Şahid ayəsi

wikishia saytından
(Hud surəsinin 17-ci ayəsi səhifəsindən yönləndirilmişdir)
Şahid ayəsi
Ayənin adıŞahid
Yerləşdiyi surəHud
Ayənin nömrəsi17
Cüz12
Nazil olma səbəbiMüşriklərin ittihamlarına qarşı Peyğəmbərin (s) imanını gücləndirmək
Nazil olma məkanıMəkkə
MövzuEtiqadi
Barəsindəİmam Əli (ə) İslam Peyğəmbərinin (s) peyğəmbərlik iddiasının doğruluğunun şahidi idi.
Sairİmam Əlinin (ə) fəzilətlərindən
Başqa ayələr ilə bağlılığıMübahilə ayəsi


Şahid ayəsi - ərəbcə: آية الشاهد (Hud surəsi, ayə 17) Peyğəmbərin (s) peyğəmbərlik iddiasının Quran, əvvəlki müqəddəs kitablar və həqiqi möminlər tərəfindən təsdiq edilməsinə işarə edir. Bu ayə müşriklərin Peyğəmbəri (s) yalançılıqda ittiham etməsindən sonra Peyğəmbərin (s) imanını və əzmkarlığını gücləndirmək üçün nazil olmuşdur.

Şiəsünni rəvayət və təfsir mənbələrində bu ayədəki “şahid” ifadəsindən məqsədin İmam Əli (ə) olduğu bildirilir. Lakin bəziləri bunu Cəbrail, Peyğəmbərin (s) dili və Quran kimi digər nümunələrə tətbiq ediblər. Hakim Həskani “Şəvahidut-Tənzil” kitabında İmam Əlinin (ə) şahid olmasını sübut etmək üçün 16-dan çox rəvayət qeyd etmişdir.

İmam Əlinin (ə) vilayət və xilafətinə dəlil kimi “Şahid” ayəsinə istinad edilmişdir. Çünki ayəyə əsasən, şahid Peyğəmbərin (s) özü olmalıdır və “mübahilə” ayəsinə görə, İmam Əli (ə) Peyğəmbərin (s) özü olaraq tanıdılıb.

“Şahid” ayəsində əvvəlki kitablar arasında yalnız Tövratın adına işarə olunur. Təfsirçilər bu məsələnin dəlilini Quranın nazil olduğu mühitdə yəhudi düşüncələrinin çox yayılması və xristianların Şamat və Yəmən kimi uzaq yerlərdə yaşaması kimi qiymətləndiriblər.

Şahid ayəsinin mətni və tərcüməsi

Hud surəsinin 17-ci ayəsi “Şahid” ayəsi adlandırılmışdır.[1]

أَفَمَنْ كَانَ عَلَىٰ بَيِّنَةٍ مِنْ رَبِّهِ وَيَتْلُوهُ شَاهِدٌ مِنْهُ وَمِنْ قَبْلِهِ كِتَابُ مُوسَىٰ إِمَامًا وَرَحْمَةً ۚ أُولَٰئِكَ يُؤْمِنُونَ بِهِ ۚ وَمَنْ يَكْفُرْ بِهِ مِنَ الْأَحْزَابِ فَالنَّارُ مَوْعِدُهُ ۚ فَلَا تَكُ فِي مِرْيَةٍ مِنْهُ ۚ إِنَّهُ الْحَقُّ مِنْ رَبِّكَ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يُؤْمِنُونَ
Məgər (əməl və etiqadında) öz Rəbbi tərəfindən (Quran kimi) aydın bir dəlil üzərində dayanan, ardınca Allah tərəfindən bir şahidi (məsumun təsdiqi, eləcə də onun Quranın təsdiqi olan möcüzəsi və ağılın hökmü) olan və ondan qabaq Musanın rəhbər və rəhmət olan kitabı olmuş bir şəxs (yalnız gümana və şəkkə əsaslanan bir kəs kimidir)? (Bəli,) bu Qurana iman gətirənlər onlardır. Və dəstələrdən kim ona kafir olsa, onun vədə yeri oddur. Buna görə də, onun barəsində şəkk və tərəddüddə olma. Şübhəsiz, o, sənin Rəbbin tərəfindən olan sabit bir haqdır və lakin insanların çoxu iman gətirmirlər.[2]



(Hud, 17)


Ayənin məzmunu

Əllamə Təbatəbai “Əl-Mizan” təfsirində “Şahid” ayəsini Peyğəmbərin (s) əzmkar və Allahın kitabına imanının möhkəm olmasının əsası hesab edir. Onun sözlərinə görə, bu ayə müşriklərin Peyğəmbərin (s) yalan danışması ilə bağlı ittihamlarına qarşı nazil olmuşdur.[3]

“Məcməül-bəyan” və “Nümunə” təfsirlərində bu ayə üçün iki təfsir qeyd edilmişdir:

  • Birinci təfsirdə Ayənin “əfəmən kənə ələ bəyyinətin min Rəbbihi” hissəsi Peyğəmbərin (s) şəxsiyyətinə tətbiq edir ki, bu da onun peyğəmbərliyinin doğruluğunu üç yolla sübut edir; 1. Quran aydın bir dəlil və sübutdur. 2. Tövrat kimi əvvəlki səmavi kitablar onun əlamətlərini bəyan edirlər. 3. Əli ibn Əbi Talib (ə) kimi fədakar ardıcıllar və həqiqi möminlər bir məktəbin səhihliyinin əlamətlərindən biridir.[4]
  • Başqa bir təfsirdə isə “əfəmən kənə ələ bəyyinətin min Rəbbihi” ifadəsindən məqsəd İslam Peyğəmbərinə (s) açıq və inandırıcı dəlillərlə yanaşı, əvvəlki kitablarda Peyğəmbərin (s) nübüvvətinin doğruluğunun nişanələri ilə iman gətirən və Quranın arxasınca tələsən bütün möminlərdir.[5]

Ayədəki “bəyyinə” sözünün mənası nur kimi çox aydın və parlaq şeylər hesab edilmişdir ki, bu da təkcə özünü işıqlandırmır, həm də onlara birləşən hər şeyi aydınladır.[6]

Şahid kimdir?

Hud surəsinin 17-ci ayəsindəki “şahid” sözündən məqsədin kimin və ya nəyin olduğu barədə təfsirçilər müxtəlif fikirlər söyləmişlər; Bir çox rəvayət kitablarında,[7] şiəsünni təfsirlərində bu ayədə “Şahid”dən məqsədin İslam Peyğəmbərinə (s) ilk iman gətirən İmam Əlinin (ə) olduğu bildirilmişdir.[8]  İmam Əli (ə) bir rəvayətdə özünü ayədəki “şahid”in nümunəsi hesab etmişdir.[9]

Hakim Həskani “Şəvahidut-Tənzil” kitabında İmam Əlinin (ə) şahid olmasını sübut etmək üçün 16-dan çox rəvayət qeyd etmişdir. O cümlədən, Ənəs ibn Malikdən nəql edir ki, “əfəmən kənə ələ bəyyinətin min Rəbbihi” ifadəsindən məqsəd Həzrət Muhəmməd (s) və “və yətluhu şahidun minhu” ifadəsindən məqsəd isə Əli İbn Əbi Talibdir (ə).[10] Bu rəvayətin davamında gəlib ki, Əli (ə) Məkkə əhli əhd-peymanını pozduqları zaman Allah Rəsulunun (s) onlara qarşı dili olmuşdur.[11] Başqa bir hədisdə Həskani İbn Abbasdan nəql edir ki, “və yətluhu şahidun minhu” ayəsindəki “şahid” kəlməsindən məqsədi yalnız İmam Əli (ə) bilirdi.[12]

Qeyd olunan ayədə “şahid” nümunəsi barədə, müsəlman təfsirçiləri arasında başqa fikirlər də vardır. Fəzl ibn Həsən Təbərsinin “Məcməul-bəyan” kitabında söylədiklərinə görə, iki qabaqcıl təfsirçilərdən İbn Abbas və Mücahid, “şahid”dən məqsədin Quranı Peyğəmbərə (s) Allah tərəfindən nazil edən Cəbrail olduğunu bildiriblər. Başqa bir fikrə görə, “şahid”in Peyğəmbərin (s) dili və hərəkətlərinə işarə etdiyi bildirilir ki, Quranı oxumaq üçün vasitədirlər. Bəziləri də “bəyyinə”dən məqsədin əqli dəlil və sübut “şahid”dən məqsədin isə Quran olduğunu bildirmişıər.[13]

Əllamə Təbatəbai başqa fikirləri rədd edərək və bəzi hədislərə istinad edərək,[14] “və yətluhu şahidun minhu” ifadəsini İmam Əliyə (ə) işarə etdiyini bildirir.[15]

İmam Əlinin (ə) vilayət və xilafətinə dəlalət edir

“Şahid” ayəsindən İmam Əlinin (ə) vilayət və xilafət məqamını sübut etmək üçün istifadə edilmişdir. Bəzi tədqiqatçıların fikrincə, bu ayədə “yətluhu” kəlməsi oxumaq deyil, tabe olmaq mənasındadır. Çünki bu ayədəki “yətluhu” və “minhu” ibarətlərindəki zəmirlər “əfəmən” kəlməsinə qayıdır. Nəticə etibarı ilə “minhu” dedikdə, Peyğəmbərlə (s) batini və mənəvi əlaqəsi olan və onun özü olan bir şahid nəzərdə tutulur.[16] Həmçinin müzari (indiki və gələcək zamanadəlalət edən) felinin (yətluhu) davamlılığa dəlalət etdiyinə işarə edərək, onun nəticəsini hər mərtəbədə və hər zamanda şahidin Allah Rəsuluna (s) itaəti hesab etmişdir. Habelə bu sifətlər yalnız Allah Rəsulullahın (s) vəsisinin vilayət və xilafət məqamı ilə sübuta yetiriləcəkdir. Onun nümunəsi də rəvayətlərdə və “Mübahilə” ayəsi kimi ayələrdə İmam Əli (ə) olaraq müəyyən edilmişdir.[17]

Ayədə yalnız Tövrata işarə edilməsinin səbəbi

Şahid ayəsində əvvəlki səmavi kitablar arasında yalnız Tövratın adı çəkilir. Təfsirçilər bunun dəlilini Quranın nazil olduğu mühitdə yəhudi düşüncələrinin çox yayılması və xristianların Şamat və Yəmən kimi uzaq yerlərdə yaşaması kimi qiymətləndiriblər.[18] Başqa bir dəlil də budur ki, Peyğəmbərin (s) sifətlərinə Tövratda daha geniş şəkildə işarə edilmişdir.[19]

İstinadlar

  1. Əllamə Hilli, Nəhcül-Həqq, h.q 1407, s.195
  2. Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
  3. Əllamə Təbatəbai, əl-Mizan, h.q 1390, c.10, s.183
  4. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.5, s.226; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.9, s.51-52
  5. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.5, s.226; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.9, s.53-54
  6. Əllamə Təbatəbai, əl-Mizan, h.q 1390, c.10, s.183
  7. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.190; İbn Həyyun Məğribi, Dəaimul-İslam, h.q 1385, c.1, s.19
  8. Hüveyzi, Nurus-səqəleyn, h.ş 1415, c.2, s.344-346; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.5, s.226-227; Siyuti, Əd-Durrul-mənsur, h.q 1404, c.3, s.324
  9. Hilali, Kitabu Səlim ibn Qeys, h.q 1405, c.3, s.903; İbn Üqdə Kufi, Fəzailu Əmiril-muminin (ə), h.q 1424, s.193
  10. Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.359-370
  11. Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.366
  12. Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.365
  13. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.5, s.226-227
  14. Əllamə Təbatəbai, əl-Mizan, h.q 1390, c.10, s.194-196
  15. Əllamə Təbatəbai, əl-Mizan, h.q 1390, c.10, s.185
  16. Mənsuri və Sadiqi, Vucuhe müxtəlife ədəbi dər ibarəte ağazine ayeye 17 sureye Hud və baztabe an dər təfsire ibarəte şahidun minhu, s.119
  17. Mənsuri və Sadiqi, Vucuhe müxtəlife ədəbi dər ibarəte ağazine ayeye 17 sureye Hud və baztabe an dər təfsire ibarəte şahidun minhu, s.119
  18. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.9, s.56
  19. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.9, s.56

Ədəbiyyat

  • İbn Həyyun Məğribi, Numan ibn Məhəmməd, Dəaimul-İslam, Qum, Alul-beyt (ə) müəssisəsi, 2-ci çap, h.q 1385
  • İbn Üqdə Kufi, Əhməd ibn Məhəmməd, Fəzailu Əmiril-muminin (ə), Qum, h.q 1424
  • Həskani, Übeydullah ibn Abdullah, Şəvahidut-tənzil, Tehran, h.q 1411
  • Hüveyzi, Əbdül-Əli ibn Cümə, Nurus-səqəleyn, Qum, İsmailiyyan müəssisəsi, h.ş 1415
  • Siyuti, Əbdür-Rəhman ibn Əbi Bəkr, Əd-Durrul-mənsur, Qum, h.q 1404
  • Əllamə Təbatəbai, Məhəmməd Hüseyn, əl-Mizan, Beyrut, h.q 1390
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, h.ş 1372
  • Əllamə Hilli, Həsən ibn Yusif, Nəhcül-Həqq, Qum, h.q 1407
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1371
  • Mənsuri və Sadiqi, Vucuhe müxtəlife ədəbi dər ibarəte ağazine ayeye 17 sureye Hud və baztabe an dər təfsire ibarəte şahidun minhu
  • Hilali, Səlim ibn Qeys, Kitabu Səlim ibn Qeys, Qum, Əl-Hadi, h.q 1405