələr” sözü haqqında bir neçə fikir söyləyiblər:[2]
- Həzrət İbrahimin (ə) oğlu İsmayılı (ə) qurban kəsmək barədə gördüyü yuxusu;
- Təmizlik sahəsində göstərişlər və ya bədən təmizliyi və paklığının on ənənəsi;
- Tövbə surəsinin 112-ci, Əhzab surəsinin 35-ci və Möminun surəsinin 1-dən 9-a qədər olan ayələrində qeyd olunan otuz əxlaqi xüsusiyyət;
- İbrahimin ulduzlara, aya və günəşə pərəstiş edənlərə etiraz etməsi, onun oda atılması, doğma yurdundan hicrət edib oğlu İsmayılı qurban kəsməsi;
- İbrahimi (ə) bütün əqli və dini işlərlə imtahana çəkmək;
- Həcc ayinlərini yerinə yetirmək.[3]
Təbərsi “Məcməul-Bəyan” təfsirində ayədəki “kəlmələr” sözü barədə qeyd olunan bütün ehtimalları ehtiva etdiyinə inanaraq, İmam Sadiqin (ə) bir rəvayətinə də istinad etmişdir ki, ayədə keçən “kəlmələr” sözündən məqsəd Ali əba adlanan beş kimsənədir. Bunlar o şəxslərdir ki, Həzrət Adəmin (ə) tövbəsi onların vasitəsi ilə qəbul oldu.[4]
Əllamə Təbatəbai hesab edir ki, Quranda “kəlmələr” sözünün mənası bəyan edilməsə də, ayənin kontekstindən başa düşülə bilər: “Kəlmələr” Həzrət İbrahimin (ə) Allahla əhd-peymanını və onun imtahana çəkildiyi ulduzlar, bütlər, hicrət və övladını qurban etmək hekayəsi kimi bütün şeyləri ehtiva edir.[5] Onun fikrincə, əgər (fə ətəmməhünnə) feilindəki fail İbrahim olsa, “kəlmələri” (fə ətəmməhünnə) tamamlamağın mənası budur ki, Həzrət İbrahim (ə) Allahın ondan istədiyi hər şeyi etdi. Amma əgər (fə ətəmməhünnə) feilindəki fail Allah olsa, (necə ki, ayənin zahiri də belədir) “kəlmələri” tamamlamağın mənası budur ki, Allah, İbrahimə uğur bəxş etdi və imtahanların öhdəsindən gəlməyə ona kömək etdi.[6]
Həzrət İbrahimin (ə) imamətindən məqsəd nədir?
“İmam” kəlməsi, müxtəlif təfsirləri olan başqa bir kəlmədir:
- Şeyx Tusi “Ət-Tibyan” təfsirində demişdir ki, bu ayədə imamət vilayət və siyasi rəhbərlik mənasınadır. O, vilayət və siyasi rəhbərliyi peyğəmbərlik və risalət məsələsi hesab etmir. Buna görə də o, bütün peyğəmbərlərin nübüvvət məqamından əlavə vilayətə malik olmadığına, lakin bəzilərinin belə bir məqama layiq olduğuna inanır.[7]
- Əllamə Təbatəbainin fikrinə görə, imam o şəxsdir ki, insanlar danışıq və rəftarda ondan itaət edirlər. Həmçinin bu ayədə imamət məqamından məqsəd batini hidayətdir. Bu elə bir məqamdır ki, ona yetişmək varlıq kamilliyinə və çoxlu mübarizələrdən sonra əldə edilən xüsusi mənəvi məqama sahib olmağın tələbidir. Bu, nübüvvət məqamından fərqlidir və buna görə də İmamın camaat üzərində vilayəti vardır.[8]
- Üçüncü qəməri əsrində sünni təfsirçilərindən olan Təbəri “İmamət”i İbrahimin (ə) qlobal imaməti kimi şərh etmişdir. Onun fikrincə, bu ayəyə əsasən, İbrahim (ə) öz əsrinin və başqa dövrlərin və hətta başqa peyğəmbərlərin imamıdır və bütün tövhid ənənələri ona tabe olmalıdır.[9]
- Əhli-sünnənin başqa bir təfsirçisi Fəxr Razi imaməti peyğəmbərliklə eyni təfsir etmişdir.[10]
- Cəfər Sübhani də hesab edir ki, ayədə imamət məqamından məqsəd Həzrət İbrahimin (ə) hərtərəfli nümunə olmasıdır. Onun sözlərinə görə, bu məqam “tərki-əvla” (ən üstün, ən yaxşı əməlin tərk edilməsi) belə etməyənlərə verilir. O deyir ki, bu məqam məsum olmaqdan yüksəkdir və yalnız bəzi peyğəmbərlərin belə bir məqamı olmuşdur.[11]
Ayənin İmamın məsumluğuna dəlalət etməsi
Şiə alimləri “La yənalu əhdiz-zalimin” (Mənim əhdim zalımlara çatmaz) ifadəsinə istinad edərək imamın məsum olmasının zəruriliyi haqqında nəticə çıxarmışlar.[12] Onlar bu ayəyə əsasən, imamın mütləq məsum olması və heç bir günah və haqsızlıq etməməsinə inanırlar. Həzrət İbrahimin (ə) övladlarının belə olmadıqlar üçün, Allah bu cümlə ilə onun övladlarının imaməti barəsindəki istəyini qəbul etmədi.[13]
Şiə alimlərinin nəzərinə bildirilən irad
Bəziləri bu təfsirə irad tutaraq deyiblər ki, zalım birincisi böyük günah etməyən və ikincisi də öz günahından tövbə etməyən kəsdir. Buna görə də tövbə etmiş bir günahkara zalım adı verilmir. Nəticədə, ayə İmamın məsum olmasına dəlalət etmir.[14]
Şiə alimlərinin bu irada cavabı
Şeyx Tusi və Fəzl ibn Həsən Təbərsi bu irada cavab olaraq deyiblər ki, “La yənalu əhdiz-zalimin” cümləsində inkar umumidir. Bu o deməkdir ki, istənilən vaxt istənilən zülmü ehtiva edir. Ona görə də demək olmaz ki, ayənin hökmü zalım olub, tövbə etmiş kimsəni əhatə etmir. Onun sözlərinə görə, bu məsələni nəzərə alsaq, belə bir şəxsin mövzudan çıxarılması üçün başqa dəlilə ehtiyacımız var. Baxmayaraq ki, belə bir dəlil bəyan edilməyib.[15]
Əllamə Təbatəbai də bu irada cavab olaraq demişdir ki, İbrahim (ə) mütləq zülmündən tövbə etməyənlər üçün Allahdan imamət istəməmişdir. Buna görə də onun istəyi ya yalnız heç bir zaman zülm etməyən şəxslər üçün idi, ya da o, etdikləri zülmdən tövbə edənlər üçün də imamət məqamını istədi.[16] Amma Allah, İbrahimin (ə) övladlarının zalım olmalarına görə bu istəyi rədd etdiyi üçün nəticə belə olur ki, bu ayənin hökmü (imamətin verilməməsi) zülm edib sonra tövbə edənləri əhatə edir (yəni zülm edib tövbə edənlərə imamət verilmir).[17]
İstinadlar
- ↑ Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
- ↑ Təbərsi, Məcməul-bəyan, h.q 1408, s.377-378; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1380, c.1, s.436-445
- ↑ Təbərsi, Məcməul-bəyan, h.q 1408, s. 377-378
- ↑ Təbərsi, Məcməul-bəyan, h.q 1408, s. 377-378
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1393, c.1, s.270
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1393, c.1, s.270
- ↑ Şeyx Tusi, Tibyan, h.q 1409, c.1, s. 449
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1393, c.1, s.270-272
- ↑ Təbəri, Cameul-bəyan, h.q 1412, c.1, s.610
- ↑ Fəxr Razi, Məfatihul-ğeyb, h.q 1420, c.4, s.36
- ↑ Sübhani, Mənşure cavid, h.ş 1383, c.5, s.235-237
- ↑ Təbərsi, Məcməul-bəyan, h.q 1408, s. 380
- ↑ Təbərsi, Məcməul-bəyan, h.q 1408, s. 380; Fazil Miqdad, Əl-Ləvamiul-İlahiyyə, h.q 1405, s.332-333; Seyyid Mürtəza, Əş-Şafi fil-İmamə, h.q 1407, c.3, s.141
- ↑ Fəxr Razi, Məfatihul-ğeyb, h.q 1420, c.4, s.42; Corcani, Şərhul-məvaqif, h.q 1412, c.8, s.351
- ↑ Şeyx Tusi, Tibyan, h.q 1409, c.1, s. 449; Təbərsi, Məcməul-bəyan, c.1, h.q 1408, s. 202
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1393, c.1, s.274
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1393, c.1, s.274
Ədəbiyyat
- Corcani, Mir Seyyid Şərif, Şərhul-məvaqif, Qum, h.q 1412
- Sübhani, Cəfər, Mənşure cavid, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.ş 1383
- Seyyid Mürtəza, Əli ibn Hüseyn, Əş-Şafi fil-İmamə, Tehran, Əs-Sadiq müəssisəsi, h.q 1407
- Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, h.q 1393
- Təbəri, Məhəmməd ibn Cərir, Cameul-bəyan, Beyrut, Darul-mərifə, h.q 1412
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Beyrut, Darul-mərifə, h.q 1408
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Tibyan, Qum, h.q 1409
- Fazil Miqdad, Miqdad ibn Abdullah, Əl-Ləvamiul-İlahiyyə, Qum, h.q 1405
- Fəxr Razi, Məhəmməd ibn Ömər, Məfatihul-ğeyb, Beyrut, h.q 1420
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Darul-kutubil-İslamiyyə, 41-ci çap, h.ş 1380
Xarici keçid